Son günlər mediada ABŞ-ın Ermənistana silah satacağına dair xəbərlər dolaşır. Qeyd olunur ki, buna nail olmaq üçün Amerikadakı erməni lobbisi xüsusi canfəşanlıq edir.
Bəs ABŞ-ın Ermənistanı silahlandırması nə dərəcədə realdır?
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, indiki vəziyyətdə bu, yalnız erməni lobbisinin xülyası ola bilər.
Millət vəkilinin sözlərinə görə, Cənubi Qafqazda yenidən müharibə ocağı yaratmaq ciddi problemlərə gətirib çıxara bilər:
"Azərbaycan və Türkiyə ABŞ-ın strateji müttəfiqidir. Eyni zamanda, Türkiyə NATO-nun üzvü, Azərbaycanla Şuşada imzalanan Bəyannaməyə əsasən, təhlükəsizlik qarantıdır. Bunu bütün dövlətlər, həmçinin Amerika da bilir. Ermənistan-Azərbaycan arasında gedən proseslər gərgindir. Baxmayaraq ki, Moskvada, Brüsseldə görüşlər olur, müəyyən razılığa gəlinir. Azərbaycan dövlət başçısı bütün danışıqlarda öz mövqeyini ortaya qoyur. Sülh sazişinin imzalanması, ərazilərin delimitasiya-demarkasiyası və Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə əlaqədar məsələləri gündəmə gətirir. Müəyyən razılıqlar əldə olunsa da, təəssüf ki, Paşinyan bunu pozur. Paşinyanın bu razılığı pozmasının əsas səbəbi məğlub olması və ölkəyə qayıdan kimi onun əleyhinə mitinqlərin başlamasıdır".
V.Əhmədov qeyd edib ki, Paşinyan son vaxtlar Rusiya-Ukrayna gərginliyindən istifadə etmək istəyir:
"Ermənistan hazırkı Rusiya-Ukrayna gərginliyinə görə üzünü Amerika tərəfə tutub. Fikirləşir ki, guya Amerikadan silah-sursat alacaq. Lakin bunların hamısı Ermənistanın yeni xülyasıdır. Çünki Amerika ilə Azərbaycan da strateji müttəfiqdir. Ölkə başçısı İlham Əliyevin ABŞ rəhbərliyi və dövlət katibi ilə mütəmadi təmasları var. Bu günlərdə Hikmət Hacıyevin ABŞ-da çox yüksək səviyyədə görüşləri olub. Həmçinin, Azərbaycan bu gün dünyada ən önəmli dövlətlərdən birinə çevrilib. Rusiyanın neft-qazla əlaqədar Avropaya embarqosu Azərbaycan neftinə və qazına diqqəti həddindən artıq çoxaldıb".
Millət vəkili bildirib ki, lazım olan anda Xankəndi, Xocalı, Ağdərə də işğaldan azad ediləcək:
"Vəziyyət kifayət qədər gərgin və çətin olsa da, Azərbaycanın imkanları genişdir. Düşünürəm ki, Azərbaycan indiki vəziyyətdən istifadə etməlidir. Lazım olan anda digər ərazilər - Xankəndi, Xocalı, Ağdərə də azad ediləcək. Bunun üçün vaxt yetişir. Əgər Ermənistan atəşkəsi pozsa, təxribatlara əl atsa, yəqin dövlət başçımız lazımı qərarlar qəbul edəcək. Azəbaycan xalqı dövlət başçısına inanır, onun arxasındadır. Digər tərəfdən, Türkiyə Qafqazda ən önəmli dövlətə çevrilib ki, bu da nəzərə alınmalıdır. Ermənistan məğlub dövlətdir və Azərbaycan qalib dövlət kimi öz şərtlərini irəli sürüb. Onlar gec-tez bu şərtləri qəbul edəcək. Əgər Ermənistan əlavə müharibə istəyirsə, yenidən məğlub olacağını bilməlidir".