GMO qidaları insan sağlamlığı üçün təhlükəlidirmi? - AQTA rəsmisi və iş adamı ddialarla razılaşmır

 15-04-2022

Rusiya-Ukrayna müharibəsi daha şiddətli mərhələyə qədəm qoyur. Ukraynanın Rusiyaya aid “Moskva” hərbi gəmisini vurmasından və NATO ölkələrinin Kiyevi ağır silahlarla təchiz etməsi qərarından sonra bu müharibənin lokal xarakterini itirəcəyi və iki qütb arasında müasir hərbi texnologiyaların çarpışma meydanına çevriləcəyi güman olunur.

Sözsüz ki, müasir texnologiya baxımından Rusiya NATO ölkələrindən xeyli geri qalır, bunu heç Rusiya prezidenti Vladimir Putin də gizlətmir. Moskvanın bu geriliyini kompensasiya etmək üçün müxtəlif vasitələrə əla atacağı da istisna deyil və Putin də Ukrayna savaşına start verdiyi ilk gün bunu açıq şəkildə dilə gətirmişdi. O, çətin vəziyyətə düşərsə, nüvə silahları ilə III Dünya Müharibəsini başladacağını bəyan etmişdi.

Mütəxəssislərin fikrincə, Rusiyanın bu savaşda qüdrətinə güvəndiyi digər “gizli silahları” da var və Putin müharibəyə başlayarkən əsasən bu “silahlarına” güvənirdi. Həmin “silahlar” isə hərbi yox, iqtisadi təsir vasitələridir. Moskvanın iqtisadi silahlarından biri enerji mənbələri, digəri isə qlobal qida təhlükəsizliyini təhdid edə biləcək aqro-istehsal gücüdür. Belə ki, həm Rusiya, həm də Ukrayna dünyanın taxıl bazası hesab olunur və onların müharibəsi qlobal ərzaq qıtlığına yol aça bilər. Görünür, Putin də dünyanın aclıqla imtahana çəkilməyi göz almayacağını və onun əl-ayağına düşüb “Ukraynadan nə istəyirsən al, amma müharibəni bitir” deyəcəyinə ümidli idi. Belə ki, Avropa İttifaqı ölkələri həm enerji sarıdan, həm də taxıl istehlakı baxımından Rusiyaya tam bağımlı haldadırlar və Moskva da bu imkanından strateji silah kimi istifadə etməyə çalışırdı. Gəlinən nöqtədə isə Putinin bu məsələdə də yanıldığı ortaya çıxdı.



Zənnimizcə, bu da səbəbsiz deyil. Çünki Rusiyanın bu strateji silahlarına qarşı dünyanın aparıcı ölkələrinin də öz alternativləri var. Avropa ölkələri və ABŞ enerji təhlükəsizliyi sahəsində müxtəlif strategiyalar hazırladıqları kimi, qida təhlükəsizliyi məsələsində də önəmli alternativlərə istinad edirlər. Başlıca alternativlərdən biri də genetik modifikasiya olunmuş qida (GMO) məhsullarıdır.

Maraqlıdır ki, dünya alternativ arayışlarına girdiyi bir zamanda Azərbaycanda GMO qidalarına qarşı müharibə elan edilib. 3 gün öncə Milli Məclisdə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi zamanı səslənən bir sıra fikirlər belə düşünməyə əsas verir. Məlumata görə, GMO qida məhsullarına qarşı ən ciddi dirəniş göstərən deputatlardan biri parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov olub. Rusiyanın “Dostluq” ordeni ilə mükafatlandırılan və yeri gəldi gəlmədi medallarını sinəsinə taxıb hava atan Siyavuş Novruzovun fikrincə, GMO qida məhsullarının istehlakı insanda psixoloji problemlərə yol aça bilər.



“Artıq Azərbaycana geni dəyişdirilmiş bu meyvələrin özü yox, toxumları gətirilir. Soyuqda bitməsi nəzərdə tutulan və daha çox məhsul verən bitkini gətirib Azərbaycanda əkirlər, onun məhsullarının da insana psixoloji təsiri başqa cür olur”- Putinin şəxsən sinəsinə “Dostluq” medalı taxdığı Siyavuş Novruzov parlametin 12 aprel sessiyasında belə deyib.

Rusiyadan aldığı medalları və ordenləri ilə Şimali Koreya generallarını xatırladan Siyavuş müəllimin GMO qidalarına qarşı açdığı müharibəyə “Azad İstehlaçılar” İctimai Birliyininin sədri Eyyub Hüseynov da qatılıb. Eyyub Hüseynov təkcə geni dəyişdirilmiş qida məhsullarını deyil, həm də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini də hədəfə alıb.

