İşləyən anaların problemi: İş saatında güzəşt olunmalıdır, qanun və mənəvi dəyərlər nə deyir?

 28-09-2023

Təhsil ilinin başlaması ilə iş qadınlarının daha bir problemi başlayır. Uşaqlı işləyən qadınlar övladlarının məktəbə, bağçaya getməsilə bağlı saat problemi ilə qarşılaşır. Ya köməyin olmalıdır, ya da işlədiyin yerin rəhbərliyi sənə bu məsələ ilə bağlı güzəşt etməlidir. Lakin çox hallarda şirkətlər bu güzəştləri etməkdən imtina edir. 

Bəs qanunvericilik nə deyir, bu problem həm də cəmiyyəti maraqlandırdığı üçün burda rəhbərlər empati qurub, sosial dəyərlərlə güzəştə gedə bilərmi?

Valyuta.az məsələni insan resursları üzrə ekspert Nüsrət Xəlilov və sosioloq Mail Yaqubla müzakirə edib.

Nüsrət Xəlilov bildirib ki, belə bir icazə qanunvericilikdə müəyyən olunmayıb. Yalnız müəssisə öz daxili qaydalarında belə icazə müəyyən edə bilər:

“Həmin qaydalarda verilmiş icazə zamanı əmək haqqının tutulub-tutulmaması məsələsi öz əksini tapa bilər. Lakin müəyyən limitlər daxilində və zəruri hallarda belə bir dəyişiklik olsa, yaxşı olar. Əlbətdə ki, işə götürənlərin maraqları qorunmaq şərtilə bu edilməlidir”.

“Bəs işdən bir neçə saatlıq icazə alanda, bu icazə alınmış saatların iş yükü də növbəti günlərə əlavə olunurmu” sualına cavab verən ekspert deyib ki, bu saatların iş yükü digər günlərə əlavə olunmur:

“Qanunla belə hal müəyyən edilməyib".

Sosioloq Mail Yaqub isə deyib ki, burda şirkətləri də qınamaq olmur, çünki bu həm də hüquqi məsələdir:

“Empati duyğusunu şirkət rəhbərliyi, şirkətlərə görə qursaq, paradiqmanı dəyişsək, məsələ başqa cür olacaq. Şirkət rəhbərliyi də deyəcək ki, mən pul verirəm. Bu anaların sayı bir deyil, iki deyil, çoxdur. Ona görə də burda hüququn bazası dəyişməlidir”

Sosioloq bildirib ki, bu çox ciddi problemdir:

“Məsələ parlamentə qədər gedib, orda müzakirə olunmalıdır, qanun layihəsi qəbul edilməlidir. Azərbaycanda belə anaların sayı çoxdur. Qanun dəyişməlidir ki, bu şəraitdə analar üçün iş saatı azalsın, şirkətlər əmək haqqını tam ödəsin, müəyyən güzəştlər edəsinlər. İndiki şəraitdə isə bunu şirkətlərə demək olmur. Bir şirkət rəhbərinin mənəvi dəyərləri olur, empati qura bilir, digər şirkət isə bunu başa düşmür. Biz də onu məcbur edə bilmərik. O bizimlə hüquqi müstəvidə danışacaq. Hüquq olan yerdə başqa məsələlər keçmir".

Mail Yaqub düşünür ki, bu valideynlərə mütləq güzəştlər olmalıdır:

“Həmin valideynlərə birmənalı şəkildə güzəşt olmalıdır. Mən sosioloq kimi maksimum xanımların evdar olmasının tərəfdarıyam. Evdarlıq özü bir işdir, buna ştat açılmalıdır. Bəzi ölkələrdə bu tətbiq olunur. Evdarlıq özü mühüm işdir. İşləyən analara icazə rəhbərliyin iltifatıdır. Mənəvi dəyərlərdə məcburiyyət olmur. Kiməsə güzəşt olunursa, biz onu hüquqiləşdirə bilmirik. Burda iş könül xoşluğu ilə görülür. Biz kiməsə "sən bunu mütləq etmisən" deyə bilmərik. Yaxşılıq içdən gəlir, onu məcburiyyətə sala bilmərik. O vaxt məcburiyyət olur ki, bu hüquqiləşir”. 

Bənzər yazılar

0.16785287857056