Rusiya-Ukrayna müharibəsi Azərbaycanda fəaliyyət göstərən "Yelo Bank" və "Bank VTB"-yə TƏHLÜKƏ YARADA BİLƏR?!

 12-06-2022

Bildiyiniz kimi əslən Azərbaycanlı olan Vahid Ələkbərov Azərbaycanda fəaliyyət göstərən "Yelo Bank" ASC-nin əsas səhmdarı olan "Topaz İnvestment" şirkətinə nəzarət edir və bir neçə gün əvvəl Vahid Ələkbərov qərbin sanksiyalarına məruz qalıb.

Sanksiyalara səbəb isə ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyalar siyahısını genişləndirməsidir. ABŞ Maliyyə Nazirliyinin Xarici Maliyyə Əməliyyatlarına Nəzarət Ofisinin dərc etdiyi siyahıda sanksiyaya məruz qalan şirkətlərin arasında “Lukoyl” şirkəti də var və  “Lukoyl” şirkətinin prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdur.

Bundan başqa, "Yelo Bank" ASC-nin əsas səhmdarı olan, “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov bu yaxınlarda gözlənilməz qərar verib. Azərbaycanlı milyarder şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti vəzifələrindən istefa verib. O, son iki ayda sanksiyalara görə sərvətinin 17 milyard dollardan çox hissəsini itirib.

İqtisadçı ekspertlər isə mediaya verdikləri açıqlamalarda bildirib ki, Rusiya-Ukrayna müharibəsi davam etdiyi 4 ay ərzində Rusiyanın maliyyə sisteminin hazırda üzləşdiyi problemlərlə əlaqədar Azərbaycanda fəaliyyət göstərən  bankların qara günləri başlayıb. Bu səbəbdən Rusiya kapitallı olan  "Yelo Bank" və "Bank VTB" bankları üçün də ciddi təhlükə təhlükə yarana bilər.

Son hadisələr fonunda Azərbaycanda Rusiya kapitallı iki bank olan “Bank VTB (Azərbaycan)” və “Yelo Bank”ın aqibətini dəyərləndirən iqtisadçı Əkrəm Həsənov mediaya deyib ki, hər iki bank nəinki qanuni, həm də qanunsuz yollarla borc qaytarmaq üzrə yerli liderlər sırasındadır. Belə ki, bu banklar qanunsuz fəaliyyət göstərən kollektorlarla yanaşı, həmçinin bəzi hüquq-mühafizə orqanlarından da kollektor kimi istifadə etməkdən çəkinmirlər:

“Bu banklar heç dünyanın düz vaxtında normal işləyə bilmirdi. Sözügedən banklarda normal idarəetmə olmayıb, yeyinti çox olub və problemli kreditlərin həcmi böyükdür. Təbii ki, Rusiyanın maliyyə sisteminin hazırda üzləşdiyi problemlərlə əlaqədar bu bankların da qara günləri başlayıb. Ən çətin durumda “Bank VTB (Azərbaycan)”dır. Çünki Rusiyanın VTB bankının yerli törəməsidir. VTB-yə qarşı isə Qərb tərəfindən sanksiyalar tətbiq olunub."

Hətta bu məsələ ilə bağlı bir müddət öncə  iqtisadçı ekspert Əkrəm Həsənov mediaya açıqlamasında bildirmişdi ki, Azərbaycanda da fəaliyyət göstərən Rusiya kapitallı olan "Yelo Bank" və "Bank VTB" üçün üçün təhlükə ondan ibarətdir ki, Moskvada yerləşən əsas banklar onlara daim maliyyə dəstəyi verdiyi halda, indiki halda ola bilər ki, həmin dəstəyi göstərə bilməsinlər:

"Ona görə də korperativ müştərilər ehtiyatlı olmalıdırlar. Digər yerli banklara gəldikdə isə, öz aktivlərinə və kapitallarına görə Azərbaycanda ilk onluğa daxil olan banklardan başqa digərlərində müəyyən təhlükələr həmişə yarana bilər”.

O bildirib ki, Azərbaycan banklarında təhlükə əsasən problemli kreditlərlə bağlıdır: "İlk onluğa aid olmayan həmin bankların problemli kreditləri çoxdur. Əgər həmin kreditlər qayıtmasa, bank da öz əmanətlərini geri qaytara bilməyəcək. Amma bu, o demək deyil ki, qeyd edilən təhlükə həmin banklar üçün mütləq var. Sadəcə olaraq, bu, gözləniləndir. İndiki vəziyyətdə biz hansı bankın hansı müştərilərə bağlı olduğunu bilmirik. Hazırkı geosiyasi durum müvafiq banklara mənfi təsir göstərə bilər. Ola bilər ki, hansısa bankın əsas müştərilərindən biri Ukraynada bizneslə məşğul imiş. Müharibə şəraitində isə, əlbəttə ki, krediti qaytara bilmədikdə çətinlik yaranacaq. Yəni, bu kimi problemlər ola bilər”.

“Yelo Bank”ın əsas səhmdarları Rusiya vətəndaşları Vahid Ələkbərov və Marina Kulişovadır.
Vahid Əkbərov ona tam məxsus olan “Topaz Investments Limited” MMC vasitəsilə səhmlərin təxmini 96 faizinə malikdir. Marina Kulişova isə səhmlərin 4 faizindən çoxuna malikdir və həm də “Topaz Investments Limited” MMC-nin rəhbəridir. 

Qeyd edək ki, Vahid Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.

Azər Mətin

MillətinSəsi.info

İqtisadiyyat Şöbəsi


Bənzər yazılar

0.20195007324219