Ermənistanda çevriliş cəhdi ilə bağlı Rusiya günahlandırılır

 25-06-2025

Rusiya Ermənistanda çevrilişə cəhd olmasına münasibət bildirib.

MilletinSesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin suallarını cavablandırıb.

Peskov açıqlamasında bunun Ermənistanın daxili işi olduğunu söyləyib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan feysbukda paylaşım edib. Paşinyan paylaşımına "Civic" nəşrinin məqaləsinin istinadını əlavə edib.

Məqalədə Ermənistan müxalifətinin ölkədə dövlət çevrilişi planlaşdırdığı və bu məqsədlə xüsusi plan hazırladığı bildirilir. Orada Ermənistanın keçmiş prezidentləri və Rusiya şirkətləri qeyd edilir.

"Çevriliş strategiyası" adlanan sənəddə bildirilir ki, planın icrasına iyulun 23-də başlanmalıdır. "İnsan resursları" bölməsində Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın, həmçinin "Vətən naminə Tavuş" hərəkatının lideri Baqrat Srbazan (Qalstanyan), bir müddət əvvəl həbs edilmiş milyarder Samvel Karapetyanın və "Çiçəklənən Ermənistan" partiyasının qurucusu Qaqik Tsarukyanın adı çəkilir.

Siyahıda, həmçinin "Qazprom Armeniya" şirkəti və "Rusiya Dəmir Yolları"na məxsus "Cənubi Qafqaz Dəmir Yolu" şirkəti də var.

Bundan başqa, Musavat.com xəbər verir ki, erməni Telegram kanallarında yayılan yeni fotoşəkildə müxalifətin kütləvi aksiyalar və mümkün çevriliş ssenarisi ilə bağlı təlimat sənədinin mətnləri əks olunub.

Sənədin ən diqqətçəkən hissəsi isə aşağıdakı cümlə ilə bağlıdır:

“Rusiya tərəfinin nümayəndələrinin iştirakı ilə bir neytral ölkədə bütün əsas aktorların toplantısını təşkil etmək lazım gələ bilər”.

Bu ifadə Ermənistan daxilindəki xaos planlarının arxasında xarici təsirlərin – xüsusilə Rusiyanın mümkün koordinasiya rolu haqda ciddi suallar doğurur. Qeyd edək ki, sənəddə “bütün əsas aktorların toplantısı” ifadəsi çevriliş planının sadəcə daxili mübarizə olmadığını, eyni zamanda beynəlxalq platformalarda koordinasiya cəhdlərini ehtiva etdiyini göstərir.

Sənəddə həmçinin etirazlarda “uşaq qalxan” taktikasından istifadə, “dini motivli” çağırışların səsləndirilməsi, və “son video bəyanatların strateji şəkildə yayılması” ilə bağlı təlimatlar da yer alır.

Ekspertlər bu faktları Ermənistanda sadəcə hökumətə qarşı etiraz yox, dərin strukturlaşmış, planlı və xaricdən yönləndirilmiş bir rejim dəyişiklik planı kimi qiymətləndirirlər.

Erməni kanallarında yayılan bu sənədlər artıq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin də diqqət mərkəzindədir. Prosesin hüquqi qiymətləndirilməsi və genişmiqyaslı istintaqın başlanması gözlənilir.


 

 

Bənzər yazılar

0.069647073745728