Putinin ordenindən imtina edən, Azərbaycanda yaşamaq istəyən MÜDRİK GÜRCÜ - FOTO/VİDEO

 16-01-2023

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər.

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Onların qısa və ya uzunmüddətli səfərləri Bakının və insanlarımızın yaddaşında silinməz izlər qoyub. Elə həmin qonaqların da həmçinin...

Modern.az saytı məşhurların Bakı səfəri haqqında silsilə məqalələri davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidlərinin xatirələri təqdim edilir.

Budəfəki yazımızda xarakterinə, səxsiyyətinə, sənətinə və kişiliyinə görə təkcə Qafqazda deyil, bütün MDB məkanında böyük hörmət və ehtiram qazanmış məşhur gürcü kinoaktyoru, müğənni, ssenarist, rejissor və ictimai-siyasi xadim Vaxtanq Kikabidzedən bəhs edəcəyik.

O Vaxtanq Kikabidze ki dünən – 15 yanvar 2023-cü il tarixində öz ölümü ilə pərəstişkarlarına dərin hüzn və kədər yaşatdı...


Ömrünün 85-ci ilində beyin xərçəngi nəticəsində dünya ilə vidalaşan Vaxtanq Kikabidze öz sözü və öz mövqeyi olan böyük vətəndaş idi. O, yalnız sənəti ilə deyil, eyni zamanda vətənpərvərliyi, insansevərliyi, ədalətli mövqeyi ilə əsl ziyalı nümunəsiydi.

Fitri istedadı, ecazkar səsi, çoxşaxəli yaradıcılığı, yüksək peşəkarlığı da ki öz yerində...

O, sənətə gətirdiyi bənzərsiz ab-hava və özünəməxsusluğu ilə sevilən və seçilənlərdən idi...

Şübhəsiz ki, yaşlı və orta nəsil onu gözəl ifaları, yaratdığı təkrarolunmaz obrazları ilə xatırlayacaq və bu görkəmli sənətkarı heç vaxt unutmayacaq... Hamıya belə nəhəng pərəstişkar sevgisi qazanmaq nəsib olmur.

Vaxtanq Kikabdze bir şəxsiyyət kimi formalaşmasında ailə tərbiyəsinin ona təsir göstərdiyini deyirdi:

“Hər şey insanın tərbiyəsindən, böyüdüyü mühitdən asılıdır, çünki uşaq dünyaya tamamilə təmiz doğulur və kiçik yaşlarından gördüklərini, eşitdiklərini mənimsəyir. Uşaqlıqdan ailəmi ziyarət edən sənət adamlarını, yazıçıları, siyasətçiləri görürdüm və bu ab-hava, şübhəsiz ki, mənim inkişafıma təsir etdi. Mən qarşılıqlı hörmət, mədəniyyət və xoş niyyət mühitində böyümüşəm”.

Yeri gəlmişkən, Kikabidze əsilzadəydi, onun atası zadəgan, anası isə gürcü knyazı nəslindən idi.

Arayış: Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci il iyulun 19-da Tbilisidə anadan olub. Atası Konstantin Kikabidze jurnalist işləyib. İkinci Dünya müharibəsi illərində, 1942-ci ildə Ukraynanın Kerç şəhəri yaxınlığında itkin düşüb.

Anası Manana Baqrationi peşəkar müğənni idi.

Məktəb illərində Vaxtanq Kikabidze bədii özfəaliyyət dərnəyinin üzvü olmuş, zərb alətində çalmağı öyrənmişdi.

Məktəbi bitirdikdən sonra Tbilisi Dövlət Universitetinə daxil olmuş, ikinci kursda təhsilini yarımçıq qoyaraq Tbilisi Filarmoniyasında (1959) çıxış etməyə başlamışdı.

1961-1963-cü illərdə Tbilisi Dövlət Xarici Dillər İnstitutunda oxumuş, lakin onu da bitirməmiş, aktyorluq və müğənnilik karyerasını davam etdirmişdi.

Kikabidze 1960-1970-ci illərdə “Dielo” caz vokal kvartetinin tərkibində çıxış edib, sonralar “Orera” caz ansamblında solist olub. O, gürcü, rus, italyan və ingilis dillərində mahnılar ifa edib. Sənətkar 1980-ci illərdən solo mahnılarla çıxış edirdi.


