2020-ci il sentyabrın 10-u saat 19 radələrində Sumqayıt şəhər 17-ci mikrorayon ərazisində, Olimpiya kompleksinin yaxınlığında şəhər sakini, 1988-ci il təvəllüdlü Elgün İsmayılovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Dərhal bu barədə şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən prokurorluğa məlumat verilir və dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılır...
Həmin gün saat 23 radələrində cinayəti törədən 1989-cu il təvəllüdlü Teymur İsmayılov polis əməkdaşlarına könüllü təslim olur və Sumqayıt şəhər prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılır.
Qətlə yetirilən şəxsin maykası
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Elgün İsmayılovdan götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsi zamanı 0,4 faiz etil spirti aşkar edilib.
Teymurun Elgünün avtomobilinə əyləşməsi və birlikdə getmələri 17-ci mikrorayon ərazisində yerləşən marketdə quraşdırılmış videomüşahidə kameralarına həkk olunub.
Lent.az sözügedən cinayət işinin istintaq materiallarını əldə edib.
Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, taksi fəaliyyəti ilə məşğul olan Teymur İsmayılov sentyabrın 10-u saat 18 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində özünə məxsus “Mercedes” markalı avtomobildə müştəri gözləyirmiş. Bu zaman tanımadığı Elgün İsmayılov idarə etdiyi “Renault Megane” markalı avtomobili onun yanında saxlayıb və şirniyyat mağazasının qarşısındakı qadınlara söz atıb. Teymur qadınların bu hərəkətdən pis olduğunu görüb, Elgünə onlara sataşmamasını və oradan getməsini istəyib. Amma Elgün İsmayılov onunla mübahisə etməyə başlayıb. Təkid etdiyini görən Teymur İsmayılov onu avtomobilinə əyləşdirib və 17-ci mikrorayona, idman kompleksinin yaxınlığına, insanlardan kənar olan, tikinti üçün ayrılmış boş əraziyə aparıb. Əlbəyaxa dava zamanı Elgün İsmayılov söyərək, Teymuru öldürəcəyini deyib. Bundan hiddətlənən Teymur İsmayılov yumruq-təpiklə Elgünə çoxsaylı zərbələr endirərək onu öldürüb.
Qətl olan ərazi
Teymur İsmayılovun ifadəsi...
İş üzrə dindirilmiş Teymur İsmayılov bildirib ki, hadisə baş verən günədək fərdi qaydada taksi sürücüsü kimi işləyib. Cüdo və sambo ilə məşğul olub: “2020-ci il sentyabrın 10-da 18-ci mikrorayon dairəsində, marketin yaxınlığında dayanıb müştəri gözləyirdim. Həmin vaxt mənim kimi taksi işləyən “Mercedes”in sürücüsü tanışım Mirsahil Usubzadə də orada idi. Bu zaman “Renault” markalı avtomobil maşınımın yanında saxladı. Üzərində taksi nişanı yox idi. Maşını 30-35 yaş arası, qarayanız oğlan sürürdü. Ərazidə taksi fəaliyyəti ilə məşğul olmağıma baxmayaraq onu tanımırdım. Sürücü şirniyyat dükanının qarşısında 2 qadına söz atdı. Əvvəl sakit dursam da, sonra bu hərəkətindən xanımların pis olduqlarını gördüm. Ona düz hərəkət etmirsən, hamının anası-bacısı var, dayanma burda, çıx get dedim. O isə mənə “sənlik deyil” söyləyəndə, yenə də təmkinlə buna ehtiyac olmadığını və getməsini bildirdim. Elgün qərəzli şəkildə maşınına minməyimi tələb edəndə ona sözün varsa, düş aşağıda söhbət edək dedim. Təkid etdiyini görüb, avtomobilinə əyləşdim və Elgün sürətli şəkildə maşını sürdü. Hara getdiyimizi soruşdum, o da, dayan, indi görərsən hara gedirik dedi. Dəfələrlə avtomobili saxlamasını tələb etdim. 17-ci mikrorayonda, idman kompleksinin yaxınlığındakı boş əraziyə gəldik. Mirsahil Usubzadə mübahisə etdiyimizi görüb, arxamızca gəlirdi. Lakin Elgün maşını çox sürətli sürdüyü üçün Mirsahil bizi tapmadı.
