Qüdrət Həsənquliyev: "Suriya federallaşır, Ukrayna isə bölünür - Razılıq sezilirdi"

 09-12-2024

"Suriyanın ərazi bütövlüyünü və unitar dövlət modelini qoruyub saxlamaq çətin ki, mümkün olsun. Yaxşı halda Suriya federallaşacaq".

Ölkə.Az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Suriyadakı prosesləri şərh edərkən deyib. 

Deputatın fikrincə, Əsəd rejiminin devrilməsi regionda marağı olan dövlətlərin hamısının mənafelərinə cavab verir.

"Onlar arasında öncədən hansısa razılaşmaların əldə olunması da açıq-aydın sezilirdi. Ukraynada ağır müharibə aparan Rusiyanın Suriyada iki hərbi baza saxlaması, onun imkanları xaricində idi. Rusiya indi həm maliyyə vəsaitlərinə qənaət edəcək, həm də Suriyadakı hərbi hissələri Ukraynada müharibəyə cəlb edəcək. İranın da neft gəlirlərinin azalması perspektivində iqtisadi durumu və maliyyə imkanları yol vermir ki, proksi qüvvələr və dövlətlər saxlasın. Xüsusilə də həmin qüvvələrin İsrail tərəfindən darmadağın edilməsindən sonra onlara maliyyə ayırmağın faydası qalmayıb.

İran çalışır ki, Qərblə münasibətləri yumşaldıb müharibədən yayınsın və Qərbin ona tətbiq etdiyi sanksiyaları aradan qaldırsın. İsrail də Suriyada rejimin çöküşü, İranın bölgədən uzaqlaşması, öz problemləri ilə məşğul olması ilə xeyli dərəcədə rahat nəfəs alacaq. Qardaş Türkiyə də bölgədə nüfuzunu artırmaqla yanaşı, 3 milyondan artıq suriyalı qaçqını geri qaytaracaq, həm də öz sərhədlərinin təhlükəsizliyini təmin etmiş olacaq. ABŞ isə regionda iştirakını və mövcudluğunu qoruyub saxlamaq üçün, İraqdakı kimi, kürdlərin muxtariyyət almasına çalışacaq. Suriya xalqının hansısa azadlıqlar, əmin-amanlıq və rifah əldə edib-etməməsini isə yaxın zamanlarda biləcəyik", - o qeyd edib.

Ukraynadakı vəziyyəti şərh edən deputat bildirib ki, Tramp güclü liderlərə və böyük dövlətlərə hörmət edir, dünyanı onlarla nüfuz dairələrinə bölməyə hazırdı: "Ona görə o, vəzifələrinin icrasına başlayan kimi Ukraynanı alçaldıcı sülhə, əslində kapitulyasiyaya məcbur edəcək. Putin də, Tramp öz xalqı qarşısında sifətini qoruyub saxlaya bilsin deyə, özünü elə aparacaq ki, guya o da əvvəlki tələblərindən haradasa güzəştə getdi. Böyük ehtimalla Ukrayna Rusiya ilə Qərb arasında bölünəcək. Təəssüf ki, Zelenskinin və Ukrayna xalqının edə biləcəyi çox az şey qalıb".

 

 

Bənzər yazılar

0.108402967453