Antalya Forumunda Cənub Qafqazda sülh perspektivləri müzakirə olunub

 12-03-2022

Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda panel müzakirələri keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

Nazir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçılıq siyasəti həyata keçirməsi nəticəsində uzun illər Cənubi Qafqazda ciddi problemlərin olduğunu vurğulayıb.

C.Bayramov qeyd edib ki, 2020-ci ildə 44 gün davam edən müharibə nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad edib: “Bundan sonra bölgədə yeni vəziyyət yaranıb. Azərbaycan dəfələrlə Ermənistana sülh sazişinin imzalanmasını təklif edib. Ermənistan xalqı məğlubiyyətdən sonra kədər içindədir. Biz Ermənistana qarşı müsbət addımlar atmağa, səmimi olmağa çalışdıq.

Əlbəttə, bu istiqamətdə Türkiyə-Ermənistan əlaqələrinin normallaşması da xüsusi əhəmiyyətə malikdir. Biz diplomatik əlaqələrin bərpası üçün əlimizdən gələni edirik. Qonşuluq əlaqələri regional əməkdaşlıq baxımından çox əhəmiyyətlidir. Avropa Parlamentinin son qətnaməsinə lazımi cavab verilib. Azərbaycan Parlamenti bu məsələyə ciddi reaksiya verib.

Əlbəttə, həmin qətnamə tamamilə əsassızdır. Çünki Azərbaycan 30 il ərzində işğala məruz qalıb. UNESKO-nun məruzələrinə baxsaq, hər şeyi aydın görərik. Biz UNESKO-nun Qarabağa xüsusi missiya göndərməsi ilə bağlı dəfələrlə çağırış etmişik. Əgər qətnamədə deyilənlər doğru olsaydı, biz UNESKO-ya müraciət etməzdik. Bu gün diplomatlar, jurnalistlər gedib Qarabağı görə, dağıntılarla tanış ola bilərlər. Ermənistan işğal dövründə orada Azərbaycanın tarixi, mədəni abidələrini məhv edib.

Fərqli formatlarla işləyirik. Altılıq formatına gəldikdə isə, tərəflər kommunikasiya xətlərinin açılması prosesində maraqlıdırlar. Zəngəzur dəhlizindən Azərbaycan və Ermənistan da faydalanacaq. Həmin dəhliz işə salınarsa, 6 ölkə üçün faydalı olacaq. Bəziləri Gürcüstanın bundan kənar qalacağını deyir. Lakin bu, doğru deyil, Gürcüstan da dəhlizdən istifadə edə biləcək. Zəngəzur dəhlizi həyata keçirilsə, Gürcüstanın bağlı olmadığı İranla birgə dəmir yolu xətti açılacaq”, - nazir vurğulayıb.

 

 

Bənzər yazılar

0.2644350528717