Ermənistanın Azərbaycana törətdiyi qanalı cinayətlər arasında Xocalı soyqırımı xüsusi amansızlığı ilə seçilir. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin acı nümunəsidir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir.
Bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dinc əhalinin kütləvi qətliama məruz qoyan ermənilərin məqsədi bir rayonun əhalisi tamamilə yer üzündən silmək idi.
Onların insanlıq əleyhinə törətdikləri bu cinayəti yalnız dünya tarixində dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Holokost və Ruanda kimi faciələrlə müqayisə etmək olar.
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin hələ də taleyi məlum deyil. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissi ilə qeyd etmək lazımdır.
Məhz fondungərgin fəaliyyəti nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir.
Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır.
Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.
Xocalı şəhidlərinin qisasını 28 il sonra döyüş meydanında aldıq. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan
torpaqlarımızı geri qaytardı.
Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladlarıda vardı. 44 günlük Vətən müharibəsində döyüşə atılan gənclərin böyük əksəriyyəti 1992-ci ildə heç anadan olmamış, Xocalı faciəsi haqqında müxtəlif mənbələrdən məlumat almışdılar.
Onları silaha sarılaraq döyüş meydanına çəkən qüvvə məhz ermənilərin Xocalıda amansızcasına qətlə yetirdikləri uşaqların, qadınların, qocaların ruhu idi. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
Sahilə Rafiq qızı İbrahimova
ADPU-nun Filologiya fakültəsi, Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru