Gəncədə "kriminal vəziyyət” uğrunda SİLAHLI İNSİDENT: TƏFƏRRÜATLAR

 08-05-2022

Gəncədə kriminal aləm üzvləri arasında baş verən silahlı insidentdə, adam bıçaqlamaqda təqsirləndirilən “Gəncəli Püsük” ləqəbli Vüsal Süleymanov və Fariz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bu hadisə ilə bağlı heç bir rəsmi məlumat, açıqlama olmayıb. Bu səbəbdən Gəncə şəhərinin kriminal vəziyyətinə nəzarətlə bağlı baş verən bu cinayətin bütün detalları ictimaiyyətə qaranlıqdır. 

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib. 

İttiham aktında qeyd olunur ki, 9 yanvar 2018-ci ildə “Gəncəli Püsük”, Fariz Məmmədov və bir neçə istintaqa məlum olmayan şəxslərlə kriminal aləmdə özünü tanıdan “Gəncəli Firdovsi” kimi tanınan avtoritetin adamları ilə Göygöl rayonu Qızılca kəndi ətrafında görüşüblər. 

Söhbət zamanı qarşı tərəfə öz güclərini göstərmək məqsədilə Vüsal Süleymanov və Fariz Səmədov tərəfindən silahdan havaya atəşlər açılıb. Mübahisə zamanı Vüsal Süleymanov “Gəncəli Firdovsi”nin tərəfdarı olan Ruslan Əsgərovu bıçaqlayıb. 

Hadisə zamanı tərəflər hadisə yerindən uzaqlaşıb.

Hadisədən bir il keçəndən sonra “Gəncəli Püsük” polis əməkdaşları tərəfindən Bakı şəhər Xəzər rayonunun Mərdəkan qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib. 

Şahidlərin istintaqa verdiyi ifadələrindən məlum olur ki, mübahisəyə səbəb Gəncə şəhərinin “kriminal vəziyyəti”nə kimin baxılması ilə bağlı olub. Şahidlərin ifadəsində qeyd edilir ki. 2018-ci ildə “Lotu Quli” ləqəbli Nadir Səlifov Gəncə şəhəri üzrə “Püsük”ü təyin edib. Lakin “Lotu Quli”ni qanuni oğru kimi tanımayan “Gəncəli Firdovsi” bu “praqon”a etiraz edib. “Gəncəli Firdovsi” kriminal aləmdə çox tanımış və nüfuzlu avtoritet kimi qəbul edilir. Bu səbəbdən tərəflər arasında qarşıdurma olub.

Faktla bağlı Vüsal Süleymanov və Fariz Səmədov Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub. 

Məhkəmədə danışan “Gəncəli Püsük” özünü ittiham üzrə təqsirli bilməyib. O deyib ki, hadisə baş verən zaman orada olmayıb, ümumiyyətlə, orada iştirak etməyib:

“Hadisə barədə ümumi olaraq yaşadığım şəhərdə gəzən söhbətlərdən eşitmişəm. Ruslanı əvvəllər tanımışam, onunla münasibətim çox yaxşı olub. Aramızda əvvəllər dava-dalaş, mübahisə olmayıb. Qızılcada davanın nə üstündə olduğunu bilmirəm. Hadisə günü anamı xalamgildən evə gətirmişəm və bütün günü evdə olmuşam”.

Vüsal Süleymanov məhkəmənin diqqətinə çatdırıb ki, onun hər hansı kriminal qruplaşma ilə əlaqəsi olmayıb: 

“Hadisə günü xəsarət alan Ruslanı mən vurmamışam. Onun vurulması ilə bağlı hər hansı əlaqəm yoxdur. İttihamlar saxtadır. Bəraət verilməsini xahiş edirəm”. 

Digər təqsirləndirilən Fariz Səmədov da özünü ittiham üzrə təqsirli bilməyib. O, qeyd edib ki, Gəncədə “Ququ” ləqəbli Qurbanın məclislərin birində onu faizə pul verən şəxs kimi adlandırdığını eşidib:

