Astara rayon Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbinin müəllimləri arasında qalmaqal yaşanıb.
Lent.az-a daxil olan şikayətə görə, tərəflərdən biri kənd mədəniyyət klubunun müdiri, eyni zamanda YAP-ın Asxanakəran kənd özəyinin sədri İbrahim Həsənzadədir.
İbrahim Həsənzadə həm də adı çəkilən məktəbdə müəllim kimi fəaliyyət göstərir.
İ.Həsənzadənin bildirib ki, Rizvan Qurbanov ona bilərəkdən şər atır:
“Direktor məni otağına çağırıb dedi ki, səndə olan 5 saatdan 2-ni Rizvan Qurbanova verim. Mən də razılıq verdim. Onun qardaşı şəhid olduğu üçün dedim ki, canımız şəhidlərə qurban. Mən ona müəllim yox, əmi demişəm. Atam da məktəbdə işləyir. Direktorun otağına gedib məzuniyyət üçün icazə alırdım. Çünki qardaşım əməliyyat olunmalı idi. 44 günlük Vətən Müharibəsində ağır zədə alıb.
Mənim bu dəqiqə 25 min manat borcum var. Şəhid ailələrinə kömək etmişəm. Biz Rizvan bəylə çox yaxşı danışıb sağollaşdıq. Sonra bilmirəm nə oldu. Özü bilərəkdən mənə şər atır. Bizi polisə verdi. Onlar şəhid, biz də qazi ailəsiyik. Heç bir günahımız yoxdur. Atamın təzyiqi qalxdı, bir tərəfi işləmir. Mən bilmirəm nə edim”.
Məktəbin ibtidai sinif müəllimi olan Rizvan Qurbanov isə deyib ki, direktor onun haqqı olan dərs saatlarını İbrahim müəllimə verir:
“Mən şəhid Qurbanov Sarvanın qardaşıyam. İbrahim Həsənzadə eyni vaxtda bir neçə yerdə işləyir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan müəllimdən boş olan 5 dərsi mənə verməsini xahiş etdim. Bu barədə direktora da məlumat verdim. O da dedi ki, həmin dərs saatlarını İbrahim müəllimə verəcək. Aradan bir saat keçdi, direktor məni yenidən kabinetə dəvət etdi. Otağa girdim ki, İbrahimin atası, özü və əmisi otaqdadır.
İbrahimin atası Ceyhun yaxamdan yapışıb dərsi götürməməyimi tələb etdi. Dedim ki, o saatlar şəhid qardaşı olduğum üçün mənə verilib. Hüquq mühafizə orqanlarının bu hadisədən xəbəri var.
Onlar şəhid qardaşıma qarşı təhqiredici sözlər işlətdilər. İbrahim mənə dedi ki, sənin şəhidin yaşasa idi, səndən pis olacaqdı. Dedi ki, sənin qardaşın sağ olsaydı, sənin kimi quyruqsuz it olacaqdı. Şəhidə qarşı belə ifadə etmək heç doğru deyil. Mən onların cəza çəkməsini istəyirəm”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, məsələ ilə bağlı polisə müraciət daxil olub:
“Həmin müəllimlərdən biri aralarında baş verən mübahisə zamanı digər tərəfin onu söyüb təhqir etməsi ilə bağlı polisə müraciət edib. İlkin izahatları alınıb və məsələ ilə bağlı araşdırma aparılır”.