Vaxtanq Kikabidze keçmiş SSRİ-nin ən məşhur estrada müğənnilərindən biri idi. İfa etdiyi ən məşhur mahnıları arasında “Çito-Qvrito”, çəkildiyi ən məşhur filmlər sırasında “Mimino” yaddaşlara hopub desək, yəqin ki, yanılmarıq.

Onun kinoda debütü 1966-cı ildə olub - “Dağlarda görüş” musiqili komediyasında baş rolu ifa edib. Kikabidzenin ən məşhur kino işi rejissor Georgi Daneliyanın “Mimino” komediyasında (1977) böyük laynerlərdə uçmaq arzusu ilə yaşayan kiçik gürcü kəndindən olan pilot rolu idi.

Orijinal ifaçılıq məharəti ilə kinoda unudulmaz obrazlar canlandıran Kikabidzenin filmoqrafiyasında 20-dən çox ekran əsəri var.

Vaxtanq Kikabidze son illərdə vaxtının çox hissəsini konsert fəaliyyətinə, qastrollara həsr edirdi. Müğənninin diskoqrafiyasında 20-yə yaxın albom var.

V.Kikabidze ədəbiyyat, incəsənət və memarlıq sahəsində SSRİ Dövlət Mükafatı laureatı (1978), Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013) adlarına layiq görülüb.

Vaxtanq Kikabidze konsertə hazırlaşarkən qarşısına həmişə aktyorluq vəzifələri də qoyurdu. Onun repertuarında çox fərqli xarakterli - lirik, gülməli və kədərli mahnılar yer alırdı.

Tbilisidən sonra onun üçün əziz olan ikinci şəhər

Buba (müğənnini həmkarları, qohumları və dostları belə çağırırdılar - red.) Azərbaycanın böyük dostu idi. Onun yaradıcılığı Azərbaycan xalqı tərəfindən hər zaman sevilib, şəxsiyyətinə böyük hörmət və rəğbət bəslənilib. O, Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına, dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə də mühüm töhfələr verib.

Vaxtanq Kikabidze 2018-ci ildəki bir açıqlamasında: “Azərbaycanı o qədər sevirəm ki, böyük məmnuniyyətlə burada həmişəlik qalıb yaşaya bilərəm”, - demişdi.

O, müsahibələrində Bakını özünün sevimli şəhəri adlandırırdı. İlk dəfə Bakıya gənclik illərində gəldiyini deyən sənətkar 2000-ci illərdən sonra şəhərimizin çox gözəlləşdiyini və möhtəşəm olduğunu qeyd edirdi.

“Mən həmişə demişəm və yenə deyirəm ki, böyük məmnuniyyətlə bu iki şəhərdə yaşayardım - Tbilisidə və Bakıda. Məhz bu şəhərlərdə özümü çox yaxşı hiss edirəm. Bakıda mənim çoxlu dostlarım var. Hər dəfə buraya gələndə onlarla görüşürəm. Hətta həvəsim olmayanda və özümü pis edəndə belə, onlar məni hoteldən çıxmağa məcbur edirlər”, - Kikabidze 2018-ci ildə paytaxtımızda keçirilən “Jara” musiqi festivalına gələndə bildirmişdi. 

Müğənni Azərbaycan mətbəxinin vurğunu olduğunu gizlətmirdi. Xüsusilə də düşbərəni çox sevdiyini və onu hətta yayda da yeməyə hazır olduğunu söyləyirdi.

O, Bakıya dəfələrlə səfər etmişdi.

Kikabidze həmişə bakılı tamaşaçılar qarşısında çıxış etməkdən məmnun qaldığını qeyd edir, azərbaycanlılar ilə gürcülərin oxşar cəhətlərindən danışırdı. Məsələn, müsahibələrinin birində deyirdi:

“Mən Bakıda tez-tez oluram. Səfərlər, əsasən, işlə bağlı olur. Qastrollara gedirəm, baxmayaraq ki, orada çox dostlarım var. Onlar istədikləri vaxt Tibilisiyə gələ bilərlər və dostları burada isti qarşılama gözləyir.

Bakıdakı solo konsertlərim anşlaqla keçir, tamaşaçılardan hər dəfə “yenə gəlin” sözünü eşdirəm. Onlara hər zaman minnətdaram, öz təşəkkürümü mahnılarımla bildirirəm.

