Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən 50 yaşlı kişi olub. Bu barədə Trend məlumat yayıb.
Bildirilib ki, o, “KIA Pride” markalı maşınla səfirliyin inzibati binasının yanına gəlib. Bu zaman onun yanında 7 yaşlı oğlan və 14 yaşlı qız övladları olub.
O, binaya daxil olan kimi atəş açıb. Səfirliyin mühafizə xidmətinin rəisi hadisə zamanı silahsız olub.
Azərbaycanın Tehranda yerləşən səfirliyinə qarşı həyata keçirilən silahlı hücum barədə açıqlama verən İran XİN-in rəsmi nümayəndəsi Nasir Kənani deyib ki, Azərbaycan səfirliyində baş verən insident yüksək həssaslıqla araşdırılır: “Hadisəyə polis və təhlükəsizlik qüvvələri müdaxilə edib. Hücumu həyata keçirən şəxs saxlanılıb, hazırda dindirilir”, - deyə N.Kənani bildirib.
Tehran polisinin rəisi briqada generalı Hüseyn Rəhimi isə jurnalistlərə açıqlamasında bəyan edib ki, polisin çevik tədbirləri sayəsində basqın edən şəxs dərhal tutulub və barəsində cinayət işi başlanıb: “Silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə iki azyaşlı uşağı ilə daxil olub. Cinayətkar dindirilmə zamanı ilkin ifadəsində bildirib ki, hadisəni törətməsinə səbəb şəxsi münasibətlər və ailə problemləri olub”.
Onu da qeyd edək ki, Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktının yeni görüntüləri yayılıb.
Videoda cinayətkarın avtomobillə hadisə yerinə yaxınlaşması əks olunub. O, maşını ilə diplomatik nümayəndəliyin qarşısında duran avtomobili vurub.
Daha sonra əlində avtomat olan şəxs səfirliyin binasını mühafizə edən iranlı polisə əl hərəkəti ilə müdaxilə etməməsini göstəriş verir və binaya daxil olur.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.