"Prezident İlham Əliyevin Vətən müharibəsindəki müstəsna rolu bizi daha böyük qələbələrə aparacaq”.
Bunu "Report"a açıqlamasında siyasi analitik, ekspert Elçin Mirzəbəyli deyib.
"Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra Ümumilli lider Heydər Əliyevin “Güclü dövlət, güclü ordu” konsepsiyasını davam etdirdi. Bəzən fərqli qarşıladığımız, tərəddüd etdiyimiz addımların əslində nə qədər zəruri olduğu Vətən savaşından sonra təsdiqləndi", - ekspert qələbəyə gedən yolun təkcə 44 gündən ibarət olmadığını vurğulayaraq bildirib.
E.Mirzəbəyli qeyd edib ki, bəziləri vaxtı ilə Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün məqsədini anlamayıb. Onun sözlərinə görə, lakin məhz bu addım nəticəsində Qoşulmama Hərəkatının üzvləri Vətən müharibəsi dövründə bizi dəstəkləyib: "Ölkəmizdə həyata keçirilən idman siyasəti də bəzən anlaşılmırdı. Ancaq məhz gənclər və idman siyasəti nəticəsində mərd, sağlam, bacarıqlı, vətənpərvər oğullarımızın sayı artdı. Nəticədə milli ruhumuz daha da inkişaf etdi. Fərd olaraq qalib gəlmək qabiliyyətimiz millət olaraq qələbə qazanmaq bacarığımıza çevrildi.
Bütün bunların Vətən müharibəsindəki zəfərimizdə mühüm rolu var. 44 günlük Vətən müharibəsini xatırladıqca həmin günün hər birinin necə çətin olduğunu bir daha başa düşürük. Prezident, Ali Baş Komandan İlham Əliyev mahir diplomat kimi həmin çətinliklərin öhdəsindən gəldi".