Azərbaycan xalqının şanlı tarixinə düşmüş əlamətdar günlərdən biri də 26 İyun – Silahlı Qüvvələr Günüdür. Bu gün, Azərbaycanın hərbi qüdrətini, milli təhlükəsizlik və dövlətçiliyini qorumaq yolunda göstərilən şücaətin simvoluna çevrilmişdir.
Tarixə nəzər saldıqda, bu günün təsadüfi olaraq seçilmədiyini, xalqın və dövlətin yaddaşında dərin iz buraxan bir keçmişə söykəndiyini görürük.
Tarixi Zərurət və Milli Ordu Quruculuğu
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Milli Ordunun yaradılması qərara alındı. Bu qərar, cümhuriyyətin suverenliyini qorumaq, xalqın təhlükəsizliyini təmin etmək üçün atılan mühüm addımlardan biri idi. Həmin gün ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı.
Beləliklə, müasir Azərbaycan ordusunun əsası qoyuldu. 1918-ci ilin mürəkkəb şəraitində – daxili və xarici təhdidlərin bol olduğu bir dövrdə ordu yaratmaq böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Qısa müddətdə bu ordu Bakı uğrunda döyüşlərdə iştirak etdi, xalqı soyqırımlardan qorudu və dövlətin siyasi müstəqilliyini təmin edən əsas sütunlardan birinə çevrildi.
Azərbaycan Ordusu: Müasir Dövlətçilik və Güc Simvolu 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası da bu tarixi mirasa sahib çıxdı. 1992-ci il 9 oktyabr tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanun qəbul edilsə də, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə 26 iyun tarixi – Silahlı Qüvvələr Günü kimi təsis edildi. Bu, dövlətçilik tariximizə, ordu quruculuğuna verilən yüksək qiymətin göstəricisi idi.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü və müasir ordularından biridir. Ordumuz təkcə sayca deyil, həm də peşəkarlıq, texniki təchizat və döyüş hazırlığı baxımından beynəlxalq miqyasda nüfuz qazanmışdır.
44 Günlük Zəfər: Ordunun Güc və Şücaət Nümayişidir
Azərbaycan Silahlı Qüvvələrinin gücü 2020-ci ildə 44 günlük Vətən müharibəsində bir daha təsdiq olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Bu zəfər yalnız hərbi yox, həm də siyasi və mənəvi üstünlük idi.
Ordumuzun texniki hazırlığı, döyüş qabiliyyəti və əsgərlərimizin vətənpərvərliyi sayəsində bu qələbə mümkün oldu.Ordu və Cəmiyyət: Birlik və İnamla bağlıdır.
Azərbaycan cəmiyyətində orduya olan münasibət həmişə yüksək olub. Ordu xalqın inandığı, güvəndiyi və dəstək verdiyi bir qurumdur. Hər il 26 İyun tarixində keçirilən rəsmi tədbirlər, parada hazırlıqlar, şəhid ailələrinə göstərilən diqqət və qayğı bir daha sübut edir ki, Azərbaycan Ordusu yalnız silahlı qüvvə deyil – o, həm də milli birlik və qürur mənbəyidir.
Gələcəyə Doğru: Güclü Ordu, Güclü Dövlət
Bugünkü Azərbaycan Ordusu müasir döyüş strategiyalarını mənimsəyən, dünya standartlarına cavab verən və regionda sabitlik yaradan qüvvəyə çevrilmişdir. Müasir texnologiyalarla təchiz olunmuş ordu, xarici ölkələrlə hərbi əməkdaşlıq, zabitlərin beynəlxalq hazırlıq proqramlarında iştirakı kimi amillər Azərbaycanın hərbi gücünün durmadan artdığını göstərir.
Prezident İlham Əliyevin dediyi kimi: “Güclü ordumuz, güclü dövlətimizin qarantıdır”
26 İyun – Silahlı Qüvvələr Günü təkcə hərbi təqvimdə qeyd olunan bir tarix deyil, həm də xalqın, dövlətin və ordu quruculuğunun qürur günüdür. Bu günün mahiyyəti bizə vətənə xidmətin, dövlətə sədaqətin və milli ruhun nə qədər vacib olduğunu xatırladır. Azərbaycanın hər bir vətəndaşı bu gün orduya dəstək göstərməklə, onun daha da güclənməsinə töhfə verir.
Qoy Azərbaycan Ordusu daim güclü, qalib və xalqın dayağı olsun!
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!
Günel Hümmətova (Pəniyeva) Saleh
ADPU- nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi, f.ü.f.dok