“8 aprel 2022-ci ildə Qida Təhlükəsizliyi Agentliyində keçirilən yığıncaqda aparat rəhbəri özü dedi ki, yer üzündə soyanın 98 faizi genetik modifikasiya olunub. Azərbaycanda neçə ildir soya əkinçiliyi var. Bu, onu göstərir ki, genetik modifikasiya olunmuş əkinçilik bizdə də var. Təəssüflər olsun ki, böyük məbləğdə dövlət hedabına yaradılmış laboratoriyalar isə bu barədə susurlar. Aprelin 8-də Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini, aparat rəhbəri və digər 7 nəfər bir saat 40 dəqiqəlik yığıncaqda məni bu çıxışlarımdan çəkindirməyə çalışdılar”, - Eyyub Hüseynov mətbuata açıqlamasında bildirib.



Halbuki, genetik modifikasiya olunmuş məhsulların əkilməsinin AQTA-ya az dəxli var. Əkinçilik, biçinçilik məsələsi ilə AQTA yox, KTN məşğul olur. Elədirsə, Eyyub Hüseynov niyə KTN-nı deyil, AQTA-nı tənqid atəşinə tutur? 

Suallarımızı cavablandıran, amma adının açıqlanmasını istəməyən AQTA rəsmisi bu barədə maraqlı fikirlər irəli sürdü: “Eyyub Hüseynovun kimdən və ya hardan medal alıb almadığını deyə bilmərəm. Ancaq onu bilirəm ki, Eyyub Hüseynovun bizi tənqid etməsinin səbəbi tamamilə başqadır. Eyyub Hüseynov bəzi idxal məhsulu biznesinə lobbiçilik edir. Azərbaycan hökuməti isə yerli istehsalı təşviq etmək üçün bu cür məhsulların idxalına müəyyən əngəllər yaradır. Üstəlik, Eyyub müəllimin lobbiçilik etdiyi həmin məhsullar istehlaka da yarasızdır. Biz də yararsız məhsulların ölkəmizə idxal olunmasına izn vermirik. Görünür, rəhbərlik etdiyi qurumun adının arxasında gizlənən Eyyub Hüseynov bizə və digər dövlət qurumlarına, həmçinin ölkədəki bəzi müəssisələrə hücumu da bu lobbiçilik fəaliyyətinin tələblərindən irəli gəlir”.



Həmsöhbətimiz saytımız vasitəsilə E.Hüseynova bəzi ritorik suallar da ünvanladı: “Cənab Eyyub müəllim, lobbiçiliyini etdiyiniz və ya Azərbaycana gətirmək istədiyiniz məhsullar GMO deyilmi? Necə olur, sizin gətirdiyiniz keyfiyyətsiz məhsullar Azərbaycan insanı üçün zərərli olmur, amma öz müəssisələrimizin daha keyfiyyətli ortamda istehsal etdikləri insan sağlamlığı üçün təhlükə əxz edir?”.

Növbəti sual: Doğrudanmı, GMO qidaları insan sağlamlığı üçün təhlükəlidirmi?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bu iddialarla razılaşmır. Onun fikrincə, hələ 50 il bundan əvvəl dünya alimlərini getdikcə artan insan sayının qida çatışmazlığına səbəb olacağı ehtimalı narahat edirdi: Çünki ənənəvi üsulla əkinçilik məhsuldar deyildi və bu da milyardlarla insanın aclıqdan ölməsi perspektivi yaradırdı. Hətta bəzi strateqlər bəşəriyyəti qorumaq üçün qanlı müharibələrin zəruriliyini qeyd edir, insan sayının 1 milyarda qədər endirilməsini planlaşdırırdılar. Alimlər bu problemin ən qansız həllini qida məhsullarının genetik modifikasiyasında gördülər və indi Eyyub Hüseynov kimi insanların qarşı çıxdığı məhsullar meydana çıxdı. Bəşəriyyət aclıqdan ölümdən xilas oldu. Gözlənilənin tam əksinə bu qidalar nəinki kütləvi ölümlərə, amansız xəstəliklərə yol açmadı, əksinə insanların ömrü uzandı”.

