Bakının Suraxanı rayonunda 1978-ci il təvəllüdlü Şamxal şəxsi münasibətlər zəminində yeznəsi Elmarı (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 10-da Suraxanı rayonu Binə qəsəbəsində baş verib. Qəsəbə sakini Elmar yaşadığı evin həyətində Şamxal tərəfindən odlu silahla qətlə yetirilib.
İstintaq orqanı tərəfindən Şamxalın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun sədrliyi ilə araşdırılıb.
“Bacımı döyüb, təhqir edirdi”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şamxal elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Mətanətlə 2001-ci ildə ailə həyatı qurub, 16 yaşında Vəli adında bir oğlu, 18 yaşında Günel adında bir qızı var:
“Yaşadığım evin həyətində bacım Samirənin də evi var. Samirə övladları ilə birlikdə həmin həyətdə öz evində qalır. Digər bacım Səbinə isə ailəsi ilə birlikdə Binə qəsəbəsində yaşayır. Səbinə 1994-cü ildə Elmarla ailə həyatı qurub, dörd övladları var. Bacımın iki qızı ərdədir, oğlu Elçin evlidir, sonbeşik qızı isə valideynləri ilə yaşayır. Elmar bacımı demək olar ki, hər gün döyüb təhqir edirdi”.
“Səbir kasam doldu”
Şamxalın sözlərinə görə, hadisədən iki ay əvvəl Elmar hətta öz oğlu Elçini döydüyündən bacısı Səbinə qorxaraq ata evinə gəlib:
“Bundan başqa, Elmar Təhminə adında bir qadını saxlayırdı. O, bacımın qızıllarını əlindən zorla alaraq həmin qadına verib. Elmar həmin qadın üçün ev tikdirib, ona mahnı bəstələtdirib. Həmin mahnını utanmaz-utanmaz gətirərək bacım Səbinəyə də göstərib.
Elmar əvvəllər məhkum da olunub və bir sözlə, bacım Elmarın əlindən çox əzab çəkirdi. Bir qardaş kimi bunu özümə sığışdıra bilməmişəm, axır səbir kasam doldu”.
“Ürəyimdə kin qaldı”
Təqsirləndirilən şəxs deyib ki, dekabrın 10-da Elmar yenə evə gəlib və Səbinənin boynundakı qızıl boyunbağını istəyib:
“Bacım boyunbağını vermək istəmədiyi üçün Elmar onun alnına yumruq vuraraq boyunbağını alıb. Bundan sonra bacım Səbinə ağlayaraq “WhatsApp”da anama görüntülü zəng edib, olanları danışıb.
Həmin gün evdə olduğum üçün Səbinə ilə anamın danışığını eşitdim. Səbinənin oğlu Elçinin övladı doğulduğundan və xəstəxanadan uşağı evə gətirəcəkdilər deyə gözaydınlığı vermək üçün onlara getdim. Səbinə, oğlu Elçin, Səbinənin qayınanası Yasəmən, Səbinənin gəlini və yeni doğulmuş azyaşlı qızı də evdə idi.
Ayaqüstü gözaydınlığı verərək təxminən 10 dəqiqə onlarda dayandım, sonra evdən çıxdım. Darvazaya kimi Elçin və Səbinə məni ötürdülər. Darvazanın kandarında gözüm Səbinənin alnında olan şişə sataşdı. Şişin Elmarın vurduğu zərbənin yeri olub-olmadığını soruşdum.
Səbinə isə hər olan şeyə fikir verməməyi, boş şey olduğunu dedi. Bacımı bu halda görüb daha da qəhərləndim. Səbinəyə bir gün Elmarı öldürəcəyimi dedim. Səbinə isə dediklərimi ciddiyə almayaraq “boş şeydir, sağalar” dedi, məni yola saldı. Amma Elmara qarşı ürəyimdə kin qaldı”.
“Tüfəngi gizlətdim, evə girdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, mərhum bibisinin ərindən yadigar qalmış qoşalülə ov tüfəngini həmişə bacısı Samirənin yaşadığı evin zirzəmisində saxlayıb:
“Lakin Samirənin və onun ailə üzvlərinin zirzəmidəki tüfəngdən xəbərləri yox idi. Ümumiyyətlə, heç kim məndə tüfəng olduğunu bilmirdi.
Dekabrın 10-da saat 19 radələrində tüfəngi zirzəmidən götürdüm. İki yerə qatlayaraq gödəkcəmin altına qoydum və yenidən bacım Səbinənin evinə getdim.
Getməzdən əvvəl 1-2 dəfə Elçinə zəng etdim, atasının evdə olub-olmadığını, nə vaxt gələcəyini soruşdum. Elçin isə atasının evdə olmadığını, nə vaxt gələcəyini bilmədiyini söylədi. Ona başqa heç bir söz demədim.
Evdən çıxmazdan əvvəl tüfəngə yerləşdirmək üçün iki ədəd patron da götürdüm. Səbinənin evi ilə mənim yaşadığım ev arasında 500-600 metr məsafə olar. Hava qaranlıqlaşdı və Elmargilin küçəsində heç kim olmayan bir vaxtda tüfəngi küçədə gödəkcəmin altından çıxardım.
