Komissiyanın qərarlarına müvafiq olaraq siyahıya adları daxil edilməyən həkim-mütəxəssislərin Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sənədlərinin əsaslılığı təsdiq olunmayıb, bəziləri isə ümumiyyətlə tələb olunan sənədləri Komissiyaya təqdim etməyiblər.
Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər:
"Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər".
Sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər".
Bundan başqa, Amerikada yaşayan jurnalist Qənirə Ataşova ötən gün Səhiyyə Nazirliyi tərəfindən fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısına ilginc reaksiya verib.
Musavat.com xəbər verir ki, jurnalist siyahıda məşhur cərrahların adının olmamasına təəccübünü gizlətməyib:
“Səhiyyə Nazirliyi plastik cərrahiyə ilə bağlı siyahını nəhayət dərc etdi. Bəs sizcə, kimlərə haqsızlıq oldu?
Mən bəzi təcrübəli həkimlərin adını orada görməyəndə azacıq intriqa qoxusu aldım. Amma yaxşı tərəfi də var: artıq plastik cərrah sertifikatı “bazarlığına” həvəs qalmayacaq. Kimsə satmaz, kimsə də almaz, İnşallah. Ən əsası – ümumi cərrahların haqlı olduqları sahədə işləməsinə nəhayət sənədli-sübutlu icazə verildi. Gözümüz aydın!”
Ötən ilin noyabrında jurnalist Qənirə Ataşova saxta yollarla plastik cərrahiyə şəhadətnaməsi alan bəzi estetik cərrahlarla bağlı siyahı dərc etmişdi. Həmin siyahıda 49 cərrahın adı qeyd olunmuşdu.
Maraqlıdır ki, Qənirə Ataşovanın sonradan müdafiə etdiyi, məşhur plastik cərrahlar Dilqəm Məhərrəmov və Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının Plastik-estetik cərrahiyyə şöbəsinin müdiri, plastik cərrah Mirsaleh Abdullayev Səhiyyə Nazirliyinin açıqladığı rəsmi siyahıya daxil edilməyiblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Azərbaycan Respublikasında plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olan tibb mütəxəssisləri Komissiyanın iclaslarına dəvət olunmuş, əvvəlcədən xəbərdarlıq edilməklə iclasların audioyazısı və video çəkilişi aparılmış, iclaslar protokolaşdırılmış, təqdim olunan sənədlər ətraflı araşdırılıb və əsaslılığı yoxlanılaraq müvafiq qərarlar qəbul olunub.