Heyvanlarda qorxulu xəstəliklər yayıla bilər... – Aqrar Xidmətlər Agentliyinin 4,6 milyonluq VAKSİN QALMAQALI

 15-03-2022

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilən tender müsabiqəsində ciddi qanun pozuntularına yol verilib.

Bu barədə məlumatı Yeniavaz.com-a satınalmalar üzrə mütəxəssis Hüseyn Hüseynov verib.

Bildirilir ki, ötən ilin sentyabr ayında Aqrar Xidmətlər Agentliyi “Heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Leptospiroz xəstəliyinə qarşı vaksin”lərin satın alınması məqsədilə tender elan edib.

Oktyabr ayının 29-da “Maybo” MMC (VÖEN- 2301756081) tenderin qalibi olub. Aqrar Xidmətlər Agentliyi alınacaq vaksinlər üçün “Maybo” MMC-yə 4 milyon 612 min 735 manat 20 qəpik ödəyəcək. 

Qeyd edək ki, tenderdə “Maybo” MMC ilə birgə daha 2 şirkət və 1 fərdi sahibkar iştirak edib. Maraqlıdır ki, iştirakçılar arasında ən yüksək qiymət təklifini  “Maybo” MMC-nin irəli sürməsinə baxmayaraq qalib seçilib. 

Tender şərtlərində göstərilir ki, qalib şirkət vaksinləri dekabr ayının 31-nə kimi Agentliyə təqdim etməlidir. 


Hüseyn Hüseynov bildirir ki, tələb olunan vaksinlərin bir qismi böyük gecikmələrlə gətirilib, bir qismi isə, yəni qarayara, çiçək, atların rinopnevmaniyasi, atların qripi və quduzluq xəstəliyinə (oral) qarşı vaksinlər isə hələ indiyə qədər ümumiyyətlə gətirilməyib:
Nodulyar dermatit xəstəliyinə qarşı gətirilmiş vaksinin isə pasportundan bəlli olur ki, orijinal ştam deyil.

Bunlardan qarayara xəstəliyinə qarşı peyvəndlənmə döl sezonu nəzərə alınmaqla mütləq yanvar-fevral aylarında heyvanlara vurulmalı, quduzluğa qarşı oral vaksinlər isə isti havada xarab olduğuna görə yalnız soyuq aylarda paylanmalı idi. Saxlama müddətləri məhdud olduğuna görə bu vaksinlər bundan sonra gətirilsə belə istifadə yox utilizasiya edilməlidir.

Korrupsiyanı bir yana qoyaq. Bəs nəyə görə aidiyyatlı qurumlar tərəfindən həyacan təbili çalınmır? Məgər gözlənilməlidir ki, son illərdə olduğu kimi yenə də əsgərimiz qarayara xəstəliyinə yoluxsun? Gözləməliyik ki, hamilə qadınımız qarayaradan vəfat etsin? Gözləməliyik ki, yenədə quduz eşşək insanları dişləsin?”

Bildirilir ki, “Maybo” MMC vaksinləri dekabr ayının sonuunda təhvil verməli olduğu halda təhvil verməyib və bu ilin fevral ayının 1-də Rusiyanın “Heyvan Sağlamlığı Federal Mərkəzi”nə onlardan vaksin almaq istədiklərilə bağlı məktub yollayıb. 

Məsələ ilə bağlı Aqrar Xidmətlər Agentliyinin tenderin keçirilməsinə məsul olan əməkdaşı (tender komissiyasının sədr müavini) Pərvanə Sultanəliyevadan münasibət almaq cəhdimiz baş tutmadı. Telefon zəngimizə cavab verən xanım Pərvanə Sultanəliyevanın köməkçisi olduğunu bildirdi və Pərvanə xanımla danışmaq üçün 10 dəqiqə sonra zəng etməyimizi istədi. 10 dəqiqədən sonra dəfələrlə zəng etməyimizə baxmayaraq telefon zənglərinə cavab verən olmadı. 

“Maybo” MMC-dən isə bildirdilər ki, məsələ ilə bağlı sullarımızı yazılı şəkildə göndərmək lazımdır. MMC-nin verəcəyi açıqlama yazıya əlavə olunacaq...

Müəllif A. Cəfərov

Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.4495108127594