Teymur İsmayılov
Maşından düşəndən sonra setkalı taxta qapını açıb, boş əraziyə girdik. Elgün məni sol tərəfdə olan köhnə tikilinin qabağına tərəf aparandan sonra bura bizim yerdir, artıq adam olmur, indi de görüm nə deyirsən bildirdi. Dava etmək istəmədiyimi söyləyəndə, Elgün sinəmdən vurdu və dava başladı. Yumruğun biri Elgünün burununa dəydi, o arxaya gedərək, başı divara çırpıldı. Amma yenə o, məni vurmaqda davam edirdi. Dodağımdan, başımdan və ayaqlarımdan xəsarətlər aldım. Sonra Elgün anidən ağzıüstə yerə yıxıldı. Həmin vaxt ora tanımadığım cavan oğlan gəldi. Onun Elgünün tanışı olduğunu zənn edərək, qorxub qaçdım. Mirsahillə zəngləşəndən sonra, tanışım gəlib məni götürərək avtomobilinin yanına apardı. Mirsahilə baş verənləri danışdım, ondan hadisə yerinə getməyini, təcili yardımla əlaqə saxlayaraq Elgünə kömək etməsini xahiş etdim. Sonra dostum İntiqam Əliyevlə görüşərək, hadisəni ona da danışdım. Elgünün ölməyəcəyini düşündüyüm üçün dostum da bunun adi dava olduğunu zənn edib, mənə təskinlik verdi. Buna baxmayaraq tez-tez Mirsahillə telefon əlaqəsi saxlayırdım. Amma o, mənə Elgünün səhhəti ilə bağlı konkret bir söz deyə bilmədi. Axırıncı dəfə danışanda Mirsahil mənə xəstəxananın həyətində olduğunu və həmin şəxsin deyəsən öldüyünü dedi. İntiqamla sağollaşıb evə yollandım, yolda 17-ci mikrorayon dairəsində taksi yoldaşım Mahir Səfərəliyevi gördüm, ona işarə edərək arxamca gəlməsini dedim”.
Elgün İsmayılov
Cinayət işi materiallarına əsasən, Teymur həyətdə öz avtomobilini qoyub, Mahirin maşını ilə Bakıya, “Gənclik” metrostansiyası yanında yerləşən ticarət mərkəzinin qarşısına gəlib. Dostu Raminə dava etdiyini, lakin vurduğu şəxsin ölüb-ölmədiyini dəqiq bilmədiyini söyləyib. Ramin Sumqayıt şəhər Polsi İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəis müavini Bəxtiyar Hacıyevin sinif yoldaşı olduğunu və ondan zərərçəkmişin vəziyyəti ilə maraqlanacağını bildirib. Telefonla əlaqə saxladıqda, polis əməkdaşı Elgün İsmayılovun öldüyünü deyib:
“Bəxtiyar Hacıyev Sumqayıt şəhərinin girişində, maşın bazarının qarşısında bizi gözləyəcəyini dedi. Bundan sonra Raminlə sağollaşara, evə getdim. Qardaşım İsrafili də götürüb, təslim olmaq üçün bazarın qarşısına yollandım. Polis əməkdaşlarına təslim oldum və hadisəni olduğu kimi danışdım”.
Şahidlər
Cinayət işi materiallarında göstərilir ki, Teymur İsmayılov mərhumu əvvəllər görmədiyini və onun qadınlara nə dediyini eşitmədiyini deyib. Hadisə yerində olanda Elgün İsmayılov hələ sağ olub. Törətdiyi cinayət əməlindən peşmandır.
