Azərbaycanın Qarabağdakı tarixi ərazilərini geri qaytararaq böyük qələbə qazandığı İkinci Qarabağ müharibəsindən, təxminəm, iki il ötür. Amma iki il ərzində olduğu kimi, bu gün də Ermənistan tərəfi sərhəddə vəziyyəti gərginləşdirir və bunu yenidən genişmiqyaslı hərbi münaqişəyə çevirib.
“Report” ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ilə müsahibə edib.
Həmin müsahibəni təqdim edirik:
- Münaqişə zonasında mövcud vəziyyət və onun həlli yolları ilə bağlı ekspert rəyiniz necədir?
- Münaqişənin həlli yolu aydındır və bu, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin tərəfindən hüquqi baxımdan neytral razılaşdırılıb və üç liderin 2020-ci ilin noyabrındakı bəyanatı ilə müəyyənləşdirilib. Əlbəttə, bu o demək idi ki, Ermənistan bütün qoşunlarını Azərbaycan ərazisindən çıxarmalı və orada azı beş il ərzində qalacaq rusiyalı sülhməramlılar yerləşdirilməlidir. Bu isə öz növbəsində Zəngəzur və Laçın dəhlizi daxil olmaqla, yeni nəqliyyat dəhlizlərinin açılmasına gətirib çıxaracaq.
Bundan başqa, 2021-ci il yanvarın 11-də imzalanan neytral infrastruktur layihələri haqqında bəyanatla Ermənistan, Azərbaycan və Rusiya birlikdə nəqliyyat dəhlizlərini yenidən qurmaq öhdəliyini götürüblər. Buna görə də Ermənistan bu müqavilələrə əməl etməyə borcludur.
Hesab edirəm ki, baş nazir Paşinyan imzaladığı bəyanatlarla öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istərdi, lakin bu ölkədəki siyasi müxalifət bu bəyanatların alçaldıcı olduğunu hesab edir və onları ləğv etməyə çalışır. Onların bu addımları ədalətsiz və qanunsuzdur. Onlar, yəni Ermənistanın baş nazirinin rəqibləri Azərbaycanla münaqişənin davam etməsində maraqlıdırlar, çünki bunun Paşinyanın mövqeyini zəiflədəcəyini düşünürlər. Fikrimcə, müxalifət Ermənistanı Azərbaycanla növbəti müharibəyə sürükləməmək üçün ağıllı davranmalıdır, çünki Azərbaycan İkinci Qarabağ müharibəsində artıq Ermənistan silahlı qüvvələrini məhv edib. Bu isə Ermənistanın yenidən döyüşmək iqtidarında olmaması deməkdir.
Paşinyanın rəqiblərinin sadaladığım öhdəliklərə, həmçinin Ermənistan və Azərbaycan arasında beynəlxalq sərhədin demarkasiyası ilə bağlı həm baş nazir Paşinyan, həm də Prezident Əliyevin sonrakı şifahi öhdəliklərinə qarşı çıxmaları yekun sülh müqaviləsinin imzalanmasını çətinləşdirir. Ermənistan müxalifəti hesab edir ki, iki ölkə arasında münaqişənin davam etməsi onların yenidən siyasi hakimiyyəti ələ keçirmələrinə yardım göstərəcək, çünki hələ də “Böyük Ermənistan” və Ermənistanın döyüş meydanında məğlub ola bilməyəcəyi mifinə inanan ermənilərin sayı çoxdur. Buna görə də indiki reallığı əks etdirən yeni mif hazırlamaq onlar üçün çətin olacaq.
Beləliklə, bütün bunlara əsasən hesab edirəm ki, biz münaqişənin davam etdiyinin şahidiyik, çünki Paşinyanın siyasi rəqibləri yeni reallığı rədd edirlər. Paşinyanın erməni rəqiblərinin məqsədini göstərən daha bir məqam Qarabağın hüquqi statusunun mümkün dəyişdirilməsi məsələsini danışıqların gündəliyinə qaytarmaqdır.
Hesab edirəm ki, Fransa da bu ideyanı dəstəkləyib. Aydındır ki, Azərbaycan bu ehtimalı qəti surətdə rədd edir. Rəsmi Bakı hesab edir ki, keçmişdə Qarabağın hüquqi statusunda mümkün dəyişiklik xüsusən əsas prinsiplər adlanan müddəalar və Madrid sənədi kontekstində nəzərdən keçirilirdi. Lakin Ermənistan Madrid sənədinin bütün bu strukturundan imtina edib. Bununla o, həm də Qarabağın hüquqi statusunun neytral danışıqlar yolu ilə dəyişdirilməsi şansından da imtina edib. Bu isə Ermənistanın sonda məğlub olduğu müharibəyə gətirib çıxarıb. Bununla da Ermənistan bu məsələdə bütün şanslarını itirib.