Sonra Elmargilin darvazasının qabağında dayandım və tüfəngi ona məxsus “İkarus” markalı avtobusun altında gizlətdim. Bacımgilin həyətinə daxil oldum, Elmarın evə gəlmədiyini öyrəndim. Səbinə özü, azyaşlı qızı, qayınanası, oğlu və onun arvadı Sahibə evdə idi”.
“Geri qayıtdım, “əl damı”nda gözlədim”
Şamxal deyib ki, bacısı və digər şəxslərlə hal-əhval tutub, söhbət edib:
“Onlara nə məqsədlə gəldiyim və ya tüfəngi özümlə gətirməyim barədə heç bir söz demədim. Yasəmən Elçinə yarıtəmirli qalmış evlərinə baxmağa getməyi təklif etdi. Bu səbəbdən Elçin nənəsi ilə evdən getməli oldu, mən də bacımla sağollaşıb, onlarla birlikdə darvazadan çıxdıq.
Yolda Elçinlə nənəsinin uzaqlaşdıqlarını görüb geri qayıtdım, tüfəngi avtobusun altından götürdüm və sakitcə həyətə daxil oldum. Elçingilin getməsinə tam əmin olmaq üçün həyətə girməzdən əvvəl ona zəng etdim, getdikləri ünvana çatıb-çatmadıqlarını soruşdum.
Darvaza qapısının həmişəki kimi açıq qaldığını bilərək sakit tərzdə həyətdə yerləşən “əl damı” deyilən yerə girdim. Orada Elmarın gəlməsini gözlədim. “Əl damı”nda tüfəngi saz vəziyyətə gətirdim. Elmarın evə gəlib-getdiyi vaxtları təxmini bildiyimdən cibimdən bir ədəd patron çıxardım, tüfəngin sağ lülə yuvasına yerləşdirərək gözlədim”.
“Nişan almadan atəş açdım”
Şamxal bildirib ki, “əl damı”nda gözləməyə başlayandan təxminən 5 dəqiqə sonra Elmar həyətə girib: “Elmar darvazadan həyətə girən kimi “əl damı”ndan əlimdə tüfənglə çıxdım, Elmarla üz-üzə dayandım. Aramızda təxminən 3 metr məsafə olardı.
Elmar məni görən kimi “nə axtarırsan burada?” deyə soruşdu. Cavabda “səni axtarıram, Səbinəyə deyirdin, qardaşlarının bazarda dəstəsi on qəpikdir. Kişi axtarırdın, çıxdım qabağına” dedim. Tüfənglə Elmarın sifət nahiyəsinə nişan almadan atəş açdım. Atəş Elmarın çənə altına tuş gəldi və o, arxası üstə yerə yıxıldı. Atəşdən sonra əlimdə tüfəng həyətdən qaçdım. Qaçarkən həyətdə və ya yolda məni heç kim görmədi”.
“Atasını öldürdüyümü dedim”
Təqsirləndirilən şəxs deyib ki, evə gələrək tüfəngi yenidən götürdüyü yerə qoyub, bir ədəd istifadə olunmamış patronu cibindən və bir ədəd istifadə olunmuş patronu isə tüfəngin lülə yuvasından çıxararaq həyətdə basdırdığı digər iki istifadə olunmamış patronun yanına qoyub:
“Bundan bir neçə dəqiqə sonra isə Elçingilin evə çatıb-çatmadığını maraqlanmaq üçün ona zəng etdim. Elçin yolda olduqlarını və evə qayıtdıqlarını bildirdi. Təxminən 10 dəqiqə sonra yenə Elçinə zəng edərək həyətə girəndə qorxmamasını, atasını öldürdüyümü dedim. Bir-iki dəqiqə sonra yenə Elçinə zəng edərək bu barədə heç kimə, o cümlədən polisə də heç bir söz deməməsini tapşırdım”.
Təqsirləndirilən şəxs bildirib ki, bundan yarım saat sonra atası və anası ilə birlikdə Səbinənin evinə gedib:
“Orada atam, Elçin və digər qohumlarla, həmçinin qonşularla birlikdə 30-cu polis şöbəsinə getdik. Şöbədə Elmarı kimin vurmasını müəyyən etmək üçün gətirilənləri bir-bir otağa salaraq sorğu-sual etdilər. Artıq dekabrın 11-nə keçən gecə əvvəl-axır işin üstünün açılacağını düşünərək polislər tərəfindən sorğu-sual edilən zaman Elmarı qətlə yetirdiyimi etiraf etdim”.
