Ölkədə ət və ət məhsullarının bahalaşması müşahidə edilir.
Ətin qiymətinə təsir edən amillər hansılardır?
Bu barədə TNS-ə danışan ekspert Pərviz Heydərov bildirib ki, 2024-cü ildə əvvəlki illə müqayisədə ölkəyə ət idxalı dəyər ifadəsi ilə 42 milyon 817 min dollar və ya 49,4%, miqdar ifadəsilə isə 16 min 982 ton və ya 40,7% artıq olub.
Bunun mənfi tendensiya olduğunu qeyd edən ekspert ölkəmizin özünü ətlə təmin edə bilməməsinin səbəblərini açıqlayıb: “Dövlətimiz tərəfindən aqrar sektor bu qədər dəstək gördüyü və subsidiyalaşdırıldığı halda, xüsusən heyvandarlıq sahəsinin idxaldan asılılığının artmasının səbəbləri var. Ölkədə heyvandarlıq sahəsinin vəziyyəti yaxşı deyil.
İllər öncə, biz əsas ərzaq məhsulları sırasında ət ilə özümüzü 90-95% təmin edirdik. Bu, torpaq islahatıları aparıldıqdan sonrakı dövrə də aid idi. Lakin sonradan örüş yerləri azaldı, yem problemə çevrildi və s.
Kənd təsərrüfatı sahəsində xüsusən heyvandarlıq təcili şəkildə bərpa olunmalıdır.
Hər hansı bir məhsulun idxalı artırsa, qiymət istər-istəməz kənar amillərin təsirləri altına düşür. Yerli heyvandarlıq məhsullarımıza tələb əslində daha yüksəkdir. Lakin yerli istehsal azalıb idxal genişlənirsə, alıcılar keyfiyyətə üstün verdikləri üçün yerli ətin qiyməti idxalın müqabilində getdikcə daha çox qalxır. Nəticədə isə bazarda tarazlıq pozulur və qiymət amili də tələb və təklif nisbətindən kənara çıxır. Odur ki, yerli istehsal və tədarük azaldıqca qiymətlər də qalxmaqda davam edəcək”.