- ABŞ uzun müddət Qarabağ münaqişəsinin həlli məsələsində “sükut” nümayiş etdirirdi, hətta “erməni soyqırımı”nı belə, tanımırdı. Konqresi 2019-cu ildə ABŞ və Türkiyə arasındakı münasibətlərə zidd olan “erməni soyqırımı” qətnaməsini qəbul etməyə, həmçinin ABŞ dövlət iyerarxiyasında üçüncü şəxs hesab olunan ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bir neçə gün əvvəl Ermənistana səfər etməsinə sövq edən nə oldu?
- Hesab edirəm ki, ABŞ Konqresini 2019-cu ildə “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməyə, eləcə də spiker Pelosini Ermənistana səfər etməyə vadar edən səbəblər ABŞ-ın daxili siyasətinin tərkib hissəsidir. Əvvəla, ABŞ-dakı erməni diasporu Kaliforniya ştatında çox böyük siyasi nüfuza malikdir, Nensi Pelosi isə Kaliforniya ştatının bir hissəsini təmsil edir. Konqres çərçivəsində onun köməyi ilə ABŞ-dakı erməni diasporu erməniləri Osmanlı İmperiyası türklərinin, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın qurbanları kimi təqdim edirdi. Onlar nə Azərbaycan, nə də türk diasporunun müqaviməti ilə üzləşirlər. Buna görə də ABŞ-dakı erməni diasporu güclü arqumentlər, təkliflər irəli sürür, siyasi kampaniyalara vəsait sərf edir ki, heç kim onlara qarşı çıxa bilməsin. ABŞ-dakı erməni icması Konqres üzvlərini anti-Türkiyə və anti-Azərbaycan mövqe tutmağa sövq edir.
İkinci məqam isə odur ki, Türkiyənin 2019-cu ildə Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini almaq qərarına gəlməsi bir çox hərbi lider və ekspertlər, eləcə də ABŞ-ın milli təhlükəsizlik ekspertləri tərəfindən müsbət qarşılanmayıb. Bu amil erməni lobbisinə Konqres üzvlərini “soyqırımı” ilə bağlı qətnamənin qəbuluna daha çox sövq etmək imkanı verdi. Bu, Türkiyənin xoşuna gəlmədi, amma bunun ABŞ-Türkiyə münasibətlərinə təsir etdiyini düşünmürəm. Bizi əsasən ABŞ prezidentinin “erməni soyqırımı” ifadəsini işlədib-işlətməməsi maraqlandırır. Prezident Tramp o vaxt bunu etmədi, lakin bu yaxınlarda Prezident Bayden etdi. Türkiyə hökuməti və Prezident Ərdoğan Baydenin sözlərini qəbul etmədilər. Nəticədə biz Konqres üzvlərinin, xüsusən də Kaliforniyadan olan üzvlərin ABŞ-dakı erməni icmasının rəğbətini qazanmağa çalışdıqlarının şahidi oluruq. Bu, xüsusən də indi, Konqresə aralıq seçkilərə iki aydan az vaxt qaldığı bir zamanda aktualdır. Bu, Nensi Pelosinin İrəvana səfərini tam izah edir.
ABŞ Konqresinin müstəqil, icra hakimiyyətindən ayrı olduğunu da unutmamalıyıq. İcra hakimiyyətinə ABŞ-ın xarici siyasətini formalaşdıran və həyata keçirən prezident rəhbərlik edir. Konqres xarici siyasətə təsir göstərməyə çalışır, lakin bunu edə bilmir. Ermənistana ABŞ hökumətinin icra hakimiyyətinə bərabər olan, ayrıca və müstəqil bir qolunun rəhbəri və ya lideri kimi səfər etmiş spiker Pelosinin siyasəti heç də ölkənin icra hakimiyyətinin ümumi mövqeyini əks etdirmir. O, prezidentin və ya üzvü olduğu siyasi partiyanın rəhbərinin istəyindən asılı olmayaraq, istədiyi yerə səfər etmək hüququna malikdir.
Onun Ermənistana səfər etməsinə gəlincə, görünür, Prezident Bayden və Dövlət katibi Blinken bundan məmnun qalmayıblar, çünki elə dünən Nyu-Yorkda Blinken Azərbaycanın xarici işlər naziri Bayramovu və Ermənistanın xarici işlər naziri Mirzoyanı qəbul edib, vəziyyəti nizamlamağa çağırıb. ABŞ Azərbaycanın həll edilmiş hesab etdiyi vəziyyəti sakitləşdirməyə çalışır. Digər tərəfdən, Pelosi bir tərəfi - təcavüzkarı (Ermənistanı) dəstəkləmək qərarına gəlib, bu isə açıq şəkildə Prezident Baydenin və onun rəhbərlik etdiyi icra hakimiyyətinin siyasətinə uyğun deyil.
- Xanım Pelosinin hərəkətlərindən danışarkən qeyd etmək lazımdır ki, bu, onun kəskin hərəkət etdiyi ilk hal deyil. Məsələn, o, bu ilin avqust ayında Tayvana səfər etdi. Bu səfər Tayvanı öz ərazisinin bir hissəsi hesab edən Çinin kəskin reaksiyasına və bölgədəki gərginliyin artmasına səbəb oldu. Pekin Vaşinqtonda dəfələrlə xəbərdarlıq edib ki, səfər baş tutsa, bu, nəticəsiz qalmayacaq və Çin ciddi və həlledici tədbirlər görəcək. Bu hərəkətləri necə qiymətləndirirsiniz?
