Xəstə həkim ondan imtina etdiyi üçün ölüb?

 24-05-2025

Siyəzən rayon sakini atası Qabil Zeynalovun vəfatında Mərkəzi Klinikanın Kardiologiya Şöbəsinin müdiri, həkim‐kardioloqu Firdovsi İbrahimovu ittiham edir. 

“Qafqazinfo.az”a müraciət edən Mabəddin Zeynalov bildirib ki, 2‐ci qrup əlil olan atası aprelin 18-də vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına üz tutub.

Şikayətçinin sözlərinə görə, mərhum yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkib: 

“Həkimlərin baxışından sonra atama infarkt diaqnozu qoyulub, təcili yardımın köməyi ilə o, Mərkəzi Klinikaya təxliyə edilib. Mərkəzi Klinikada kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq Firdovsi İbrahimov atamı müayinə etdikdən sonra, onda ürək damarının tutulması aşkar edilərək damarına angioplastika yolu ilə stent qoyulduqdan sonra, təkrarən aprelin 26-da növbəti müayinədən keçməsini bildirib. Biz də həmin gün atamı yenidən gətirdik, lakin Mərkəzi Klinikada qeydiyyat şöbəsinə yaxınlaşan zaman oradakı əməkdaşlar qanunsuz olaraq pul köçürmələrini tələb etdilər, əks halda xəstəyə baxmayacaqlarını bildirdilər.

Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək bizdən pul köçürməyimizi tələb etdi. Nəzərinizə çatdırmaq istəyirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunda göstərilir ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlərin göstərilməsi, bu mümkün olmadığı təqdirdə vətəndaşa tibbi xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər”. 

M.Zeynalov deyir ki, daha sonra şöbə müdirinin otağına yaxınlaşaraq xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələr də, həkim və köməkçiləri onu tanımadıqlarını bildiriblər: “Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik. Ödənişləri etdikdən sonra xəstəni Firdovsi İbrahimovun qəbuluna keçirən zaman xəstəxananın mühafizə xidməti yaxınlaşaraq həkimin xəstəni qəbul etmək istəmədiyini bildirdi. Səbəb də o olub ki, guya biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Halbuki belə şey baş verməyib. Amma bütün bunlara baxmayaraq, həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə rəftar edərək müxtəlif əsassız bəhanələr gətirməklə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina edib”. 

Vətəndaş bundan sonra aidiyyəti üzrə müraciətlər edib: “Məsələ ilə bağlı aprelin 26-da Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyi və TƏBİB‐in qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq müraciət etmişik. Lakin onunla bağlı heç bir tədbir görülmədiyindən atam Qabil Zeynalov həmin hadisənin səhəri günü, yəni aprelin 27-də vəfat etdi”.

Bənzər yazılar

0.064949989318848