Dörd nəfərin ölümünə səbəb olan Məhərrəm Novruzovun kürəkəninə cəza istənildi

 05-03-2022

Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Kəlbəliyevin verilmiş ittihamla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Proses martın 15-də davam etdiriləcək.

Xatırladaq ki, ötən il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.

Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.

E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.

E.Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.

Bənzər yazılar

0.21248507499695