Prezident İlham Əliyev: “Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub”

 24-12-2022

“Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib.

“Mən bunu artıq bir neçə dəfə demişəm, bu gün də demək istəyirəm. Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır və biz bu gün görüşdüyümüz vaxtda BMT-də bizə qarşı növbəti təxribat hazırlanır. Artıq bir neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər. Gələn həftə də öz səylərini göstərəcəklər.

Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Yəni görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik”, - deyə dövlətimizin başçısı bildirib

Dövlətimizin başçısı deyib: “Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklərini edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da görmək istəmir. Necə ki Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi”.

O vaxt işğal altında olan torpaqlara ATƏT-in iki dəfə faktaraşdırıcı missiya göndərdiyini xatırladan Prezident qeyd edib ki, onların məruzəsinə baxdıqda yenə də ikili standartlar görürük.

“Qərbi azərbaycanlıların faciələri bununla bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qaldı. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti oldu”.

Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyasını böyük ədalətsizlik və vicdansızlıq adlandıran dövlətimizin başçısı deyib:

“Çünki İkinci Dünya müharibəsi cəmi üç il idi ki, başa çatmışdı. Azərbaycan xalqı böyük fədakarlıq göstərmişdi. Təkcə sovet Azərbaycanından olan insanların 300 mini həlak olmuşdu. O vaxt sovet Ermənistanında yaşamış on minlərlə azərbaycanlı da həlak olmuşdu. Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində əldə edilmiş qələbədə müstəsna rol oynamışdı”.

Prezident vurğulayıb ki, Azərbaycan nefti olmasaydı, sovet dövləti heç vaxt qələbə qazana bilməzdi:

“Bunu hər kəs bilir. Bu rəqəmlər dəfələrlə səsləndirilib. Benzinin, sürtkü yağlarının və neftin təqribən 70, 80, 90 faizi Azərbaycandan təchiz edilirdi. Bütün bunlara baxmayaraq, xalqımıza qarşı növbəti cinayətin törədilməsi, yenə də deyirəm, böyük vicdansızlıqdır və saxta bəhanə ilə xalqımız növbəti deportasiyaya məruz qalmışdır”.

Bənzər yazılar

0.20505714416504