Dünya Bankının meneceri: “Azərbaycana necə töhfə verə biləcəyimizə dair müzakirələr gedir”

 01-11-2022

Azərbaycan nəhəng regional iqtisadi oyunçuya və beynəlxalq nəqliyyat-tranzit qovşağına çevrilib. Ancaq ölkə bununla kifayətlənmək niyyətində deyil: “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”nda milli iqtisadiyyatın inkişafının beş prioritet istiqaməti sırasında rəqəmsallaşma da yer alıb. Azərbaycan bu istiqamətdə uzun illərdir Dünya Bankı (DB) ilə əməkdaşlıq edir.

“Report” Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə rəqəmsal inkişaf meneceri Nikol Klingenlə müsahibəni təqdim edir:

- Dünya Bankı rəqəmsallaşmanın inkişafında Azərbaycana necə kömək edə bilər?

- Hər bir ölkə özünəməxsus rəqəmsal inkişaf yolundadır, uyğunlaşmağa və gələcəklə ayaqlaşmağa çalışır. Rəqəmsallaşmanın nə qədər vacib olduğunu biz ilk dəfə COVID-19 pandemiyası zamanı, birdən-birə heç kimin bir yerdən başqa yerə gedə bilmədiyi zaman anladıq. İnsanların, müəssisələrin və hökumətlərin münasib qiymətə, yüksək keyfiyyətli və təhlükəsiz əlaqə vasitələrinə çıxışı olduğu ölkələr digərlərindən daha yaxşı nəticələr əldə edib və daha sürətli inkişaf ediblər. Başa düşdük ki, ölkələr daxilində və ölkələr arasında böyük bərabərsizliklər var. Ölkə daxilində şəhər məkanları kənd yerlərindən daha yaxşı işləyir, eləcə də əhalinin müxtəlif təbəqələri təhsil və ixtisas səviyyəsindən asılı olaraq işin öhdəsindən daha yaxşı gəlir. Ən vacibi - əlçatan əlaqəni təmin etmək idi.

Biz dünyada hər biri bu yolun fərqli mərhələsində olan ölkələrlə işləyirik. Heç kim sıfırdan başlamır. Bəzi ölkələrdə bəzən insanlar rəqəmsal platformaların istifadəsinə tam etibar etmirlər və ya kifayət qədər bacarıqlara malik deyillər. Buna görə də insanların elektron ödənişlərdən istifadə etmələrini, platformalarda əməliyyatlar aparmalarını və daha yaxşı xidmətlər əldə etmələrini təmin etmək məqsədilə ölkələrlə əlaqə və bacarıqları təkmilləşdirmək üzrə işləyirik.
Azərbaycan hökumətinin milli inkişaf strategiyası var ki, bu strategiyada rəqəmsallaşma böyük rol oynayır. Biz hökumətlə strategiyanın transformasiyası və inkişafı üzrə işləyirik. İndi biz bacarıqların inkişafı üzrə müzakirələrə başlayırıq. Həmçinin rabitə qanunları və qaydaları ilə bağlı çox konkret maddələr üzərində işləmişik.

İşin bir hissəsi də internetin əlçatan, təhlükəsiz və s. olub-olmadığını anlamaq üçün vacib olan geniş bank strategiyasının hazırlanması idi.

İndi Azərbaycanın qarşısına qoyduğu daha geniş strategiyanın müzakirəsinə keçməkdən məmnunuq və hökumətin istədiyi şəkildə onu dəstəkləməyə hazırıq.

- Dünya Bankının Azərbaycanda “ağıllı” kəndlər üzrə araşdırmasına əsasən, ölkənin kənd və şəhər yerləri arasında rəqəmsal uçurumu aradan qaldırmaq və kənd yerlərində rəqəmsal bacarıqları təkmilləşdirmək üçün görəcəyi çox iş var. Dünya Bankı Azərbaycanın kənd yerlərində rəqəmsal bacarıqların təkmilləşdirilməsi üçün hansı imkanları və yolları görür?

- Əhalinin bacarıqları son dərəcə vacibdir. Kənd və şəhər yerləri arasındakı fərqə gəlincə, bu, ilk növbədə əlaqə imkanları, daha sonra isə ondan səmərəli istifadə etmək bacarığı ilə bağlıdır.

