Naxçıvanda daha bir kadr islahatı aparılıb.
TNS-in əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bu gün kollektivlə vidalaşıb. Niyazi Novruzov 2004-cü ildən Naxçıvanın səhiyyə naziri vəzifəsində çalışırdı.
Yeni nazirin kim olacağı da artıq müəyyənləşib. Azər İsmayılovun Naxçıvanın səhiyyə naziri təyin ediləcəyi gözlənilir.
Azər İsmayılov 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirib. 2009-2015-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsində ümumi cərrahiyyə üzrə uzmanlıq təhsil alıb.
2017-2021-ci illər ərzində Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 2021-2022-ci illər ərzində isə Respublika Klinik Xəstəxanasında direktor kimi fəaliyyət göstərib.
O, 2022-ci ilin dekabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Azər İsmayılov Naxçıvanın tanınmış həkimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Cəbi İsmayılovun oğludur.