Bir neçə dəfə öz gözəlliyi və aurası ilə unikal məkan olan Heydər Əliyev Mərkəzində çıxış etmişəm. Möhtəşəm binadır, memarlığına görə qeyri-adidir.

Azərbaycanda da Gürcüstanda olduğu kimi, yaxşı mahnı və zarafatın dəyərini bilirlər, hər iki millət çox qonaqpərvərdir. Bakıya getmək məni hər dəfə sevindirir...

...Azərbaycanlı tamaşaçıların emosiyaları və düşüncələrini ifadə etmək üçün sadəcə, söz tapmıram.

Dediyim kimi, Bakıda dostlarım çoxdur. Dostluq mənim üçün həyatda çox şey deməkdir. Həyat yoldaşım da mənə deyir ki, “sənin həyatında ön planda Vətən, ikincisi dostlar və yalnız bundan sonra ailə dayanır”, baxmayaraq ki, əksinə olmalıdır. Mən də ona cavab verirəm ki, bu, artıq mənim qanımdadır, anam məni belə böyüdüb”. 

“Buba”nın azərbaycanlı jurnalistlə zarafatı


Vaxtanq Kikabidzenin Bakıya ilk səfərini xatırlayan jurnalist-tədqiqatçı, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun sənətkarla bağlı maraqlı xatirəsi var:

“Ötən əsrin 70-ci illərində “Qəm eləmə”, “Mimino” filmlərində yaratdığı parlaq obrazlarla Azərbaycanda da xeyli pərəstişkar qazanmış Vaxtanq Kikabidze 1980-ci illərin ikinci yarısında müğənni kimi Bakıya qastrola gəlmişdi. O vaxt mən “Bakı” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müxbiri idim və təbii ki, qəzet üçün qonaqdan müsahibə almaq da mənə həvalə olunmuşdu.

“Batono”nun (gürcülərdə müraciət formasıdır - red.) qaldığı mehmanxanada görüşdük, ikimizin də bir-birinə caladığımız siqaretlərin tüstü-dumanına qərq olmuş lüks nömrədə söhbət etdik. Deməzdim ki, müzakirə edə biləcəyimiz bütün mövzular ətrafında geniş, əhatəli fikir bölüşdük – Bakı şəhər partiya komitəsinin orqanı olan “Bakı” qəzetində “Şəhərimizin qonaqları” rubrikası altında verilən yazıların standart həcmi və tematikası vardı və qəzetin bütün digər əməkdaşları kimi, mən də bu yazılmamış qaydalara riayət etməli idim. Digər tərəfdən, o illərdə diktofon-filan yox idi, biz jurnalistlər müsahibəni ya yaddaşımıza “yazırdıq”, ya da bloknotumuza. Hər günü gərgin rejimdə keçən qonaqların isə bizə, necə deyərlər, “imla” yazdırmağa nə həvəsləri olurdu, nə də vaxtları…

Amma həmin görüş vaxtı mən daxilimdən gələn inersiya ilə həmsöhbətimə bir neçə plandankənar sual verdim. Onlardan biri də “katso”nun (gürcücə dost - red.) özünün hansı aktyoru sevməsi ilə bağlı idi.

Kikabidze sualı eşidən kimi dərhal Georgi Burkovun adını çəkdi və soruşdu: “Yəqin, onu tanıyırsan da?”

Mən “Qaraj”, “Qırmızı başınağacı” və sair filmlərdə maraqlı obrazlar yaratmış bu aktyoru tanıyırdım. Amma həmin o məqamda nə isə “Georgi Burkov” sözlərini aparıb həmin aktyorun adının və soyadının yerinə qoyaraq məsələni Zülümov demişkən, birdəfəlik həll etməyə mane oldu. Bunu hiss edən Kikabidze yuxarıda sadaladığım filmlərin adlarını çəkdi, amma yenə də bir şey hasil olmadığını görəndə zarafata keçdi, analogiya metoduna müraciət edərək “daşdan keçən” arqument gətirdi: “Nə əcəb tanımırsan?” - dedi. Sonra sağ əlini dodaqlarına tərəf apardı, nə hoqqa çıxartdısa, alt dodağı pırtlayıb çıxdı qabağa və əlavə elədi: “Bax belə sallaq dodağı var – lap sənin dodağın kimi”.

