“Mayın 24-də Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların birinci görüşü konstruktiv keçdi”. Bu açıqlama ilə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan çıxış edib.
Bu görüşdə gələcəkdə birgə fəaliyyətin təşkili məsələlərini müzakirə etdik. Bu baxımdan, görüşü tamamilə konstruktiv hesab edirəm. Sərhədlərin delimitasiya və təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbəti görüşünün tarixi barədə hələ razılıq yoxdur. Ancaq görüşün Moskvada keçirilməsi təsdiqlənib”, - deyə Ermənistan Baş nazirinin müavini vurğulayıb.
M.Qriqoryan söyləyib ki, növbəti həftə Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya xətlərinin açılması üzrə üçtərəfli İşçi Qrupun iclası keçiriləcək.
“Bu görüşün konkret tarixinin müəyyən edilməsi razılaşdırılır. Görüşün gündəliyinə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatının icrası daxildir və delimitasiya prosesi ilə əlaqəsi yoxdur”, - M.Qriqoryan bildirib.
Məlumat üçün qeyd edək ki, mayın 24-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.
Mənbə: TASS