“Bu söhbət mənə çatandan sonra “Ququ”ya zəng elədim, görüşmək istədiyimi bildirdim. Görüş barəsində razılaşsaq da, o görüş yerinə gəlmədi. Yenidən “Ququ”ya zəng elədim. Telefonda da ona bildirdim ki, faiz məsələsi söhbətinə görə görüşmək istəyirəm, mənim  barəmdə “faizə pul verən şəxs” sözünü deyib-demədiyini aydınlaşdırmalıyıq. Lakin Qurban görüş yerinə gəlmədi. Sonra tanış uşaqlarla görüşmək üçün çayxanaya getdim. Bir müddət sonra “Qələbə” parkında yerləşən çayxanadakı uşaqların harasa durub getdiyini gördüm. Maraqlananda bildim ki, hamısı Göygöl rayonunun Qızılca kəndinə gedirlər. Avtomobilimə minərək həmin kənd istiqamətində getdim. Yol boyu irəlidə çox sayda avtomobillərin və insanların olduğunu gördüm. Bir müddət sonra oradakıların ora-bura qaçdığını müşahidə etdim. Avtomobildən düşüb nə baş verdiyi barədə maraqlandım. Dedilər ki, hadisə vaxtı silahdan istifadə olunub və havaya atəş açılıb. Avtomobilimə minib Gəncə şəhərinə qayıtdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan uşaqların onun və “Ququ” ləqəbli Qurbanın söhbətinə getdiklərini öyrənib:

“Qurban ora gəlmədiyinə görə söhbətin məcrası həbsxanada olan şəxslərin Gəncə şəhərində nüfuz dairəsinin müəyyən edilməsi istiqamətində dəyişib. Həmin vaxt isə orada bir nəfər şəxsin bıçaqlandığını eşitdim. Artıq hadisə ilə bağlı polisə çağırılmalar başlanmışdı. Bu səbəbdən Gəncədən Bakıya gəldim. Bir müddət sonra barəmdə axtarış verildiyini öyrəndim. Gəncəyə gələndə Türklər qəsəbəsində polis əməkdaşları məni tutub idarəyə gətirdilər”.

Fariz Səmədov deyib ki, hadisə zamanı Ruslan Əsgərovun kimin tərəfindən bıçaqlandığını bilmir: 

“Mən hadisəni görməmişəm. Ümumiyyətlə, Ruslanı tanımıram, heç vaxt görməmişəm”.

Məhkəmədə zərərçəkmiş şəxs qismində danışan Ruslan Əsgərov deyib ki, 9 yanvar 2018-ci il tarixdə təxminən saat 19 radələrində Gəncə şəhərində “Posyolka” adlanan ərazidə yerləşən tez-tez getdiyi parka gəlib: 

“Orada tanımadığım şəxslərin “Posyolka” uşaqları ilə dava-dalaş etmək istədiyini gördüm. Sonradan dava etməyə toplaşmış şəxslər dağıldılar. Həmin vaxt onların davanı davam etməyə Göygöl rayonunun Qızılca kəndinə getdiyini eşitdim. Tanımadığım bir taksiyə minərək ora getdim. Qızılca kəndinə çatdıqda orada təxminən 10-12 maşının və xeyli sayda şəxsin yığıldığını gördüm. Həmin şəxslərə yaxınlaşaraq onlara Gəncənin balaca şəhər olduğunu, hamının səhəri gün üz-üzə çıxacaqlarını bildirdim. Bu zaman da orada olan şəxslər mübahisə etdilər, əlbəyaxa olmağa başladılar. Mən onlara iradlarımı bildirdim. Həmin anda tanımadığım şəxslərdən biri bıçaqla qarın nahiyəmə vurdu və yerə yıxıldım. Xatırlamadığım uşaqlardan biri öz maşınında  məni xəstəxanaya gətirdi. Məni bıçaq vuran adamı tanımıram”.

Ruslan Əsgərov bildirib ki, Qızılca qəsəbəsində Vüsalı görməyib, Farizi tanımır, orada olub- olmamasını isə xatırlamır. Hadisə yerinə getməyinin səbəbi mübahisə edən tərəfləri aralamaq olub. Onu vuran Vüsal olsaydı, onu tanıyardı. Söhbətə “Gəncəli Firdovsi”nin tərəfindən gəlməyib. 

Sonra Ruslan Əsgərov məhkəmənin diqqətinə çatdırıb ki, hər iki təqsirləndirilən şəxslə barışıb, onlara qarşı hər hansı tələbi də yoxdur. 

Lakin hakim Fariz Səmədovun da ifadəsini və Vüsal Süleymanovun verdiyi ifadəsində hadisə yerində olmamasını, zərərçəkmiş şəxsə xəsarət yetirməməsini məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətəuyğun hesab etməyib. 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Süleymanovun və Fariz Səmədova verilən ittihamlar dəyişdirilib.

Belə ki, onlara qarşı irəli sürülən Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib. 

Məhkəmənin hökmü ilə “Gəncəli Püsük” 8 il, Fariz Səmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 

Məhkəmə istintaq dövründə barəsində polis nəzarəti qətimkan tədbiri seçilən Fariz Səmədov məhkəmə zalında həbs edilib.

Bənzər yazılar

0.20615601539612