Hesab oyuna görə olmadı.
"Ölkə.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Fransanın "Lion" komandasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
"Azakeşlərimizə təşəkkür edirəm. Soyuq havada komandamıza dəstək oldular. Oyuna gəlincə, hesab üzücü oldu. Futbol bu cür səhvləri bağışlamır. Xüsusi ilə ikinci qol zamanı Kevin Medinadan bu cür səhv gözləmirdik. Buraxılan qola görə Medinaya hər hansısa iradım yoxdu. Çünki texniki səhv idi. Həqiqətən futbolçularımdan razı qaldım. Çünki hər iki hissədə qol imkanlarımız oldu. Hesab oyuna görə olmadı".
O, rəqib komandanın hücumçularının ustalıq səviyyəsinin yüksək olduğunu deyib:
"Lion" həqiqətən yaxşı futbolçulardan təşkil olunub. Hücumçuları hər zaman eyni tempdə çıxış edirlər. Tam olaraq bəxtimiz gətirmədi demək istəmirəm".
Q.Qurbanov pley-off mərhələsinə yüksəlmək şanslarının qaldığını söyləyib:
"Etiraf etməliyik ki, rəqiblərimiz bizimlə oyunlara çox ciddi yanaşırlar. Avropa futbolu günü-gündən inkişaf edir. Lakin biz öz mübarizəmizi aparırıq. Qarşıda bizi daha 3 oyun gözləyir. Düşünürəm ki, niyə də uğur qazanmayaq. Sona qədər mübarizə aparacağıq",
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” evdə "Lion"a 1:4 hesabı ilə məğlub olub.