“Mətbuatda, hər yerdə yazırlar ki, Ramiz Mehdiyev “vurulub”, birdəfəlik aradan çıxıb. Dəqiq bilmirəm, çünki onun ən böyük vəzifəsi Təhlükəsizlik Şurasının üzvü olmasıdır. Dəfələrlə deyirlər ki, niyə Ramiz Mehdiyev haqqında çıxış etmirsən. İnsan vəzifədə olanda onu tənqid edə bilməmişəmsə, işdən azad ediləndən sonra təqid etməyim hansı mənəviyyat göstəricisi sayılar? Əlimdə hansı fakt var? Mehdiyev haqqında hansı yeni faktlar var ki, onu tənqid edim? Axı mən görürdüm ki, bu insan vəzifədə olanda, Prezident Administrasiyasının rəhbəri olanda ona nə qədər xoş sözlər deyirdilər. İndi həmin insanlar çevrilib əksini deyirlər, bunu götürə bilmirəm. Bu, o demək deyil ki, Ramiz Mehdiyevlə hər hansı əlaqəm olub...”
MillətinSəsi.info xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
“İndiyə kimi demək istəmirdim, Şamaxıda deputatlığa namizədliyimi irəli sürəndə Ramiz Mehdiyev seçilməyimə ən çox mane olan şəxs idi. Amma mən ondan indiki vəziyyətdə incimirəm. O, vəzifəsini icra edib, ümumi siyasəti həyata keçirib. Hansısa qohumum, yaxınım vəzifədə ola, Mehdiyevin himayəsində, ya kommersiya münasibətində ola...
Heç belə hal da yoxdur ki, buna görə Ramiz Mehdiyevə xoş söz deyəm. Fərəc Quliyev deputat olan zaman Heydər Əliyev Mərkəzində tədbirdə idik. Həmin vaxt Ramiz Mehdiyevlə görüşdük, o da mənə dedi ki, Tahir müəllim, siz abırlı, ləyaqətli adamsınız, sizə hörmətlə yanaşırıq, sizi insan kimi kəşf etmişik. Mehdiyevin mənə dediyi yeganə xoş sözü bu idi. Elə bilməsinlər, mən bu sözə görə Mehdiyevin əleyhinə danışmıram. Söhbət ondan gedir ki, indiki vəziyyətdə mənim araya girməyimin yeri, söz deməyimin mənası yoxdur.
Ramiz Mehdiyev dövlət rəhbərliyində mühüm postda işləyib, bu dövlətdə, bu hakimiyyətdə olub. Bu hakimiyyət bilər, o bilər. Aralarındakı münasibəti onların özü qədər dəqiq bilmərəm. Yaşlı adamdır. Yadınızdadırsa, Mehdiyev hələ AMEA-da olanda müraciət etdim ki, ən yaxşısı “üzüsulu” vəzifədən getmək lazımdır. Ona görə mənim subyektiv, yaxşı və ya pis mövqeyimi axtarmaq doğru deyil. Sadəcə, xarakterim belədir. Tək Mehdiyev yox, hətta düşmənim belə vəzifədən gedəndən sonra, ya sarsılandan sonra arxasınca danışmıram. Mən 35 ildən çoxdur aktiv siyasətdəyəm. Vəzifədə olan zaman dövlət rəhbərindən tutmuş hər kəsi kəskin tənqid etmişəm. Vəzifədən gedəndən sonra isə çalışıram buna yol verməyim...”, - deputat bildirib.