IX Qlobal Bakı Forumunun iştirakçıları iyunun 19-da Qarabağ İqtisadi Rayonuna - Füzuli və Şuşa şəhərlərinə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət edirlər.
Füzuliyə səfəri zamanı Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç deyib ki, minalardan təmizləmə prosesinin davam etdiyi ərazilərə baxış əvvəllər burada yaşayan insanların müharibə səbəbindən öz evlərini tərk etmək məcburiyyətində qaldığını düşünməyə vadar edir.
İvaniç bildirib ki, Bosniya və Herseqovinanın minatəmizləmə və məcburi köçkünlərin geri qaytarılması sahəsində lazımi təcrübəsi var. Bosniyalı siyasətçi azad edilmiş ərazilərdə bərpa prosesindən də danışıb:
"İşğaldan sonra bu ərazilər yeni görkəm alır. Yeni yol-nəqliyyat infrastrukturu yaradılır. Ümid edirəm ki, tezliklə buraya həyat qayıdacaq və məcburi köçkünlər azad edilmiş torpaqlara geri dönəcəklər".
Dünya İncəsənət və Elm Akademiyasının sədri Alberto Zukkoni jurnalistlərə bildirib ki, təkcə Füzuli Beynəlxalq Hava Limanı deyil, bütün Azərbaycan çox gözəldir.
O, bu gün Şuşada keçiriləcək panellərdən söz açaraq “İnsan təhlükəsizliyi: Qlobal liderliyin formulu” mövzusunu xüsusi vurğulayıb: "İnsan təhlükəsizliyi bütün dünyada çox önəmlidir. Bu məsələdə hər birimiz fəal olmalıyıq. Hər bir hökumət dərk etməlidir ki, bu, rifah əldə etməyin ən yaxşı yoludur", - Zukkoni qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlayıb.