İctimai nəqliyyatın GEDİŞ HAQLARI BAHALAŞIR - SƏRNİŞİN: “Avtobusun qiymətini qaldırsınlar, gedək özümüzü asaq”

 29-09-2022

“Qoy qiyməti qaldırsınlar. Biz də işimizi bilək. Ya deyin: “ölün, kasıblar. Sizdən birdəfəlik canımız qurtarsın. Ya da çıxıb gedib başqa vilayətlərdə yaşayın”. Qapını açsınlar, biz də çıxaq gedək. Belə də güzəran olar? 5 qəpik olan avtobus indi olub 30 qəpik…”

İctimai nəqliyyatın gediş haqları bahalaşa bilər. 

Bakı şəhəri və ətraf qəsəbələrində sərnişindaşımanı həyata keçirən şirkətlər İqtisadiyyat Nazirliyinə gediş haqqının artırılması ilə bağlı yenə müraciət edib. Müraciətdə deyilir ki, şirkətlər hazırki qiymətlərlə maliyyə xərclərini qarşılaya bilmir. 

“Əslində, normal bazar iqtisadi münasibətləri olsaydı, onlar tarifləri artıracaqdılar. Amma bu tariflər dövlət tərəfindən tənzimlənir. Nəticə etibarilə onlar başqa yollara əl atmağa başladılar. Nəticədə insanların şikayəti qat-qat artmağa başlayır. Çünki avtobusların sayı azalır, qrafikə uyğun işləmirlər. Nəticə etibarilə tıxaclar da ciddi təsir edir”, – ekspertin sözləridir.

Hər gün ictimai nəqliyyatdan istifadə etməli olan sərnişin üçünsə qiymətin 30 qəpikdən yuxarı qalxması qəbuledilməzdir.

“Əgər qiymət qalxsa, mənim ödəməyə gücüm çatmayacaq. Məcburən ayaqla gedəcəyəm. 1 saat tez çıxıb ayaqla gedəcəyəm, gedib çata bilsəm. Başqa cür heç nə. Kimə nə deyə bilərik ki, səsimizi eşitsinlər?”- sərnişin deyir.

“Gün ərzində hardasa nəqliyyata 3 manat xərcləyirəm. Qalxsa, yəqin ki, bu 5-6 manat olacaq. Yəqin ki, sərf etməz. Tək mənə yox, heç kimə sərf etməz”, – deyə sərnişin şikayət edir.

“O zaman pensiyaları da, maaşları da qaldırsalar, daha yaxşı olar. Eybi yox, razıyam, qiymət qalxsın. Ancaq maaşla pensiyalar da qalxsın”, – nəvəsini məktəbdən götürən nənə danışır.

“Eləsinlər 1 manat, biz də bilək, gedək özümüzü asaq da. Görəsən asmaq üçün ipi özümüz götürək, ya dövlət verəcək bizə? Yoxsa inşaat dükanlarından alaq? Belə şey olar? Azərbaycanda həddindən artıq bahalıqdı”, – sərnişin qiymıt artımına etiraz edir.

“Aldığımız maaşı elə yola verəcəyik. Bu da pis yaşayışımıza səbəb olacaq. Onsuz pis durumda yaşayırıq, tamamilə çökəcəyik”, – avtobus gözləyən sərnişin bildirir.

Azərbaycan hökuməti ictimai nəqliyyat üçün şirkətlərə heç bir dotasiya, yəni, xərc və gəlirlər arasındakı fərqin kompensasiya edilməsi üçün maliyyə ayırmır. İctimai nəqliyyatın 81%-nə nəzarət edən özəl daşıyıcı şirkətlər gəlir və xərclərini özləri planlaşdırmalı olur. 

“Deyirlər, dizel yanacağı, benzin yenə də bahalaşacaq. Onunla bağlı maddi sıxıntılar ola bilər. Bütün ehtiyat hissələri bahalaşıb”, – sürücü deyir.

“Bazara getmirsən, çörək almırsan? Çörək qalxanda bizim maaş da qalxmalıdır da”, – başqa bir sürücü deyir.

İqtisadçı Toğrul Maşallı hesab edir ki, dövlət ictimai nəqliyyatın hər kəsə əlçatımlı olmasını təmin etməlidir. Bunun bir yolu da sərnişin daşıma şirkətlərinə dotasiya verməkdir.

“İctimai nəqliyyat sosial məsələdir. İnsanların A nöqtəsindən B nöqtəsinə çatmaq üçün istifadə etdiyi sosial hüquqlarından biridir. Hər bir insan maşın əldə edə bilməz. Nəzərə almaq lazımdır ki, kim maşın əldə edə bilmir – sosial həssas qruplar. O insanlar da işdən evə, evdən işə getməlidir. Dövlət bunu təmin etməlidir. Ən azı şirkətlərə kompensasiya ödəməlidir. Əslinə qalsa, bunun üçün o qədər də çox vəsait lazım deyil. Ortalama hesablasaq, söhbət heç bir halda 100 milyonlardan getmir”, – iqtisadçı deyir.

Özəl daşıyıcı şirkətlərin müraciəti ilə bağlı Tarif Şurası mediaya açıqlayıb ki, Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli üçün təkliflər hazırlamasını tapşırıb.

Bənzər yazılar

0.023936986923218