Bir neçə gün öncə Reallıq.Tv –də Abşeron rayonuna yeni təyin olunmuş icra başçısı Abdin Fərzəliyevin qanunsuz əməlləri və özəl tələbləri ilə bağlı məlumat vermişdik. Təəssüflər olsun ki, icra başçısı yazılan həqiqətlərdən və narazılıqdan nəticə çıxartmamış, tam əksinə sahibkarlara qarşı daha sərt münasibət göstərməyə başlayıb.
Abdin Fərzəliyevin uzun illərdir icra başçısı vəzifəsində çalışması və illər ərzində adını milyonçu məmurlar sırasına yazdırması, onun korrupsiya əməllərinin göstəricisidir. 750 milyon sərvəti olduğu söylənilən Fərzəliyevin keçmiş Aparat rəhbəri Ramiz Mehdiyevlə dostluğu, daha sonralar Eldar Mahmudovla yaxınlığı zamanla ölkə mediasının gündəmi olsada, yazılanlar onun vəzifəsindən kənarlaşdırılması ilə nəticələnməyib.
Hazırda yeni təyinatı ilə bu milyonçu məmur heçdə sıradan bir şəxs olmadığını göstərmiş oldu. Lakin Realliq.tv – nin son günlər apardığı araşdırmalar göstərir ki, Abdin Fərzəliyev Abşeronda qəbul etdiyi qərarları ilə ölkə başçısının tapşırıq və tövsiyyələrini heçə saymaqdadır.
Prezidentin sahibkarlara şərait yaradılması ilə bağlı məmurlara verdiyi tapşırıqlar, Abdin Fərzəliyev üçün keçərli görünmür və icra başçısı rayonda bizneslə məşğul olan sahibkarları özəl – qanunsuz tələblərini yerinə – yetirməyə məcbur edir. Əks təqdirdə iş adamları başçının qəzəbi ilə üzləşməli olur, bu da, nəticədə sahibkarın ziyanına gətirib çıxaran mübahisə ilə bitməkdədir.
Abdin Fərzəliyevin sahibkarlara qarşı olan tələbi rayonun idarə və müəssisələrinə də tətbiq olunmaqdadır. Son günlər rayonda məktəb direktorlarının vəzifələrindən heç bir səbəb olmadan çıxarılması və yeniləri ilə əvəzlənməsi Abdin müəllimin “alverinə” xeyli müsbət təsir göstərib. İcra başçısı özünə yaxın bildiyi şəxsləri vəzifələrə təyin etməklə rayonda yarıtmaz kadr dəyişiliyi ilə gündəmə gəlib. Müəllimlərin bildirdiyinə görə icra başçısının tamahı rayonun təhsil sisteminə ziyan vurmaqdadır.
Reallıq.Tv-nin araşdırmaları görünür ki, bir zamanlar Prezidentin keçmiş köməkçisi Əli Həsənovun sifarişi ilə Mətbuat Şurasını maliyyələşdirən bu məmurun ölkə mediasında böyük troll şəbəkəsinə sahibdir. Məhz həmin troll şəbəkəsi Abdin Fərzəliyevi iş görən, insanların qayğısına qalan məmur kimi cəmiyyətə sırımağa çalışır.
Həqiqət isə başqadır – Azərbaycanın milyonçu məmurlarından biri olan Fərzəliyevin ölkədə və xaricdə bizsnes şəbəkəsi onun hansı yollarla qazanc əldə etdiyini çılpaqlığı ilə ortaya çıxarır. Abşeronun icra başçısının korrupsiya əməllərinin araşdırılmaması onun hazırda qəbul etdiyi qanunsuz qərarlarının basilica səbəbi sayılır.
Abdin Fərzəliyevin sahibkarlara, iş adamlarına, idarə və müəssisə rəhbərlərinə qarşı münasibəti rayonda hakimiyyətə qarşı böyük narazı kütlə formalaşdırmaqdadır. İcra başçısının qanunsuz tələbləri Prezidentin məmurlar qarşısında qaldırdığı tələblərə zidd olsada, Fərzəliyev “tamah” xəstəliyinin köləsinə çevrilərək cəzasızlıq mühitindən yararlanmaq istəyir.
Realliq.tv – yə daxil olan məlumatda qeyd olunur ki, Abşeronun Xırdalan, Masazır və digər yaşayış yerlərində qanunsuz olaraq tikintiləri dayandırmasına, iş adamlarını tələblərini yerinə-yetirməyə çağırmasına və idarə və müəssisələrdə yarıtmaz kadr dəyişikliyi aparmasına hüquqi qiymət verilməli və Abdin Fərzəliyevə ölkə başçısının tapşırıqları sərt formada xatırlanmalıdır.
İş adamlarının, sahibkarların və sadə vətəndaşların redaksiyamıza ünvanladığı müraciətlərdə və ərizələrdə qeyd olunan faktlar araşdırılır. Reallıq.Tv-də qısa zamanda Abşeronun icra başçısının qanunsuz tələblərinin nədən ibarət oludğu barədə ətraflı məlumat verəcəyik. Bizi izləyin.
Qarşı tərəfin yazıda qeyd olunan faktlara münasibətini öyrənməyə çalışdıq.
Abşeron rayon icra hakimiyyətindən bildirdilər ki, icra başçısı ərazidədir və onun tapşırığı olmadan açıqlama verə bilməzlər.
Müəllif Yusif
Mənbə Realliq.TV