Prezident İlham Əliyev: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”

 26-04-2024

“Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

"Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Azərbaycanda azad cəmiyyət var, insanlar, o cümlədən media nümayəndələri tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar”, - deyə dövlətimizin başçısı bildirib.

Keçən ilin martında Berlində, iki ay əvvəl Münhendə Kansler ilə görüşdüyünü xatırladan dövlətimizin başçısı bildirib:  “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

“Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-un ev sahibliyini etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 giqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 giqavata qədərdir”.

Azərbaycanın Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışdığını vurğulayan dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq. Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

Bu ölkələrin əldə olunmuş gəlirlərin yaşıl enerjiyə sərf edilməsi istiqamətdə addımların atdıqlarını vurğulayan dövlətimizin başçısı deyib: 

“COP29 qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı.

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu rəqəm 12 milyarda çatıb. Biz əlavə sərmayə qoyuruq, əlavə vəsait ayırırıq ki, Avropa ölkələrini bu məsələdə dəstəkləyək. 

Beləliklə, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpa olunan enerji növləri ilə zəngin olan Azərbaycan Avropa üçün uzun illər bundan sonra əhəmiyyətli tərəfdaş kimi olacaqdır”, - deyə dövlətimizin başçısı bildirib.

Bu ilin sonuna qədər 20 min məcburi köçkünün doğma yurduna qayıdacağını bildirən dövlətimizin başçısı qeyd edib ki, qayıdan hər insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə, şəhidlərimizə Allahdan rəhmət diləyərək qayıdır. Bu, ümumxalq məsələsidir.

“Torpaqlarımızın azad edilməsi necə ümumxalq məsələsi idisə, torpaqların bərpa olunması da ümumxalq məsələsidir. Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.

Kansler Olaf Şoltsun dəvəti ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini xatırladan dövlətimizin başçısı bildirib:  “Növbəti görüş Qazaxıstanda planlaşdırılacaq və beləliklə, sülh sazişinin imzalanmasına doğru biz əlavə addımlar atırıq”.

Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin bu gün səhər fəaliyyətini dayandırdığını vurğulayan dövlətimizin başçısı qeyd edib:  “Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq”. 

Bənzər yazılar

0.19520401954651