Rəqəmsal bacarıqların inkişafı müxtəlif səviyyələrdə baş verir. Əvvəla, bu, bir insanın telefondan və ya veb-saytdan istifadə etmək üçün əsas qabiliyyətidir: elektron məktub göndərmək, faylları əlavə etmək və s. Bir çox ölkələr onları baza təhsilə cəlb etməyə çalışır. Bəzi ölkələrdə rəqəmsal uşaq bağçaları, ibtidai və orta məktəblər və s. var. Kənd yerlərindəki insanların da təhsil sistemində bu səviyyəyə yüksəlmələri çox vacibdir.

Sonra isə universitetdə artıq elmi texnologiyalar və proqramlaşdırma tədris olunur, yəni biz daha yüksək imkan səviyyəsinə keçirik. Bu, tələbələri əmək bazarları ilə əlaqələndirmək üçün vacibdir. Tez-tez görürük ki, universitet məzunlarının iş yeri yoxdur, onlar lazımi bacarıqlara yiyələnməyiblər.

Yaxşı internet əlaqəsi olsa, onlayn təhsil vermək mümkündür. Bunu pandemiya zamanı da gördük, bunu nəzərə almaq lazımdır. Fiziki iştirakın zəruri olmadığı kurslar var. Şəhərdə yaşamayan insanlar üçün çoxlu imkanlar görürəm.

- Dünya Bankı “ağıllı” kəndlərdən başqa, Azərbaycanın rəqəmsal inkişafına töhfə vermək üçün hansı addımları atır? Dünya Bankı Azərbaycanda rəqəmsallaşmanın hansı sahələrini nəzərdən keçirir?

- Hazırda hökumətlə daha çox hansı sahələrdə iştirak etməyimizi istədikləri və bizim hansı sahələrdə daha faydalı ola biləcəyimiz barəsində müzakirələr gedir. Hökumət plan hazırlayır və ən yaxşı halda necə töhfə verə biləcəyimizə dair müzakirələr gedir. Azərbaycan təkcə şəhərlərdə deyil, bütün ölkədə genişzolaqlı şəbəkənin təmin edilməsi istiqamətində böyük işlər görür, ona görə də sual bizim bunu necə dəstəkləyə biləcəyimizlə bağlıdır.

- Azərbaycan işğaldan azad edilmiş torpaqlarında “ağıllı” kəndlər/şəhərlər yaradır. Dünya Bankı bu prosesə necə cəlb oluna və ya bu prosesi necə dəstəkləyə bilər?

- Dünya Bankının ilkin adı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı olub. Bank Avropada fəaliyyətinə İkinci Dünya müharibəsindən sonra, infrastrukturun bərpa edilməsi üçün başlayıb. Biz daim bütün dünyada münaqişədən sonrakı vəziyyətlərdə işləyirik: Əfqanıstan, İraq və s. Biz çoxlu təcrübə gətiririk və adətən bu, yalnız bir sahədə olmur, insanlara imkanlar təmin etmək üçün müxtəlif sahələr üzrə işləyən bir komanda şəklində olur.

Biz dünyada, o cümlədən Azərbaycanda münaqişədən sonrakı dövrdə vəziyyətin yaxşılaşdırılmasında iştirak etməkdən çox şadıq. Biz bu kimi yerlərdə işləyərkən istər səhiyyə, istər təhsil, istərsə də sosial xidmət sektorlarında baza xidmətlər çox vacib olur. Bu, böyük ölçüdə ölkədəki vəziyyətdən asılı olur. İnsanların ümidinin olmasını, xidmətlər almasını və normal həyata qayıda bilməsini təmin etmək də vacibdir.

- Azərbaycanın rəqəmsal inkişafını ümumilikdə necə qiymətləndirirsiniz? Onu daha da inkişaf etdirmək üçün nə lazımdır?

- Azərbaycanın hazırkı strategiyasının hər şeydən çox rəqəmsal texnologiyalara yönəlməsi təsiredicidir. Heç də bütün ölkələr bunu etmirlər. Bu, iqtisadiyyatın istehsal sahələrinin daha məhsuldar olmasını və insanların ölkənin inkişafı ilə ayaqlaşmasını təmin etmək üçün zəruridir. Rəqəmsal sektorlar ən sürətlə inkişaf edənlərdir. Biz sahənin inkişafını təmin etməliyik ki, Azərbaycan regional və qlobal rəqabətqabiliyyətlilik baxımından ölkənin, həqiqətən, getmək istədiyi istiqamətdə irəliləyə bilsin.

Bənzər yazılar

0.16468501091003