Elm və Təhsil Nazirliyinin MİQ imtahanlarıyla bağlı qərarı etirazlara səbəb oldu – Təfərrüat

 22-05-2023
Mayın 22-dən etibarən 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start veriləcək.
 
Yeniavaz.com xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müsabiqə ilə bağlı açıqlaması ciddi narazılığa səbəb olub.
 
Bildiyimiz kimi, Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ixtisasların siyahısı müəyyənləşib.
 
Belə ki, həmin Qaydanın əlavəsində göstərilir ki, qeyri-pedaqoji ixtisaslara sahib şəxslər filologiya (dil və ədəbiyyat) ixtisası üzrə imtahanlarda iştirak edə bilərlər.
 
Lakin, Elm və Təhsil Nazirliyi sənəd qəbulunun başlanmasına qısa müddət qaldığı bir vaxtda – 19 may tarixində müsabiqəyə buraxılan ixtisasların siyahısını açıqlayıb.
 
Məlum olub ki, filologiya (dil və ədəbiyyat) ixtisası üzrə vakant yer yalnız rus bölməsi üçün nəzərdə tutulub.
Filologiya (dil və ədəbiyyat) ixtisası üzrə Azərbaycan bölməsindən məzun olan şəxslərin müsabiqədə iştirak edə bilməyəcəkləri sənəd qəbulunun başlamasından 3 gün əvvəl açıqlanıb.
 
Belə olan halda, ixtisas üzrə imtahanlara hazırlaşan və bunun üçün vaxtını sərf edən, eyni zamanda hazırlıq kurslarına ödənişlər edən şəxslər imtahanlarda kənarda qalıblar.
 
\Elm və Təhsil Nazirliyinin müsabiqəyə buraxılan ixtisasların siyahısını vaxtında açıqlamaması səbəbindən imtahanlara hazırlaşan şəxslər vaxt və maddi itki ilə üzləşiblər.
Məsələ ilə bağlı sullarımızı Elm və Təhsil Nazirliyinin mətbuat xidmətini rəhbəri Cəsarət Valehova ünvanlasaq da, suallarımıza cavab ala bilmədik.

Müəllif A. Cəfərov

Bənzər yazılar

1.0914771556854