Azərbaycan Prezidenti İlham Əliyev: Bizim “Azersky” və “Azerspace-1” peyklərimiz Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir

 11-10-2022

Yarım il bundan əvvəl biz Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışıq ki, bu da münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.

“Bu gün məmnunluqla bu Bəyannamənin necə icra olunduğunu qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən etdiklərimizin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadi qarşılıqlı fəaliyyətdən, nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətdən və təhsil sahəsi, yüksək texnologiyalar sahəsi ilə bağlı suallardan başlayaraq geniş məsələlər spektrini ətraflı müzakirə etdik”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Azərbaycan Prezidenti deyib ki, artıq Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir və bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müəyyən etmişik: 

"Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq."

Qardaş Qırğızıstan xalqını, eləcə də digər tərəfdaş ölkələri bu mühüm layihənin icrasına başlanması münasibətilə təbrik edən dövlətimizin başçısı deyib ki, nəqliyyat yoluna sahib olmaqla, Qırğızıstan hökuməti üçün prioritet sahələrdə investisiya siyasətini birgə həyata keçirməklə, bu gün Bişkekdə yarım il bundan əvvəl Bakıda imzalanan sənədlərə malik olmaqla, bəzi səbəblər üzündən əvvəlki illərdə əldən verdiklərimizin yerini qısa vaxt kəsiyində müəyyən dərəcədə doldururuq. Gələcək əməkdaşlığımızın başlıca istiqamətlərindən biri məhz konkret nəticələrə hədəflənməyimizdir.

“Biz Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı dəstəkləyirik. Xəzərin bizim tərəfində Avropa istehlakçılarına qədər dəmir yolu, avtomobil və hava yolu üzrə geniş nəqliyyat infrastrukturu var. Bu gün açıq dənizlərə çıxışa malik olmayaraq, Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsini yaradıb”.

Dövlətimizin başçısı qeyd edib ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta dəhlizin bir hissəsi olacaq. Bunun indi baş verməsi anlaşılandır. Lakin əsas odur ki, bizim regionda və Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr sinxronlaşdırılmalıdır.

“Biz Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırırıq. Prinsipcə, bu planlar əvvəldən mövcud idi, lakin biz buna uzaq perspektiv kimi baxırdıq. Lakin bu gün bəzi günlərdə limanda hətta tıxaclar da yaranır. Çünki yüklərin həcmi sürətlə artır. Burada rəqəm artıq səsləndirildi - 9 ay ərzində 60 faiz artım. Bu, yüklərin nəqlində əhəmiyyətli göstəricidir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

“Qırğızıstan-Azərbaycan dostluq parkının açılışı rəmzi məna daşıyır. Bizim ölkəmizə və xalqımıza belə münasibətə görə Qırğızıstan Prezidentinə bütün Azərbaycan xalqı adından minnətdarlıq ifadə etmək istəyirəm. Biz bu parkda, həmçinin Qırğızıstan Prezidentinin xəyallarını, onun şəhərsalma üzrə, Qırğızıstanın digər şəhər və kəndlərinin sakinləri üçün rahat, yaxşı şəraitin yaradılması üzrə planlarını görürük.

Bizim təkcə gündəlikdə duran ikitərəfli məsələləri deyil, həm də bütövlükdə daha geniş mənada planları ətraflı müzakirə etmək, gələcəyə baxışlar barədə danışmaq fürsətimiz oldu. Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılığı barədə dəqiq anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır, həmçinin Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər tutulur”, - deyə dövlətimizin başçısı bildirib.

Sabah Qırğızıstan Prezidenti Sadır Japararovla birlikdə Azərbaycan xalqının böyük oğulları Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan məktəblərdə keçiriləcək tədbirlərdə iştirak edəcəklərini qeyd edən Prezident İlham Əliyev deyib ki, Azərbaycanda görkəmli liderlərimizə, xadimlərimizə, onların xatirəsinə bu cür münasibət yüksək dəyərləndirir, bunu qardaşlığın təzahürü kimi qiymətləndirirlər.

Bənzər yazılar

0.23105001449585