Meriya itlər üçün mal ətindən hazırlanmış 50 min manatlıq yem alır

 03-03-2022

Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumu Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi “Orxan EH” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo.az xəbər verir ki, maliyyə dəyəri 49 950 AZN təşkil edən müqavilədə itlər üçün quru yemin alınması nəzərdə tutulur. Müqavilənin şərtlərindən aydın olur ki, bu məbləğə böyük itlər üçün 11 min, kiçik itlər üçün isə 2400 kiloqram yem alınacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Orxan EH” MMC 21 aprel 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 80, mənzil 61-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Ələsgər Cəlal oğludur.

Açıq mənbələrdə “Orxan EH” MMC və qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Səkkiz ildir fəaliyyət göstərməsinə baxmayaraq, şirkətin nə əlaqə telefonları, nə də veb-səhifəsinə rast gəlinmir.

Yeri gəlmişkən, “Orxan EH” MMC heyvan yemi satışı ilə məşğul olanlara da tanış deyil. “Azərbaycanda it yemi satışı ilə məşğul olan xeyli sayda şirkət var. Lakin belə bir şirkət barədə məlumatım yoxdur”, – deyə analoji işlə məşğul olan sahibkarlardan biri bildirib.

Bənzər yazılar

0.20151805877686