Ölkəyə qızıl külçə keçirən gömrükçülər həbsdən buraxıldı

 25-06-2025

Dubaydan Azərbaycana qaçaqmal yolu ilə 190 min manatlıq qızıl keçirməkdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Bu iş üzrə üç nəfər - Dövlət Gömrük Komitəsinin əməkdaşları Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimov mühakimə edilib.

İstintaq materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər 190 min manatlıq 5 ədəd qızıl külçənin qaçaqmal yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçiriblər.

Təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb. Amma Aytən Əliyevanın sədrlik etdiyi hakimlər müttəhimlərin həbsdə qalmasına ehtiyac görməyib. Onlara münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhrumetmə) maddəsi təyin edilib. 

Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və Əli İbrahimov 10 ay sonra məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, İstintaqla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq maddi sübutlar aşkar edilərək götürülüb.

Toplanmış ilkin sübutlar əsasında Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Bənzər yazılar

0.073535919189453