Ukraynanın ərazi bütövlüyünü qoruyarkən həlak olan və vida mərasimində Ukrayna dilində Azərbaycan Himni səsləndirilən soydaşımızın nəşi bu gün Azərbaycana gətiriləcək.
“Qafqazinfo”nun məlumatına görə, İrpen istiqamətində “Karpat Seçi” könüllü batalyonunun tərkibində döyüşmüş 1993-cü il təvəllüdlü Elnur Həsənov bazar günü Goranboy rayonunda dəfn ediləcək. Belə ki, əslən Kəlbəcər rayonu Cəmilli kəndindən olan Elnurun ailəsi 1992-ci ildə erməni işğalından sonra Kəlbəcərdən Goranboya köçüb və o, bu rayonda böyüyüb boya-başa çatıb.
Qeyd edək ki, Elnur Ukraynada könüllü batalyonunda kəşfiyyatçı kimi döyüşüb. O, “Alik” ləqəbi ilə tanınıb. Elnur Həsənov peşəkar hərbçi olub, həmçinin Vətən müharibəsi zamanı Qarabağda döyüşüb, snayper dəstəsinin rəhbəri olub.
Elnur Həsənovun yaxınlarının sosial şəbəkələrdə yaydıqları məlumata görə, onun iki övladı var, həyat yoldaşı hamilədir.