- Nensi Pelosi avqust ayında Tayvana səfər etdi və bu, onun İrəvana səfərinə bənzəyir. Bu, onun münaqişə tərəfləri arasında vasitəçi kimi çıxış edərək həll yolu tapmağa çalışmadığını, tərəflərdən birinə dəstəyini göstərir. Amma Tayvanla bağlı vəziyyətdə ABŞ siyasətinin Prezident Bayden tərəfindən tənzimləndiyi və onun birmənalı şəkildə Tayvanın yanında, Çinə qarşı olduğu aydındır. Bu, Ermənistan və Azərbaycan ilə bağlı vəziyyətdən köklü şəkildə fərqlənir. Çünki ABŞ-ın siyasəti tərəflərdən hansınasa üstünlük verməyə yox, onlara gərginliyi azaltmaqda və davamlı sülhün əldə edilməsində yardımçı olmağa yönəlib. Bununla belə, Tayvanla bağlı vəziyyətdə, Ermənistanla bağlı durumda olduğu kimi, Pelosi müstəqil siyasətçi kimi çıxış edib. Ermənistanla bağlı vəziyyətdə olduğu kimi, Tayvan ilə bağlı durumda da Prezident Bayden Pelosinin Tayvana getməsini və ABŞ ilə Çin arasında gərginlik yaratmasını istəmirdi, sadəcə, onun istədiyini etmək hüququ var və o, bundan istifadə etdi.
Çinin təhdidlərinə gəlincə, o, Tayvan ilə sərhəd xətti boyunca, başqa sözlə, Tayvan ətrafında suda və havada bir neçə misli görünməmiş kütləvi hərbi təlimlər keçirdi və ABŞ-ın Tayvana daha böyük dəstəyi halında reaksiya göstərəcəklərinə dair siqnal göndərdi. Ancaq ABŞ-ın Çinin bu təzyiqinə reaksiyası, Çin Tayvana ordu yönəldərsə, ABŞ-ın Tayvanı hərbi metodlarla qoruyacağını bildirən Prezident Baydenin reaksiyasından fərqlənir. Bu, olduqca güclü açıqlamadır, buna görə Çin Pelosinin səfərindən sonra ABŞ ilə münasibətlərdə gərginliyi artırmadı.
- Təəssüf ki, bu gün Ermənistanın terror aksiyaları təkcə münaqişə zonasında deyil, həm də iki ölkədən kənarda, müxtəlif şəhərlərdə baş verir. Bir çox ölkələrdə əllərində Ermənistan bayraqları olan insanlar Azərbaycan səfirliklərinə hücumlar təşkil edirlər və bu, vətəndaşlarımızın həyatını birbaşa təhlükə altında qoyur. Siz daha əvvəl ABŞ-ın ölkəmizdəki səfiri vəzifəsini tutmusunuz, zəhmət olmasa, deyərdiniz, səfirliyin olduğu ölkə digər ölkələrin nümayəndələrini necə qorumalıdır?
- Diplomatik Münasibətlər haqqındakı Vyana Konvensiyasına əsasən, xarici səfirliklərin yerləşdiyi ölkə bu səfirliklərin hücumlardan qorunmasına görə məsuliyyət daşıyır. Azərbaycanın səfirliklərinə hücumlar ilə bağlı hallarda, istər Böyük Britaniyada, istərsə də ABŞ-da, “ev sahibləri” üzərlərinə düşən işi gördülər. Hücumlar zamanı səfirlikdə olanlara heç bir zərər vurulmadı. Təcavüzkarlara səfirliyin ərazisinə daxil olmağa belə, icazə verilmədi. Beləliklə, bu, Böyük Britaniya və ya ABŞ hökumətinin etməli olduğu şeydir. Bu hökumətlərə qarşı əminsizlik insanların bu səfirliklərə Ermənistanı dəstəkləmək üçün və ya başqa bir səbəbə görə hücum barədə qərar qəbul etməsinə mane ola bilməz.
Bu arada, Azərbaycanda işlədiyim zaman ABŞ missiyamızın təhlükəsizliyini təmin etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirmək istərdim. O dövrdə bir sıra inanılmaz terror təhdidləri ilə üzləşdik və birlikdə işləyərək bu təhdidləri zərərsizləşdirə və bütün səfirliyi və ailəmi mümkün zərərdən qoruya bildik. Bu, Azərbaycan hökumətinin öhdəliyi idi və onlar böyük iş gördülər. Böyük Britaniya və ABŞ hökumətinin də Azərbaycanın diplomatik nümayəndəliklərini qorumaq üçün belə çalışmağa davam edəcəyini gözləyə bilərəm. İstərdim ki, qəzəblərini Azərbaycana tökən insanlar bunu Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum edərək həyata keçirməsinlər, lakin dediyim kimi, onların zorakılıqla yox, dinc şəkildə etiraz etmək hüququ var.