Bir müddət əvvəl Baş Prokurorluq tərəfindən saxlanılan, barəsində həbs qərarı çıxarılmış, tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib.
MillətinSəsi.İnfo xəbər verir ki, Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, hərbi ekspertə qarşı irəli sürülmüş 308-ci maddə (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub.
Onun işi yalnız 284.1-ci maddə ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.
Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov təsdiqləyib.
Oxu.Az-a açıqlamasında hüquqşünas Emil Aslanov deyib ki, dövlət sirrini yayma, yəni vəzifəsinə uyğun olaraq etibar edilmiş məlumatların yayılmasına görə cinayət tərkibi yaranır.
"Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar ona və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən, qulluq mənafeyindən qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda Cinayət Məcəlləsindəki 308-ci maddənin tərkibi yaranır. 308-ci maddənin ikinci hissəsində isə yazılır ki, qeyd olunan əməllər ağır nəticələrə səbəb olduqda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
E.Aslanov bildirib ki, Cinayət Məcəlləsinin 284-cü maddəsi dövlət sirrini yayma maddəsidir.
"284.1-ci maddədə göstərilir ki, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
284.2-ci maddədə isə qeyd olunur ki, eyni əməllər ağır nəticələrə səbəb olduqda, şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır", - deyə hüquqşünas bildirib.