Zərərçəkmiş şəxsin hüquqi varisi Orxan İsmayılov ifadəsində göstərib ki, qətlə yetirilən qardaşı Elgün İsmayılov fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub. Axırıncı dəfə sentyabrın 7-də onun ad günü ilə əlaqədar atasının bağında ailəlikcə yığışıblar:
“Ayın 10-u saat 16:45-də Bakıda olanda hal-əhval tutmaq üçün Elgünə zəng etdim. Səsindən içkili olduğunu bildim. Elgün dostu İxtiyar Abbasəliyevlə kafedə pivə içdiyini deyib. Saat 18 radələrində Sumqayıta qayıdarkən anam Yeganə İsmayılova zəng edərək, Elgünün dava etdiyini xəbər verdi. 5 dəqiqə sonra tanımadığım nömrədən zəng edən şəxs Elgünün qardaşı olub-olmadığımı və harda olduğumu soruşdu. Həmin vaxt telefonda kənardan qardaşım arvadı və oğlunun ağladıqlarını eşidərək, pis bir hadisənin baş verdiyini başa düşdüm. Zəng edən oğlandan, harda olduğunu soruşanda, o, olimpiya kompleksinin yanında olduğunu dedi. Hadisə yerinə çatanda qardaşımın yerdə, hərəkətsiz vəziyyətdə uzandığını, ətrafda çoxlu insanların toplaşdığını və təcili tibbi yardım avtomobilini gördüm. Yaxınlaşanda, mənə Elgünün öldüyü dedilər. Qardaşımın hansı səbəbə görə öldürüldüyünü bilmirəm”.
Mirsahil Usubzadə
Şahid Mirsahil Usubzadə bildirib ki, Teymur İsmayılovu 1 ildən çoxdur tanıyır. Teymur da onun kimi taksi sürücüsü olub və ikisi həmişə 17-ci mikrorayon ərazisində yerləşən marketin qarşısında dayanaraq Bakı-Sumqayıt yolu üzrə sərnişin gözləyiblər:
“Sentyabrın 10-u saat 18 radələrində bir avtomobil dayandığımız yerə yaxınlaşdı. Bir neçə dəqiqədən sonra Teymur həmin maşının sürücüsündən “nəyə baxdığını?” soruşdu. Elgün İsmayılov şirniyyat evinin qarşısında dayanan qadınlara söz atdığı üçün, Teymur mədəni şəkildə ona bu hərəkətin düzgün olmadığını bildirdi. Elgün Teymurun bu sözlərinə kobud formada cavab verdi. Tanışım Elgünün avtomobilinə əyləşdi. Elgün də maşını “Daş bazarı” istiqamətində sürdü. Mən də, öz maşınıma əyləşib Saray qəsəbəsi istiqamətində sürdüm. Yolda bir neçə dəfə zəng etsəm də, Teymur zənglərimə cavab vermədi. Saray qəsəbəsinə qədər getsəm də, yolboyu onlar gözümə görünmədi. Yenə, bir neçə dəfə zəng etdikdən sonra tanışım həyəcanlı səslə cavab verərək, onu daş bazarı tərəfdən götürməyimi xahiş etdi. 3-4 dəqiqədən sonra deyilən yerə çatan kimi, Teymur maşına oturdu. Elgünlə dalaşdığını və onun yaralandığını dedi.
Elgünün maşını
Teymuru düşürdükdən dərhal sonra dava olar yerə getdim. Orda Elgünün arxası üstə yerdə uzandığını, üst-başının qan olduğunu və ətrafda çoxlu insanların toplaşdığını gördüm. Avtomobildən düşərək bir müddət orda qaldım. Teymura zəng edərək baş verənləri danışdım”.
