Elnur Soltanov: “Azərbaycan” İES-in modernləşdirilməsi iki il ərzində yekunlaşacaq”

 02-11-2022

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” istilik elektrik stansiyasının modernləşdirilməsi işlərinin qarşıdakı iki il ərzində həyata keçirilməsi planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda yaşıl transformasiya” adlı konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, modernizasiya işləri istixana qazlarının kifayət qədər azaldılmasına təsir edəcək:

“Enerji istehsalı sahəsində ciddi addımlar atılır. Qeyri-effektiv stansiyaların daha effektiv stansiyalarla əvəzlənməsi buna nümunədir. Mingəçevirdə Azərbaycanın ən böyük su elektrik stansiyası yerləşir və orada istehsal edilən enerjinin 95%-i təbii qazla əldə edilir. Mingəçevir SES 2 400 meqavat gücündə olan stansiyadır. Bu, SSRİ zamanından qalan ən səmərəsiz stansiyalardan biri idi. Onun modernləşməsi istiqamətində aparılan işlər bir neçə yüz milyon kubmetr təbii qaza qənaət edilməsinə hədəflənib”.

Xatırladaq ki, oktyabrın 25-də imzalanan Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən, “Azərbaycan” İES-in mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1 280 MVt artırılması nəzərdə tutulur. Blokların modernləşdirilməsi nəticəsində hər kVt/s-a düşən şərti yanacağın həcmi 100 qram azalacaq. Bu isə təxminən ildə bir milyard kubmetr təbii qaza qənaət edilməsi deməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il 27 fevral tarixində Mingəçevir su elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənib. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırılıb.

Bənzər yazılar

0.14327788352966