Uşaqlıq illərində alt dodağımın, həqiqətən, bir az sallaq olduğunu, sonralar da bir müddət bu tip dodaqların siyahısında qaldığını bilirdim. Amma ağlıma gəlməzdi ki, ötən müddət ərzində bir çox əyər-əskiyimi rəndələyib abıra salan illər mənim bu eybimin öhdəsindən tam gələ bilməyibmiş.

“Katso” bir az tutulduğumu görüb zarafatına son nöqtəni qoydu:

- Əşi, fikir eləmə, elə mən özüm də sallaqdodağın biriyəm. Bir bax…

Baxıb gördüm ki, “katso” düz deyir, heç onun da fərli-başlı dodağı yox imiş”.

“Bəri bax” və Kikabidzenin möhtəşəm “Qafqaz popurisi”


Kikabidze dəfələrlə Azərbaycan milli musiqisini, muğamını çox sevdiyini vurğulamışdı.

Gürcü sənətkar 2007-ci il mayın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert vermişdi.

O konsertdə V.Kikabidze “Sevgilərlə Buba” adlı proqramla çıxış etmişdi. Azərbaycan xalqını ürəkdən sevdiyini və Bakıya ikinci dəfə gəldiyini bildirən məşhur ifaçı konsertdə “Fayton”, “Dostlar”, “Qocalar”, “Torpaq”, “Sakitlik”, “Dosta məktub”, “Qaraçı”, “İlk sevgi”, “Uşaqlıq illəri” adlı mahnılarını, “Mimino” filmindəki ifasını səsləndirmişdi.

Pərəstişkarları isə müğənninin hər ifasını hərarətlə qarşılamışdılar.

2014-cü ilin yanvarında Vaxtanq Kikabidze Bakıdakı növbəti solo konsertini Heydər Əliyev Mərkəzində vermişdi.

Konsertin əvvəlində Bakının gözəlliyindən söz açan ifaçı bakılı tamaşaçılar qarşısında çıxışdan qürur duyduğunu bildirmişdi.

Daha sonra ecazkar səsi və məşhur mahnıları ilə tamaşaçıların qəlbini fəth etmiş, eyni zamanda şux zarafatları, məzəli söhbətlərilə zalda şən əhval-ruhiyyə yaratmışdı.

Həmin axşam Vaxtanq Kikabidze ilə birlikdə onun qardaşı qızı, məşhur gürcü müğənni Liza Baqrationi də Heydər Əliyev Mərkəzinin səhnəsinə çıxmış və bir neçə bəstəni, o cümlədən məşhur “Suliko”nu mükəmməl ifa etmişdi.

Konsertin sonunda tamaşaçı alqışları ilə bir neçə dəfə səhnəyə qayıdan V.Kikabidze proqramı Azərbaycan xalq mahnısı “Bəri bax”ın da daxil edildiyi “Qafqaz popurisi” ilə sona çatdırmışdı.
 
“Mən unikal Heydər Əliyev Mərkəzinin səhnəsində ikinci dəfədir, çıxış edirəm və tamaşaçılara isti qəbul, sevgi və hörmətə görə minnətdarlığımı bildirirəm. Bu heyrətamiz bina məni yalnız memarlığı ilə deyil, həm də artistin uğurlu çıxışı üçün vacib əhəmiyyət daşıyan xoş aurası ilə valeh edib.

Mən iki şəhərdə - Tbilisi və Bakıda yaşamaq istərdim. Mən bu şəhəri çox sevirəm, özümü burada yaxşı hiss edirəm və tezliklə buraya qayıdacağam”, - Kikabidze həmin konsertdən sonra verdiyi açıqlamada vurğulamışdı.

Və o, söz verdiyi kimi, Bakıya qayıtdı...


2022-ci ilin avqustunda Vaxtanq Kikabidze dahi azərbaycanlı müğənni Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Bakıda keçirilən tədbirə gəldi.

“Yaşıl Teatr”da keçirilən gecədə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak etmişdilər.