Mürvət Həsənli dünyanın ən inkişaf etmiş ölkələrinin GMO qidalarının əkilməsində böyük məsafələr qət etdiyini xatırladaraq, bildirdi ki, əgər, bu məhsullar deyildiyi kimi, təhlükəli olsaydı, həmin dövlətlər sözügedən siyasəti həyata keçirməzdilər: “Hətta BMT-nin müvafiq qurumları belə, bu məsələ ətrafında xeyli müzakirə apardıqdan sonra GMO məhsulların istehlakına yaşıl işıq yandırıb. Nəticədə faktiki olaraq bu gün istehlak etdiyimiz məhsulların böyük əksəriyyəti yeni üsullarla becərilir”.

Həmsöhbətimizin fikrincə, məhsulların genetiki ilə oynamaq son zamanlar ortaya çıxan aqro-texniki hadisə də deyil: Tarixən insanlar bu sahədə müəyyən addımlar ata-ata toxumları modifikasiya ediblər. Bu gün istehlak etdiyimiz orqanik məhsulların hamısı qədim dövrlərin GMO-sudur. Elmi araşdırmalar sübut edir ki, xüsusilə taxıl bitkilərinin dənləri qədim dövlərdə xeyli balaca olub. Həm məhsuldarlıq, həm də istehlak baxımından o qədər də yararlı deyildi. Atalarımız müxtəlif seleksiyalar nəticəsində onları indiki formaya salıblar. Məsələn, buğdanı qədim Mesapotomiya xalqları, darını qədim çinlilər, qarğıdalını isə Amerika yerliləri modifikasiya ediblər. Amerika yerliləri hətta qarğıdalının şəkilini belə dəyişiblər. Əvvəl qarğıdalı digər taxıl növləri kimi bir saplaq üzərində düzülmüş uzun şəkildə idi. Qədim amerikalılar onu modifikasiya edib indiki şəklinə - yuvarlaq hala gətiriblər”.

Mürvət Həsənli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına istinadən bildirdi ki, hazırda dünyada 870 milyon insan xroniki aclıqdan əziyyət çəkir və yetərincə qidalanmayan insanların sayının qarşıdakı illərdə daha da artacağını güman olunur: “Proqnozlara görə, 2050-ci ilədək dünya əhalisinin sayı 9 milyardı ötəcək və nəticədə qlobal ərzaq çatışmazlığı özünü daha çox hiss etdirəcək. Bu təhlükənin qarşısının alınması üçün alimlər tərəfindən irəli sürülən çıxış yolu müasir biotexnologiya metodlarından istifadə edərək, genetik modifikasiya olunmuş məhsullar istehsal etməkdir”.



O həmçinin bildirdi ki, hazırda bir çox qida məhsullarının böyük əksəriyyəti yenidən modifikasiya prosesindən keçirilir və onların orqanik halları tədricən sıradan çıxır: “Beynəlxalq araşdırma təşkilatlarının hesabatlarına görə, hər il yüzlərlə bitki növləri yox olur. Onların yerinə yeni bitkilər və ya modifikasiya nümunələri yaranır.

Məsələn, hər sahədə istifadə etdiyimiz soya bitkilərinin 48,2 faizi genetik cəhətdən dəyişdirilib. Hətta 2018-ci ildə ABŞ-da əkilmiş bütün soyaların 94%-i, pambığın 94%-i, qarğıdalının isə 92%-i GMO təşkil edib. Belə bir vəziyyətdə yalnız orqanik qida məhsuli axtarmaq böyük müşkülə çevrilib. Üstəlik, Azərbaycan qida təhlükəsizliyi strategiyasını həyata keçirmək üçün GMO məhsulları əkinçiliyi ilə məşğul olmalı, bir çox bitki növlərinin seleksiyası işini sürətləndirməlidir.

Siz təsəvvür edin, bəzi adamların orqanik qida lobbiçiliyi nəticəsində Azərbaycan öz taxılçılıq sahəsini inkişaf etdirə bilmir. Fermerlərimizin istehsal etdiyi buğdanın dənəsi isə xırda olduğundan Taxıl Fondu tərəfindən qəbul olunmur. Nəticədə fermerlərimizin yetişdirdiyi məhsullar ya əllərində xarab olur, ya da heyvan yemi kimi istifadə edilir. Biz isə qida məhsulu kimi istifadə etdiyimiz iri dənəli buğdanı başqa dövlətlərdən alırıq. Həmin məhsulun GMO olub-olmadığını isə bilmirik. Halbuki, fermerlərimizin istehsal etdikləri məhsulların seleksiyasını sürətləndirə və xaricdən asılılığımıza son qoya bilərik. Bu mənada mən Eyyub müəllimin fikirləri ilə razılaşmıram”.

Mənbə ovqat.com

Bənzər yazılar

0.36913990974426