Şahid Nurlan Kərəmli bildirib ki, sentyabrın 10-u saat 17 radələrində işdən çıxıb və təxminən saat yarıma Sumqayıt şəhərinə çatıb. Telefonla danışa-danışa 17-ci mikrorayonda yerləşən “İdman kompleksi” tərəfə gəlib:
“Ani olaraq başımı sağa döndərəndə yerə yıxılmış vəziyyətdə bir oğlan gördüm və dərhal telefonu söndürüb ora yaxınlaşdım. Orda olan bir oğlan həmin yaralıya kömək etməyimi və üzünə su vurmağımı xahiş etdi. Günahı olmadığını, uzanan şəxsi göstərərək, onu davaya təhrik etdiyini dedi. Üzü aşağı uzanmış oğlanı qucaqlayaraq, divara tərəf oturtmaq istəsəm də, bacarmadım. Bizdən başqa heç kim yox idi. Ərazidə oynayan uşaqlardan su gətirmələrini xahiş etdim. Elgün İsmayılovun üzərinə su töksəm də, o, yenə də hərəkətsiz vəziyyətdə qaldı. Yaxınlarına zəng etmək üçün ciblərində mobil telefon axtardım, tapa bilmədim. Orda olan bir azyaşlı mənə Elgünü tanıdığını və qonşusu olduğunu dedi. Hadisə yerinə insanlar toplaşırdı. Təcili tibbi yardım avtomobili gələn kimi köməkləşib, yaralını maşına qoyduq. Elgünün üzündə xəsarətlər vardı və gözləri açıq vəziyyətdə idi. Hadisə yerində hər hansı kəsici alət və ya küt əşya görmədim. Teymur İsmayılov özü Elgün İsmayılova kömək etməyib”.
İttiham aktı
Şahid İxtiyar Abbasəliyev ifadəsində göstərib ki, mərhum Elgün İsmayılovla tanışlığı 2012-ci ildən başlayıb. Həmin vaxt onlar süd məhsulları şirkətində işləyiblər:
“İşdən çıxdıqdan sonra Elgün taksi fəaliyyəti ilə məşğul olub. Bakıda, 20 yanvar dairəsində dayanıb Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşıyırdı. Sentyabrın 10-u saat 13 radələrində Elgün kafedə bir neçə bakal pivə içib. Həmin vaxt iş başında olduğum və digər müştərilərlə maraqlandığım üçün ara-sıra tanışımın yanına gedib-gəlirdim. Maşını sürmək üçün Elgün dostu Vüqar Axundovu çağırıb və Vüqar gələndən sonra, onlar çıxıb, getdilər. Saat 20 radələrində polislər kafeyə gələrək, mənə göstərdikləri şəkildəki şəxsi tanıyıb-tanımadığımı soruşdular. Mən də şəkilə baxıb, həmin adamın Elgün olduğunu gördüm. Nə baş verdiyini soruşanda mənə bildirdilər ki, 18-ci mikrorayon dairəsi yaxınlığında Elgün İsmayılov kiminləsə mübahisə edib və dava vaxtı aldığı xəsarətlərdən ölüb”.
Şahid Ruslan Hacıyev ifadəsində göstərib ki, Elgün İsmayılov dayısı Aydın Məhəmmədovun kürəkəni olub. Sentyabrın 10-da “Olimpiya” kompleksinin yanından keçərkən Elgünün oğlu Kamranın həyəcanlı şəkildə qaçdığını görüb:
“Uşaq atasının kiminləsə dalaşdığını dedi. Kompleksin yanında olan əraziyə tərəf qaçırdı. O tərəfə baxanda 10-15 nəfərin yarımtikilinin yanında dayandığını görüb, ora yaxınlaşdım. Elgün hərəkətsiz, üzü yuxarı vəziyyətdə yerdə uzanmışdı. Sol əli ilə bilək nahiyəsindən sıxıb, nəbzini yoxladım. Nəbzinin 3-4 saniyədən sonra bir dəfə zəif atdığını hiss etdim. Toplaşan insanlar artıq tibbi yardım çağırdıqlarını bildirdilər. 2-3 dəqiqə sonra təcili yardım işçiləri gəldi və ilkin müayinədən sonra Elgünün artıq öldüyünü dedilər. Bundan sonra mən “102” xidmətinə zəng edib, hadisə barədə məlumat verdim”.
Elgünün meyiti
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Teymur İsmayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Azərbaycanda cüdoçu qadınlara sataşan sürücünü döyə-döyə öldürdü - "hamının ana-bacısı var"