Nazirlər Kabineti “Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması Qaydası”nı təsdiqləyib.
MillətinSəsi.İnfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda “Aviasiya haqqında” qanunun 29.5-ci maddəsinə uyğun olaraq hazırlanıb və digər dövlətdə yerləşən aviasiya personalının, habelə aviasiya personalının şəhadətnamə, vəsiqə və sertifikatlarını almaq istəyən namizədlərin və tələbələrin hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması ilə bağlı tələbləri müəyyən edir.
Qayda ilə tənzimlənməyən məsələlər “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiya və həmin Konvensiyaya 1 saylı Əlavə - “Aviasiya personalının sertifikatlaşdırılması” Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi, o cümlədən “Doc 9841, təlim təşkilatlarının təsdiqi haqqında Təlimat” nəzərə alınmaqla həyata keçirilir.
Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədristəlim mərkəzlərinin tanınması həmin xarici təlim təşkilatlarının birbaşa müraciəti və ya bu Qaydaya nəzərdə tutulmuş müqavilə əsasında həyata keçirilir.
Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.
Qaydada istifadə olunan anlayışlar adı çəkilən qanun, digər normativ hüquqi aktlar və mülki aviasiya sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş mənaları ifadə edir.