Gürcüstanın əfsanəvi müğənnisi Vaxtanq Kikabidze Bakıda Müslüm Maqomayevin xatirə gecəsindən sonra maraqlı bir açıqlama ilə çıxış etmişdi. Yarıciddi-yarızarafatla demişdi ki, son vaxtlar Gürcüstanda elə “iy gəlir” ki, artıq ölkədən getmək lazımdır. Bununla da o, dolayısı ilə Gürcüstanda hakimiyyətdə olan iqtidardan narazılığını ifadə etmişdi:

“Mən həmişə deyirdim ki, əgər Tbilisidən getməliyəmsə və biz artıq belə qoxunu hiss etsək, o zaman Bakıda yaşayacağam”.

O, Gürcüstandakı siyasi vəziyyətə münasibətinə eyham vuraraq nə demək istədiyini tam açıqlamasa da, ipucu başa düşülmüşdü.

Vaxtanq Kikabidze Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili ilə dost idi və sabiq dövlət başçısının həbsdə saxlanılmasını heç cür qəbul edə bilmirdi.

Kikabidzenin adı 2020-ci ildə keçirilən parlament seçkisində Saakaşvilinin müxalif Vahid Milli Hərəkat Partiyasının siyahısında birinci yerdə qeyd edilmişdi. Həmin seçkidə o, Gürcüstan parlamentinə üzv seçilmişdi. Amma Buba deputat seçilsə də, etiraz əlaməti olaraq parlamentə getmədi.

Sənətçi bir neçə dəfə həbsxanada və xəstəxanada Saakaşviliyə baş çəkib, həmçinin şəxsən Ukrayna Prezidenti Volodimir Zelenskidən onun azad edilməsi üçün kömək istəmişdi.

Məhz Saakaşvili tərəfdarı olduğuna görə Kikabidze son vaxtlar Gürcüstanın mərkəzi və ya yerli hakimiyyət orqanları tərəfindən təşkil edilən rəsmi tədbirlərə dəvət edilmirdi. Hətta onu Tbilisinin fəxri sakinlərinin mükafatlandırılma mərasiminə çağırmadılar.

Vaqif Mustafazadə-Vaxtanq Kikabidze iş birliyi...


Kikabidze açıqlamalarının birində Azərbaycan caz-muğamının banisi Vaqif Mustafazadə ilə iş birliyini heç vaxt unutmayacağını qeyd etmişdi:

“Onunla altı il birlikdə işlədik. Vaqif Mustafazadə sovet dövründə əvəzolunmaz olan heyrətamiz insan və musiqiçi idi. Balaca boyuna, qalın bığlarına görə ona zarafatla “Şah Abbas” deyirdim. Kiçik barmaqları ilə böyük şah əsərlər yaratdı! Vaqif Mustafazadə orijinallığı, virtuoz texnikası, özünəməxsus harmonik dili ilə tamaşaçıları valeh edirdi. Onun ifaları unudulmazdır!

Daim qastrollara gedirdik və o, hər dəfə birlikdə nahar edəndə yarızarafat-yarıciddi bir daha mənimlə oturmayacağını deyirdi: “Mən yaxşı yeyirəm, amma sən, demək olar ki, heç nə yemirsən, o qədər arıqsan ki, kənardan insanlar səni xəstə adam hesab edirlər”.

Bir gün mənə kökəlməyim üçün resept də yazdı: “Gündə dörd porsiya borş, altı porsiya makaron və kotletlə qarabaşaq yarması yeməlisən!”

Bir dəfə Bakıda olarkən məni manqal kababı yeməyə dəvət etdi. “Buba, qoç kəsmişəm, xalis çəkisi 23 kq-dır, qonaq gəl!” - dedi. Mən onu daha kimin ziyarət edəcəyini soruşduqda cavab verdi: “Heç kim! Sadəcə, sən və mən!” Heyrətamiz adam idi!”

Putinə qarşı barışmaz mövqe



Vaxtanq Kikabidze həm də Rusiyaya qarşı prinsipial və barışmaz mövqeyi ilə tanınırdı. Buna Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstana qarşı işğalçı müharibəyə başlaması səbəb olmuşdu. Həmin müharibədən sonra müğənni bütün Rusiya qastrollarından imtina etdi, eyni zamanda Rusiya vətəndaşdığından cıxdı. Bundan başqa, gürcü sənətçi Rusiya Prezidenti Vladimir Putinin ona verdiyi “Dostluq” ordenini də geri qaytardı.

