Uşaq pulu verilə bilər? 

 02-06-2023

Uşaq pulu məsələsinə biz ünvanlı müavinət olaraq baxırıq. Bu gün 615 min uşaq müavinət alır.

Milletinsesi.info trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ƏƏSMN tərəfindən 5 il ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ona görə də bu məsələ hazırda ayrıca olaraq müzakirə olunmur: “Azərbaycanda sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə çatdırılması nəzərdə tutulub”.

Onun sözlərinə görə, son beş ildə orta aylıq pensiya 2,1 dəfə artaraq 431 manata çatdırılıb.

Nazir müavini qeyd edib ki, hazırda 65 yaşdan yuxarı şəxslərin yaşa görə orta aylıq pensiyası 465 manata çatmaqdadır: “2018-2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib”.

Onun sözlərinə görə, onlara postmüharibə dövründə 4760, bu il 260, ümumilikdə ötən dövrdə  13,6 minə qədər mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib:

“2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım olub. Bu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 400 min nəfər işlə təmin olunub, 62 min nəfər özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Bu proqrama cəlb olunanların illik sayı 14 dəfə artaraq 16 mini ötüb. 445 min nəfərin peşəyönümü xidmətlərə, 16 min nəfərin peşə hazırlığına cəlb edilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amili, vətəndaş rifahının təminatı dayanır. Dövlət başçısının tapşırıqları əsasında son beş ildə 4 sosial islahat paketi icra olunub.

4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqıda 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq əməkhaqqıda 65 faiz, median əməkhaqqıda 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində  2,5 dəfə artım baş verib, 10-dan çox yeni sosial ödəniş növü təsis olunub və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib. Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb” - deyə nazir müavini qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov pensiya yaşının azaldılması ilə bağlı deputatların səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

“Biz çalışırıq ki, rəqəmlərə baxaq. Azərbaycan əhalisinin yaşlanma göstəricisinə baxırıq. Hazırkı tendensiya pensiya yaşının azalması istiqamətində deyil. Deputatların əlində rəqəmlər olmur. Beşdən çox uşağı olanlar, zərərli işdə işləyənlər daha erkən yaşda pensiyaya çıxırlar. Bu işdə ümumi deyil, differensial yanaşma olur. Beynəlxalq ekspertlər də ümumi yanaşmanı məsləhət görmürlər. Deputatlar istəyirlər ki, əhaliyə mesaj versinlər, amma bunu rəqəmlərlə əsaslandırmaq lazımdır”.

Nazir müavini qeyd edib ki, rəqəmlərə nəzər salsaq, görərik ki, pensiya alanların da sayı çoxdur.

Bənzər yazılar

0.47630500793457