Ukrayna Prezidenti Volodimir Zelenski Çini Rusiyaya silah verməkdə ittiham etdi

 17-04-2025

Ukrayna Prezidenti Volodimir Zelenski Çini Rusiya ordusuna silah verməkdə ittiham edib.

Yeniavaz.com xəbər verir ki, onun sözlərini “İnterfaks-Ukrayna” sitat gətirir.

“Biz nəhayət məlumat aldıq ki, Çin Rusiya Federasiyasına silah verir. Bu gün Ukrayna Təhlükəsizlik Xidmətindən, barıt, artilleriya ilə bağlı kəşfiyyat məlumatlarından ümumi məlumatımız var. Və düşünürəm ki, gələn həftə bu barədə çox ətraflı danışa biləcəyik”, - Zelenski deyib.

Ölkə başçısı əlavə edib ki, Kiyevin fikrincə, Çin nümayəndələri də Rusiya ərazisində silah istehsalı ilə məşğul ola bilərlər.

Xatırladaq ki, Çin Rusiya-Ukrayna müharibəsində rəsmi olaraq neytral mövqe tutur və tərəfləri danışıqlar yolu ilə müharibəyə son qoymağa çağırır. Ölkə anti-Rusiya sanksiyalarına qoşulmayıb.

Aprelin əvvəlində Rusiya tərəfində döyüşən iki Çin vətəndaşı Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Rəsmi Pekin onların ayrı bir şəxs kimi hərəkət etdiyini və Çin Xarici İşlər Nazirliyinin dəfələrlə Çin vətəndaşlarına müharibədə iştirak etməmələri barədə xəbərdarlıq etdiyini vurğulayıb. Əsirlər özləri Rusiyaya pul qazanmaq üçün gəldiklərini, aldatma yolu ilə müharibəyə getdiklərini bildiriblər.

Bənzər yazılar

0.07343602180481