2019-cu ildə Kikabidze yaxın dostu, Moskvada vəfat edən gürcü rejissor Georgi Daneliya ilə vidalaşmağa belə, getmədi.

O, Rusiya kimi böyük auditoriyadan imtina etməklə ədalət tərəfdarı olduğunu dünyaya göstərdi.

Vaxtanq Kikabidze maddiyyat qarşısında əyilmədi, lazımi məqamlarda siyasi mövqe ortaya qoymaqdan çəkinmədi. O, başqa cür edə bilməyəcəyini, əks halda, güzgüdə öz gözünün içinə baxmağa utanacağını söylədi.

Kikabidze Rusiyanın Ukraynada başladığı işğalçı müharibəni də qətiyyətlə pisləyirdi. O, Ukraynaya qarşı genişmiqyaslı müharibəni əsl soyqırımı adlandırıb.

O, hətta müsahibələrinin birində Rusiya Prezidenti Vladimir Putinin gələcək taleyilə bağlı proqnoz da vermişdi.

Kikabidzenin fikrincə, Putin ya yaxın ətrafı tərəfindən devriləcək, ya da Ukraynada törətdiyi cinayətlərə görə onu Tanrı cəzalandıracaq.

“Biz hamımız xristianıq. Əgər Tanrı, həqiqətən də, mövcuddursa, hər şeyi görür. Tarix ağ-qara yazılıb. Ona görə də bütün pis işlər cəzalandırılır. Tarix artıq bunu sübut edib. Mən buna əminəm”, - deyə aktyor bildirmişdi.

Kikabidze əminliklə deyirdi ki, Putinin səhhətində mütləq problemlər var. Çünki heç bir sağlam şəxs yaxın qonşuya - müstəqil və suveren dövlətə qarşı belə vəhşiliklərə icazə verə bilməz.

“Putin açıq-aydın xəstədir, Sovet İttifaqı üçün döyüşür. Məndə bir hiss var. O, Stalini vaxtında ziyalıların yarısını güllələyən siyasətçi kimi bəyənir”.


Müğənni Ukrayna Silahlı Qüvvələrinin hesabına pul köçürməklə, konsertlər verməklə  Ukrayna xalqına dəstək olurdu.

2022-ci ilin avqustunda Vaxtanq Kikabidze özünün 84 yaşını Batumidə solo konserti ilə qeyd etdi. Sənətkar yubiley konsertindən əldə etdiyi bütün gəliri Ukrayna ordusuna kömək üçün xərclədi.

Müğənni Rusiya telekanallarının Ukrayna hadisələrini qeyri-obyektiv işıqlandırmasını da tənqid edirdi:

“Əhvalım pis olanda “Rossiya 24” telekanalını açıram. Orada elə şeylər deyirlər ki, insanın tükləri biz-biz durur. Sağlam düşüncəli insanlar bütün bunların Ukrayna torpaqlarının ilhaqı olduğunu etiraf edirlər. Vaxtı ilə Sergey Lavrov da Gürcüstanın Rusiyaya müharibə elan etdiyini demişdi. Hansı normal insan inanar ki, kiçik Gürcüstan nəhəng Rusiyaya müharibə elan edə bilər?”

Qafqaz dağlarına oxşayan adam


Vaxtanq Kikabidzenin 50 ildən çox birgə yaşadığı həyat yoldaşı (cütlük 1965-ci ildə ailə qurub -red.) İrina Kebadze - Gürcüstanın Əməkdar artisti, Tbilisi Akademik Opera Teatrının keçmiş balerinası - 2021-ci ilin oktyabrında vəfat edib.

Onların iki övladı var: qızları Marina (İrina Kebadzenin ilk nikahından doğulub - Vaxtanq Kikabidze onu kiçik yaşından qızlığa götürmüşdü - red.) və oğlanları Konstantin.

Bəziləri Vaxtanq Kikabidzeni “Qafqaz dağlarına oxşayan adam” adlandırırdılar... O, yaddaşlarda qürurun, əyilməzliyin simvolu kimi qalacaq... Kikabidzenin ölümü ilə böyük bir sənət səhifəsi qapandı...

Bənzər yazılar

0.20470094680786