Gəncədə küçədə döyülən 18 yaşlı Elgün İbrahimov xəstəxanada vəfat edib.
O, 34 nömrəli məktəbin 11-ci sinif şagirdi olub.
Mərhumun atasının sözlərinə görə, Elgün döyülərkən tanınmaz hala salınıb:
"Axşam bacım zəng edib, ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım vəhşicəsinə döyülmüşdü, tanınmaz halda idi", - deyə o bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, mayın 13-də saat 00 radələrində, 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub:
"Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10-da pasiyentin ölüm faktı qeydə alınıb."
Faktla bağlı araşdırma aparılır. Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, mayın 12-də, 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxananın həyətində aldığı xəsarət nəticəsində bu gün müalicə olunduğu xəstəxanada vəfat etməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır.
Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa, Gəncədə 11-ci sinif şagirdi Elgün İbrahimovun ölümü ilə bağlı bəzi detallar məlum olub.
MillətinSəsi.İnfo Teleqraf-a istinadən xəbər verir ki, o, ağır vəziyyətdə gecə saatlarında Məmməd Xələfov küçəsi 115 ünvanında - Azərbaycan Texnologiya Universitetinə məxsus, hazırda tərk edilmiş yataqxananın həyətində tapılıb. Bildirilir ki, bu yataqxanada bir müddət əvvələdək məcburi köçkünlər məskunlaşıbmış.
Əraziyə yaxın olan peşə məktəbinin mühafizəçisi Elgünün inilti səslərini eşidərək, hüquq-mühafizə orqanlarına xəbər verib. Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb olunublar. Yeniyetmə Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılsa da, ertəsi gün səhər saatlarında vəfat edib.
İki qardaşdan böyüyü olan Elgün İbrahimov Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli orta məktəbin rus bölməsinin 11-ci sinfində oxuyurmuş.
Elgünün dayısı Rövşən Zeynalov bildirib ki, o, dərsdənkənar hazırlığa gedirmiş və hadisənin də həmin hazırlıqdan çıxandan sonra baş verdiyi ehtimal olunur:
"Uşağı görəndə tanımadım. Baş nahiyəsi tamamilə əzilib, gözünün biri yerində olmayıb. Bu vəhşilikdir. Biz bu vəhşiliyin kim və ya kimlər tərəfindən törədildiyini bilmək istəyirik. Bu bir nəfərin işi deyil. Uşağın ağciyərləri belə partlayıb. Tam məsuliyyətimlə deyirəm, heç kimlə işi olmayan, sakit, yalnız dərslə maraqlanan bir uşaq idi. Mayın 4-də rus bölməsi üzrə keçirilən imtahanda çox yüksək bal toplamışdı. Anası bu uğura görə bizə gözaydınlığı vermişdi".
Ətraflı Baku TV-nin süjetində: