“Qarabağ ermənilərinə bölgədən köç barədə göstəriş veriləndə onlar təbii ki, Azərbaycanın guya “etnik təmizləmə” apardığı və Azərbaycana qarşı təzyiqlərin artırılması üçün bu addımı atdılar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
Siyasi təhlilçi Qarabağ ermənilərinin könüllü əsaslarla bölgəni tərk etməsi məsələsinin pərdəarxası məqamlarına toxunub.
Z.Əlizadəyə görə, əgər ermənilər azərbaycanlılara qarşı törətdikləri vəhşi cinayətlərin acısını və qorxusunu çəkməsəydilər, bölgəni tərk etməzdilər:
“Lakin onlar məhz buna görə bölgədən köçürlər ki, etdiklərinə görə qaçıb canlarını qurtarırlar. Ola bilər ki, onların aralarında qıvraq, çevik, uzaqgörən, fürsətçi adamlar var və onlar fikirləşir ki, bundan istifadə edərək Avropaya köçə bilər. Eləsi də var ki, onların Rusiyada qohumları var və onların yanına köçmək istəyir. Çünki Rusiyada insan qıtlığı var deyə, bu dövlət miqrantları məmnuniyyətlə qəbul edir. Qarabağdan çıxan ermənilər Ermənistanın özündə də yerləşə bilərlər”.
Onun sözlərinə görə, burada əsas səbəb iki xalq arasında etimad mühitinin olmamasıdır:
“Bu biri tərəfdən də onlar bizə qarşı o qədər cinayətlər törədiblər ki, indi bunun acısını çəkirlər. Bu gün BMT rəsmiləri deyir ki, Qarabağda cəmi-cümlətani 1000 nəfər erməni qalıb. Əgər istəsələr, onlar da köçəcəklər. Hətta bildiyimə görə, bir neçə nəfər Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edib ki, onlara da vətəndaşlıq veriləcək və yaşayacaqlar”.
Analitikin fikrincə, növbəti perspektivdə nə erməni, nə də Azərbaycan xalqı üçün dəhşətli fəlakət baş verməyəcək:
“ReAl sədri İlqar Məmmədovun dediyi kimi, hazırda əhali mübadiləsi baş verir. Çünki 1988-ci ildə onlar bütün azərbaycanlıları necə qovmuşdularsa, 2023-cü ildə də Azərbaycan ona nail oldu ki, bütün ermənilər öz xoşları ilə Qarabağdan çıxıb getdilər”.