“Evimizin pəncərələrini sındırdı”
Cinayət işi üzrə ifadə verən zərərçəkmişin hüquqi varisi, anası Yasəmənin sözlərinə görə, oğlu Elmarla gəlini Səbinənin arasında əvvəllər hər ailədə olduğu kimi, yüngül narazılıqları olub, tez də barışıblar:
“Elmar hadisədən təqribən bir il əvvəl Təhminə adlı bir qadınla tanış olmuşdu. Təhminə Elmarın əlində olan bütün pullarını alıb, oğlumu pis vəziyyətə salmışdı. Elmar əlinə düşən pulları Təhminəyə verirdi. Hətta banka borca girərək Təhminə üçün ev də tikdirmişdi.
Təhminə ilə tanış olan gündən Elmarın Səbinə ilə arası soyumuşdu. Hətta Təhminə bir neçə dəfə yaşadığımız evə gələrək evin pəncərələrini, oğlumuz Elçinin maşınının şüşələrini qırmışdı. Elmar isə Təhminəyə güldən ağır söz demirdi”.
“Şübhəli hal hiss etmədim”
Yasəmən qeyd edib ki, dekabrın 10-da Elmar səhər evə gəlib:
“Lombarda qızıl qoyaraq pul götürəcəyini dedi, Səbinənin boynunda olan qızıl boyunbağını aldı və getdi. Onun Səbinəni vurmasını görməmişəm. Həmin gün Elçin dünyaya yeni gəlmiş ilk övladını səhər saatlarında xəstəxanadan çıxararaq evə gətirdi.
Axşam saat 18 radələrində gəlinim Səbinə, nəvəm Elçin, Elçinin arvadı, Səbinənin azyaşlı qızı ilə birlikdə evdə olduq. Həmçinin Səbinənin qardaşı Şamxal da bizə gəldi. Şamxal çay içirdi, söhbət etdi. Lakin onun hərəkətlərində heç bir şübhəli hal hiss etmədim”.
“Mənə inandırıcı gəlmədi”
Yasəmənin sözlərinə görə, hadisədən xeyli əvvəl oğlu Elmar özünün ailəli olan qızına yaxın ərazidə ev tikdirib, ev təmir ərəfəsində yarımçıq qalıb:
“Nəvəm Elçinə evin vəziyyəti ilə maraqlanmağı təklif etdim, birlikdə qapıdan çıxdıq. Şamxal da getmək üçün bizimlə birlikdə çıxdı. Təxminən yarım saat sonra evə qayıtdıq.
Biz hələ orada olarkən nəvəm siqaret alıb gələcəyini deyərək getdi və bir müddət sonra qayıtdı. Onun siqaret alıb-almadığını bilməmişəm. Elçinin siqaret adıyla gedərkən nədənsə ürəyim narahat oldu. Ürəyim titrədi, sanki nəsə olacağını hiss etdim. Yarımtikili evə baxıb qayıtdıqda Elçin həyət darvazasının qarşısında maşını saxladı, dostunun evlərinə qonaq çağırdığını dedi. Mən darvazanın ağzında maşından düşdüm. Nəvəm isə maşını sürərək getdi.
Darvazadan içəri girən kimi Elmarın həyətin ortasında qan içində gördüm. Qışqır-bağır salmağa başladım. Elmarın Elçindən başqa bütün ailə üzvləri, arvadı, qızı, gəlini evdə idi. Amma həyətə girəndə orada heç kimi görmədim. Yalnız həyətdə qışqır-bağır saldıqdan sonra Səbinə həyətə düşdü. Elmarın güllə ilə vurulduğu açıq-aşkar görünürdü. Güllə səsini evdəkilərin eşitməmələri, hadisəni bilməmələri və ya görməmələri mənə heç inandırıcı gəlmədi”.
“Oğlumu qətlə yetiriblər”
Zərərçəkmiş şəxsin hüquqi varisinin sözlərinə görə, oğlu Elmarı Şamxal tək qətlə yetirməyib və oğlunun vurulduğu silah həmin tüfəng olmayıb:
“Ana kimi oğlumun qətlə yetirilməsində Şamxaldan başqa gəlinim Səbinədən, Səbinənin anasından və atasından şübhələnirəm. Səbinənin anasının dilindən tez-tez “elə nə yaxşı ki, Şamxal Elmarı öldürdü, yoxsa Elmar nə vaxtsa bizi öldürəcəkdi” sözlərini eşitmişəm. O, həmişə Elmarın ölməsini arzulayıb. Gəlinim Səbinə də Elmara qarğışlar edib”.
Yasəmənin sözlərinə görə, hadisənin baş verdiyi evi Elmar sağlığında onun adından Səbinənin adına keçirib:
“Bankdan külli miqdarda pul götürüb və həmin ev hazırda da bankda girovda qalıb. Səbinə evi nə sata, nə də başqasının adına keçirə bilib. Bütün bunlara görə Elmarın ölümündə Səbinənin, onun ata-anasının bu qətldə əllərinin olmasından şübhələnirəm.
Mənə həmin gün evə baxmağa getməyi Səbinə məsləhət görüb. Bu, Səbinənin planı olub. Biz evdə olmayanda Şamxal gəlib və qətl plan başa çatdırılıb. Onların hamısının məsuliyyətə alınmalarını istəyirəm”.
Şamxal 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.