Tahir Rzayev: “Dövlət qurumları bu dəfə təbiətin sınağından üzüağ çıxdılar”

 11-01-2023

“Son günlər ölkəmizdə qarlı hava şəraiti müşahidə olunsa da, aidiyyəti qurumlar bu dəfə təbiətin sınağından üzüağ çıxmağı bacardılar”. Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Əvvəllər Bakıya qar yağanda insanların haqlı şikayət və gileylərinin eşidildiyini xatırladan deputatın sözlərinə görə, analoji halın bu dəfə təkrarlanmaması sevindirici haldır:

“İlkin olaraq müvafiq orqanlar havaların soyuq keçməsi, qar yağması ilə əlaqədar cəmiyyəti operativ şəkildə məlumatlandırdılar. Hətta əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi qabaqlayıcı tədbirlər görüldü. Ekologiya və Təbii Sərvətləri Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumlar mövcud hava şəraiti ilə əlaqədar öz tövsiyələrini verdilər və əhalini təhlükədən uzaq olmağa səslədilər”.

T.Rzayevin sözlərinə görə, bütün bunların nəticəsi kimi müvafiq orqanların öncədən görülmüş tədbirləri sayəsində yaranmış müəyyən problemlərin qarşısını vaxtında almaq mümkün olub:

“Məhz buna görə, insanların narazılıqları ilə bağlı şikayətlər eşidilmədi. Qarın yağması bolluq-bərəkət olsa da, bəzi ərazilərdə yolun bağlanmasına, normal yaşayışa mənfi mənada öz təsirini göstərir. Lakin sevindirici haldır ki, müvafiq qurumlar bu dəfə təbiət sınağından üzüağ çıxmağı bacardı”.

Qeyd edək ki, yanvarın 8-dən başlayaraq Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişib, sulu qar, qar yağıb, şaxta olub, yollar buz bağlayıb. Bəzi rayonlarda, eləcə də ucqar yaşayış məntəqələrində yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaransa da, sonradan dərhal aradan qaldırılıb. Bununla yanaşı, bəzi ərazilərdə elektrik enerjisinin verilişində yaranmış kəsintilər də qısa müddət ərzində aradan qaldırılıb.

Bənzər yazılar

0.20508909225464