“Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyuram”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycan və Misir arasında sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında səsləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük uğurları xüsusi qeyd edən Misir Prezidenti deyib:
“Azərbaycan xalqının və hökumətinin səyləri nəticəsində yaradılmış bu gözəllikləri görmək bizi çox valeh etdi. Sizin ölkənizə davamlı inkişaf və tərəqqi arzu edirəm”.
Əbdülfəttah Əs-Sisi səmimi qəbula və qonaqpərvərliyə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
“Bakıda keçirdiyimiz görüşlərdə Misirin xarici investorlar qarşısında mövcud maneələrin aradan qaldırılması, onlar üçün şəraitin yaradılması və hüquqi prosedurların daha da asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə danışdıq.
Misirin Afrika qitəsinə qapı rolunu oynadığını nəzərə alaraq, ölkələrimiz arasında azad ticarət sahəsində imzalanmış sazişlərin vacib əhəmiyyət kəsb etdiyini vurğuladıq. Eyni zamanda, Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa hava əlaqəsinin olmasını xüsusi qeyd edərək, iki ölkə arasında birbaşa reyslərin sayının çoxaldılmasının vacibliyini, bunun iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımıza töhfə verəcəyini bildirdim”, - deyə Prezident Əbdülfəttah Əs-Sisi vurğulayıb.
O qeyd edib ki, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında da əlaqələrin inkişafını dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.