Naxçıvan Dövlət Universiteti İDDİALARA CAVAB VERİB - Ali məktəb sənədlər TƏQDİM EDİB

 12-01-2023

“Qəhrəman Behbudov birinci dəfə 08 iyun 2016-cı ildə 5 il müddətinə “Hüquq fənləri” kafedrasının müdiri seçilib. Müddəti başa çatdıqdan sonra 21 fevral 2022-ci ildə yenidən kafedranın müdiri seçilib. Hazırda da kafedra müdirliyini davam etdirir. Sosial şəbəkələrdə yayılan onun bu günlərdə kafedra müdiri təyin edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur. Əvvəla onu bildirək ki, kafedra müdirləri təyin edilmir, Elmi Şura tərəfindən seçilir. Kafedra müdirini rektorun vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti yoxdur”.

Bu barədə Naxçıvan Dövlət Universitetindən bildirilib.

Qeyd olunub ki, sosial şəbəkələrdə Naxçıvan Dövlət Universiteti ilə bağlı araşdırılmamış, feyk hesablara istinad edilərək yanlış məlumatlar paylaşılır. Bu, universitetin çoxminli kollektivini ciddi şəkildə narahat edir. Sosial şəbəkə paylaşımlarında universitet müəllimlərinin təhqir edilməsi isə yolverilməzdir.

İddia olunduğu kimi, Elman Abbasov kafedrada heç bir rəsmi vəzifə daşımır. O, universitetin müəllimidir, ictimai əsaslarla kafedra müdirinin müavini vəzifəsini icra edir.

Ali təhsil müəssisəsinin mətbuat xidməti Qəhrəman Behbudovun kafedra müdiri seçilməsi ilə bağlı Elmi Şuranın qərarının və rektorun əmrinin surətini TNS-in redaksiyasına təqdim edib.

Əməkdaşımız universitetin “Hüquq fənləri” kafedrasının müdiri Qəhrəman Behbudovla əlaqə saxlayıb. Kafedra müdiri bu cür yanlış məlumatların yayılmasından təəssüfləndiyini bildirib, barəsində yayılan məlumatları qəti şəkildə təkzb edib. Qəhrəman Behbudov deyib ki, hansısa jurnalistin, sosial şəbəkə istifadəçisinin universitet müəllimlərini təhqir etməsi onları narahat edib.

“Naxçıvan Dövlət Universiteti ölkəmizin qabaqcıl ali təhsil ocaqlarından biridir. Amma bu o demək deyil ki, bizim universitetdə heç bir problem yoxdur. Əlbəttə ki, bir sıra nöqsanlar, problemlər vardır. Amma sosial şəbəkələrdə yayılan məlumatların, demək olar ki, hamısı yalandır, böhtandır. Kimsə narazıdırsa, buyurub öz adı ilə narazalığını bildirə, problemləri dilə gətirə bilər. Amma məlumatların heç bir mənbəyə istinad edilmədən paylaşılması onların səhihliyinə şübhə salır. Biz hesab edirik ki, universitet haqqında olan bu qaralama kampaniyası sifarişlidir. Universitetin müəllimi, kafedra müdiri kimi, mən haqqımızda böhtan dolu məlumatlar paylaşanları ali məktəbimizə dəvət edirəm. Buyursunlar, gəlsinlər, hər şeyi öz gözləri ilə görsünlər. Əminəm ki, bundan sonra feyk hesablara aldanıb yanlış məlumatlar paylaşdıqlarını görəcəklər”, - Qəhrəman Behbudov bildirib.

Mənbə: TNS.az

Bənzər yazılar

3.931312084198