Naxçıvan Universitetinin fəaliyyəti dayandırılır?

 20-10-2023
Naxçıvan Universitetinin fəaliyyəti dayandırılır.
 
Qaynarinfo.az-ın əldə etdiyi məlumatına görə, 1999-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamış Naxçıvan Universitetinin lisenziyası gələn ilin yanvar ayından dayandırılacaq.
 
Buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması olub. Artıq Naxçıvan Universitetinin bütün kollektivinə də universitetin fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdarlıqlar edilib. 
 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən rektorun köməkçisi Vüqar Ələkbərov bildirib ki, bu barədə söhbətlərin gəzməsindən onların da xəbəri var:
 
Vüqar Ələkbərov
 
"Universitetin bağlanması ilə bağlı söz-söhbətlər var. Hələlik bu barədə bizə rəsmi heç bir məlumat verilməyib".
 
Universitetin ilk rektoru İsmayıl Əliyev isə Qaynarinfo-ya məsələ ilə bağlı açıqlama verməkdən yayınıb: 
 
İsmayıl Əliyev
 
"Yol gedirəm, göydən yağış yağır".

Yenisabah.az xəbər verir ki, universitetin rektoru Anar Kazımov iddialara münasibət bildirib. 

O, bu xəbəri dezinformasiya adlandırıb: 

"Bu gün mətbu orqanların birində Universitetimizə verilən lisenziyanın 2024-cü il yanvar ayının 1-dən dayandırılması haqqında məlumatlar paylaşılıb. Təbii ki,  xəbər həvəskarları da yoxlamadan bu xəbəri yaymaqdadırlar. Rəsmi olaraq bildirirəm ki, bu xəbər dezinformasiyadır! Universitetimiz əvvəlki qaydada fəaliyyətin davam etdirir!

Eyni zamanda xəbərdə güya  yoxlamaların aparıldığı və pozuntuların aşkar edilməsi haqqında yazılır. Nə vaxt olub bu yoxlamalar? Hansı qanun pozuntuları aşkarlanıb? 

"Naxçıvan" Universitetinin Məhərrəm Talıbova (Vasif Talıbovun qardaşı-red) nə aidiyyatı olub? Hər kəsə məlumdur ki, təsisçi dəyişikliyi olandan və mən fevral ayında rektor təyin olunandan  sonra əksinə Universitetimizdə şəffaf və dinamik mühit yaranıb, neqativ halalr tamamilə yığışdırılıb, tədrisi müasir tələblərə cavab verən formaya gətirmək üçün xeyli addımlar atılıb. Tələbələrlə mütəmadi görüşlər keçirib və təlklifləri dinlənilir. Yerli və xarici ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadilələrinə start verilib. Sabah 20 oktyabrda Universitetimiz ilə dünya şöhrətli alim Nobel Mükafatçısı Aziz Sancarla Naxçıvanlı tələbələrin və ziyayıların video görüşü olacaqdır. 

Hər kəsdən xahişimiz heç bir rəsmi mənbəyə istinad olmayan xəbərlər paylaşılmasın! 

Universitetimiz hər zaman media, mətbuat nümayəndələrinə  və  ümumiyyətlə cəmiyyətdə hər kəsə açıqdır.  İnanıram ki, biz əməkdaşlığımızı gələcəkdə belə xəbərlərlə deyil, əsaslı və inkişafa tövhə verəcək xəbərlər əssında quracayıq", - o yazıb. 

Məhərrəm Talıbov
 
Qeyd edək ki, 1999-2019-cu ildə universitetin rektoru təhsil ocağının yaradıcısı İsmayıl Əliyev olub. Sonradan ali məktəb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun nəzarətinə keçib. Bu ilin fevral ayında Naxçıvan Universitetinə Anar Kazımov rektor təyin edilib.
 
"Naxçıvan" Universiteti 1994-cü ildən 1999-cu ilə kimi "Naxçıvan" bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. 

Bənzər yazılar

0.36240792274475