Türkiyə əsilli Fransa vətəndaşı Merter Keskinin Fransa polisinin kobud müdaxiləsi nəticəsində həlak olmasının görüntüləri yayılıb.
Kadrları “Anadolu” Agentliyi əldə edib.
Hadisə 2021-ci ilin yanvar ayında baş verib. Selestat şəhərində polis 35 yaşlı Keskini məişət zorakılığı səbəbindən saxlamaq istəyərkən, o pəncərədən özünü atıb. Hüquq mühafizəçilər isə yaralını xəstəxanaya çatdırmaq əvəzinə əllərini qandallayıb və idarəyə aparıblar. Əldə olunan görüntülər artıq nəzarətxanada qeydə alınıb.
Kadrlarda polisin Keskini üzü üstə skamyaya uzatmasının və qandalları açmağa çalışması görünür. Bu vaxt şübhəlinin hərəkətini məhdudlaşdırmaq üçün onu dirsəyi ilə sıxması videoda aydın görünür.
Səs yazısından aydın olur ki, səhv açar gətirilidiyindən qandalın açılmasında problemlər yaşanır. Dəqiqələrlə təzyiqə məruz qalan şübhəli nəhayət huşunu itirib.
Polisin onu ayıltmağa çalışması anları kadrda əks olunub. Hadisə yerinə çağırılan tibb işçiləri isə ilkin müayinədən sonra Kəskinin öldüyünü bildirirlər.
Ekspertiza zamanı Keskinin nəfəs darlığından öldüyü məlum olub. Bundan əlavə, Keskinin qolları ilə yanaşı baş və boyun nahiyəsində də əzilmə izləri müəyyən edilib. Analizlər zamanı mərhumun qanında qeyri-qanuni maddələr aşkarlanıb.
Şahid polislərdən biri Keskinin polis bölməsinə gətirilərkən ağzının küncündə qan gördüyünü və ayaq üstə polisin köməyi ilə dayandığını bildirib. Digər polis isə Keskinin iki dəfə ürəyində ağrı hiss etdiyini, bir stəkan su istədiyini, lakin polisin bu tələbi rədd etdiyini deyib.
Hadisə ilə bağlı prokurorluq istintaqa başlayıb.