"Ötən il ilk dəfə dövlət tərəfindən verilişlərin kontent sifarişi reallaşdırılıb. Həmin layihə əsasında kanallarda verilişlər hazırlanıb".
MillətinSəsi.info xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün keçirilən mətbuat konfransında deyib.
"İstəyərdik ki, bu, gələcəkdə seriallara da aid edilsin. Son zamanlar özümüzdə bəzi seriallar çəkilir və maraqla qarşılanır, baxılır. Çox istərdim ki, Azərbaycanın hansısa serialı xaricdə nümayiş olunsun", - deyə o qeyd edib.
Audiovizual Şuranın sədri İsmət Səttarov televiziya kanallarında ailə-məişət mövzusunda yayımlanan verilişlərin dayandırılmasının nəzərdə tutulması barədə sualı cavablandırarkən deyib ki, "Media haqqında" Qanun pozulmadığı halda Audiovizual Şura hansısa kanala məhdudiyyət və ya nədəsə qadağa qoymağı planlaşdırmır.
Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib ki, son beş ildə radiostansiyaların sayı iki dəfə artıb. O bildirib ki, yeni iki stansiya açılıb və onlardan biri sırf elmi, maarifləndirmə janrında fəaliyyət göstərir: "Bəzi ölkələrdə sosial şəbəkələrin fəaliyyətində hüquqi tənzimləmələr həyata keçirilməyə başlanılıb, lakin bizdə vəziyyət fərqlidir".
O bildirib ki, Audiovizual Şuranın sosial şəbəkədə zərərli materialların qarşısını almaqla bağlı səlahiyyəti yoxdur: "Bununla bağlı bizim nə texniki, nə də hüquqi imkanımız var".
Şura sədri deyib ki, burada əsas məsuliyyət valideynlərin üzərinə düşür: "Yerli cizgi filmlərinin, animasiyaların istehsalı ilə bağlı problemlər var. Dünyanın heç bir yerində televiziya kanalları özləri cizgi filmi çəkmirlər, bu, müstəqil prodakşınların işidir".
O qeyd edib ki, bir sıra kanallar ixtisaslaşmış olduğu üçün onların qarşısında uşaq proqramları ilə bağlı tələb qoymaq olmur.
İ.Səttarov, həmçinin deyib ki, Azərbaycanda bir uşaq kanalı fəaliyyət göstərir: "O da geniş imkanlara malik deyil. Kanal Xaçmazda yerləşir, peyk vasitəsilə ölkəyə yayımlanır. Bu kanalın fəaliyyəti nəticəsində uşaqların cizgi filmlərini izləmək imkanı olur".
İ.Səttarov İctimai Televiziyanın qanunla uşaq verilişlərinə vaxt ayırmaqla bağlı öhdəliyinin olduğunu qeyd edib: "Digər kanallarda uşaq kontingenti ilə bağlı vəziyyət o qədər qənaətbəxş deyil. Bu məsələdə kanallara hansısa məcburiyyət qoymaq da doğru deyil. Bununla yanaşı, uşaq verilişlərinin yayımında diqqətli olmaq lazımdır ki, yayımlanan cizgi filmləri onlara zərər verməsin".